Müraciətlərə etinasız yanaşan məmurlar cəzalandırılacaq

“İndiki reallıqda vətəndaşların müraciətlərinə baxmayan məmurların 100-200 manat cərimələnməsini anlaşılan hesab etmirəm”



Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunub. Təklifə əsasən vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq. Əlavəyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Əksər hallarda şikayət edən vətəndaşların müraciətləri onların narazı qaldıqları şəxslərin, subyektlərin üzərinə göndərildiyini vurğulayan millət vəkili Flora Qasımova deyib ki, bu da insanlarda növbəti narazılıq yaradır: "Çünki şikayət etdikləri şəxs, subyekt yenə də öz bildiyi kimi məsələni həll edir. Onlar da çox zaman həmin müraciətləri qəbul etmək, onları yaxınlarına buraxmaq belə istəmirlər. Bu isə insanları narazı salır”.

Millət vəkili Elman Nəsirov da həmkarının fikirlərini dəstəkləyib və bunu "səndən yar, sənə yar, şikayətim var” kimi qiymətləndirib.

1997-ci ildə "Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanun qəbul olunanda yol verilən qanun pozuntusuna görə, inzibati məsuliyyət nəzərdə tutulduğunu xatırladan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, ötən bu müddət ərzində İnzibati Xətalar Məcəlləsində vətəndaş müraciətlərinə baxılmaması ilə bağlı məsuliyyət nəzərdə tutan hər hansı bir norma olmadı: "Yeni İnzibati Xətalar Məcəlləsi və "Vətəndaş müraciətlərinə baxılması haqqında” qəbul edilən yeni qanunda da nəzərdə tutulub ki, qanunvericilikdə nəzərdə tutulan normaların pozulmasına görə, inzibati və digər məsuliyyət nəzərdə tutulub. Burada pozitiv hal ondan ibarətdir ki, vətəndaş müraciətlərinə vaxtında baxılmaması ilə bağlı məsuliyyət nəzərdə tutan normalar artıq qəbul edilməyə başlayıb. İndiyə qədərki qanunlarda belə bir məsuliyyət nəzərdə tutulmamışdı. Bu, təqdirəlayiq haldır. Əgər mövcud qanunun icrasını təmin edən mexanizmlər yoxdursa, o zaman həmin qanunun heç bir effekti olmur”.

Müraciətlərə baxılmamasına görə müəyyənləşdirilən maliyyə cəriməsinin az olduğunu vurğulayan Ə.Nuriyev sanksiyaların daha sərtləşdirilməsinə ehtiyac olduğunu deyib: "İndiki reallıqda vətəndaşların müraciətlərinə baxmayan məmurların 100-200 manat cərimələnməsini anlaşılan hesab etmirəm. Sanksiyaların yüksəldilməsinin məmurların məsuliyyət hissini artıracağını düşünürəm. Ölkə Prezidentinin "Xalqın birinci xidmətçisi mənəm” ifadəsi tam şəkildə digər məmurlara da sirayət etməlidir. Cərimələr artıq olarsa, məmurlar da vətəndaşların müraciətlərinə daha diqqətlə yanaşar və şikayətdə qaldırılan məsələlərin araşdırılması kimi öhdəliklərini ləyaqətlə yerinə yetirmiş olar. Vəzifəli şəxslər vətəndaşlarla bərabər hüquqlu olduqlarını unutmamalı və qanunun aliliyinə hörmətlə yanaşmalıdır. Dövlət orqanları müvafiq inzibati səlahiyyətlərə sahib olsalar da, bu onların vətəndaşların müraciətlərinə biganə qalmasına, onları görməzdən gəlməsinə əsas vermir. Vətəndaş müraciətlərinə baxılması eyni zamanda konstitusion hüququn daha dolğun şəkildə icrasına yönəlik bir məsələdir. Bu norma isə təminatlı olmalıdır. Maliyyə sanksiyalarının aşağı həddə müəyyən edilməsi isə heç bir halda normadan irəli gələn vəzifələrin tam şəkildə obyektiv şəkildə icrasını təmin etmir.

Millət vəkillərinin əksər hallarda şikayət edən vətəndaşların müraciətlərinin onların narazı qaldıqları şəxslərin üzərinə göndərilməsi ilə bağlı narazılığına gəldikdə isə Ə.Nuriyev deyib ki, 1997-ci ildə qəbul edilən "Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunda bu məsələ aydın şəkildə ifadə olunmuşdu ki, müraciətlər şikayət olunan orqana göndərilə bilməz: "Amma yeni qanunda bu məsələ öz əksini tapmayıb: "Bizdə bu məsələ doğrudan da ciddi problem hesab olunacaq səviyyədədir. Vətəndaşlar hansısa bir dövlət qurumunun vəzifəli şəxsindən üst quruma şikayət ərizəsi yazırsa, onun müraciəti yenidən şikayətçi olduğu şəxsin özünə göndərilir. Bu isə problemin yenidən uzanmasına, müxtəlif bəhanələrin axtarıb tapılmasına və müraciətlərə vaxtında baxılmamasına gətirib çıxarır, verilən cavablar isə həqiqəti ifadə etmir. Mən də millət vəkillərinin narazılığına qatılıram ki, vətəndaşların müraciətləri baxılması üçün şikayət verilən orqana və ya vəzifəli şəxslərə göndərilməməlidir. Bu norma birbaşa qanunvericilikdə açıq şəkildə öz əksini tapmalıdır. Müraciət məmurlara ancaq izahat alınması məqsədi ilə göndərilə bilər. Əks halda maraqlar toqquşar, bu isə öz növbəsində müraciətə etinasız yanaşma ilə nəticələnə bilər”.

Şəymən