Münhen konfransı Qarabağ problemini gündəmə gətirdi

Musa Qasımlı: “Ölkə başçısının konfransda iştirakı onu göstərir ki, Azərbaycan Respublikası ümumi Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır”
Qabil Hüseynli: “Bundan sonra Qərb əsas diqqəti Abxaziya və Cənubi Osetiya, Dnestryanı və Cənubi Qafqazda ən qədim münaqişə olan Dağlıq Qarabağa yönəldəcək”


Azərbaycan Prezidenti İlham Əliyevin 51-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Avropada böyük rezonans doğurub. "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda təşkil olunmuş paneldə iştirak edən dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, təcavüzkar Ermənistan dövlətini ifşa edib. Prezident vurğulayıb ki, Ermənistan tərəfi qoşunların təmas xəttində mütəmadi olaraq atəşkəs rejimini pozsa da, hər dəfə Azərbaycanı günahlandırır. Bunun ermənilərə məxsus taktika olduğunu deyən ölkə rəhbəri sərt şəkildə ermənilərə xəbərdarlıq edib:

"Ermənistan bizim torpaqlarımızı işğal edib, beynəlxalq hüquq normalarını pozub, Xocalı soyqırımını törədib, bizim tarixi və dini abidələrimizi məhv ediblər. Amma bütün günahları bizdə görürlər. Sual bundan ibarətdir ki, erməni əsgərinin işğal olunmuş ərazilərdə nə işi var? Erməni əsgəri Ağdamda nəyi unudub? Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin”. Prezident bəyan edib ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur: "Bəzən görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır”. İlham Əliyev qeyd edib ki, Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz: "Onlara dəstək əsasən Minsk Qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir.

Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Şaxələndirmə strategiyalar mövzusunda enerji təhlükəsizliyi” adlı "dəyirmi masa”da da iştirak edib. Ölkə başçısı çıxışı zamanı ölkəmizin həyata keçirdiyi və dəstəkləməyə hazır olduğu iri enerji layihələrindən danışıb. Münhen konfransı beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter” hesabında görüşlə bağlı yüksək əhval-ruhiyyəli fikirlər yazıb. Eyni zamanda Rusiyanın "Nezavisimaya qazeta” nəşri Münhen konfransının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinə müsbət təsir edə biləcəyini yazıb. Nəşrə görə, Bakı Qərbə böyük ümidlər bəsləyir. Xüsusilə İlham Əliyevin Berlin səfəri zamanı Almaniya kansleri Angela Merkelin vasitəçi olmaqla bağlı ümidverici çıxışı bunu deməyə əsas verir. Lakin hər şey hələ ki masa üzərindədir. Digər tərəfdən, rəsmi Bakı üçün cari məsələ Ermənistan tərəfindən girov götürülən Kəlbəcər sakinlərinin azad olunmasıdır.

Prezident İlham Əliyevin konfransdakı çıxışı ölkə ictimaiyyəti tərəfindən də yüksək dəyərləndirilib. AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı bildirib ki, cənab İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakı, keçirdiyi görüşlər və etdiyi nitq böyük əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, ölkə başçısının konfransda iştirakı onu göstərir ki, Azərbaycan Respublikası ümumi Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır: "Azərbaycan qitənin təhlükəsizliyi ilə bağlı məsələlərlə birbaşa bağlıdır. Keçirilən ikitərəfli görüşlər Azərbaycana olan marağın artdığını, ayrı-ayrı dövlətlərin xarici siyasətində ölkəmizin özünəməxsus yer tutduğunu göstərir. Cənab Prezidentin nitqi isə həmişəki kimi, həm məzmun əhatəliliyinə, həm də məna dərinliyinə görə fərqlənirdi. Nitqdə qitənin təhlükəsizliyi üçün mövcud olan və potensial təhdidlər, onların aradan qaldırılması və qarşısının alınması yolları, bu məsələlərdə Azərbaycanın rolunun izah edilməsi müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar dünya siyasətində Azərbaycan dövlətinin yerinin möhkəmlənməsinin, rolunun və nüfuzunun artmasının göstəricilərindən biridir”.

Politoloq Qabil Hüseynli də Münhen konfransından sonra Dağlıq Qarabağ münaqişəsinə diqqətin artacağını düşünür. Onun sözlərinə görə, Ukrayna hadisəsi yenidən diqqətləri postsovet məkanına yönəldib: "Son dövrlər Qərb, xüsusi ilə ABŞ "Yaxın Şərq planı” ilə məşğul idi. Amma Əfqanıstan və İraq ABŞ üçün çətin müstəvi oldu. Ardınca Suriya məsələsi ortaya çıxdı və dünya daha çox bununla maraqlandı. Lakin Ukrayna hadisələri göstərdi ki, Rusiya postsovet məkanında gücünü bərpa etməyə çalışır. Qərbin Rusiyaya bu məkanda güclənməyə imkan verməməsi ümumi münaqişələrin həllinə də müəyyən mənada təsir edə bilər. Hesab edirəm ki, bundan sonra Qərb əsas diqqəti Abxaziya və Cənubi Osetiya, Dnestryanı və Cənubi Qafqazda ən qədim münaqişə olan Dağlıq Qarabağa yönəldəcək”. Politoloq Dağlıq Qarabağ münaqişəsində yeni vasitəçilərin ortaya çıxa biləcəyini də istisna etməyib. Politoloq Q.Hüseynli deyib ki, Prezident enerji təhlükəsizliyi ilə bağlı çıxışında Azərbaycanın cəsarətli mövqeyini ortaya qoydu: "Biz təbii enerji ehtiyatları ilə zəngin ölkəyik. Bu o deməkdir ki, bütün təkliflər bizə ediləcək. Ancaq Azərbaycan bu üstünlüyündən sui-istifadə etmək istəmir. İlham Əliyevin çıxışlarından dəfələrlə sezilib ki, bəzi layihələrdə Qərb ölkələri passivlik göstərir, bəzən isə manevr siyasəti yürüdürlər. "Nabukko” kimi layihə məhz həmin ölkələrin sözünün üzərində möhkəm dayanmadığından reallaşmadı. Hazırda daha perspektivli sayılan TAP-dır. Prezident İ.Əliyev konfransda qeyd etdi ki, "Cənub” qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin "Nabukko” layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Deməli, Azərbaycan bu məsələyə keçmişdə baş
verənlərin rakursundan yanaşmayacaq. Real vəziyyət belədir ki, Avropanın enerji daşıyıcılarına böyük ehtiyacı var. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda bu gərginlik artıb. Bu da enerjiyə tələbatının qarşılanmasını çətinləşdirir. İlham Əliyev haqlı olaraq çıxışında bildirdi ki, bu məsələdə ehtiyacı olan ölkələr daha fəal olmalıdır. Azərbaycan öz partnyoru olan az sayda ölkə ilə bir neçə böyük layihəni gerçəkləşdirməyə hazırdır”.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də açıqlamasında Münhen konfransının Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi olması fikrini istisna etmir. Onun sözlərinə görə, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur: "Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır. Ukraynadan sonra beynəlxalq hüquqda baş vermiş çat Qərbi ciddi düşündürür. Digər tərəfdən, burda Azərbaycanın itirilməsi faktoru da var. Dağlıq Qarabağ məsələsinə ögey münasibət bəllidir. Ukrayna hadisələrinə Rusiyanı cəzalandırmaqla reaksiya verən Qərb dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində görünməz olurlar. Bu, rəsmi Bakını haqlı olaraq narahat edir və Azərbaycan rəhbərliyi ona göstərilən münasibətə adekvat olaraq reaksiya verir. Fikrimcə, Qərb bundan sonra rəsmi Bakının narahatlığını nəzərə alacaq”.

İsmayıl