Murad Arif sevinib
“Üzeyirin Türkiyədə coşqu ilə qarşılanması mənə xoş təsir etdi”
Hər bir populyar adamın qəribə həyat hekayəsi, səhnəyə gəlişi, səhnədə parlaması, unudulması olur. Bir neçə il əvvəl səhnəyə bir gənc meyxanaçı, ya da indiki dildə desək, musiqili meyxana deyən oğlan gəldi. Əslində səhnəyə gəlişini ilk vaxtlar görən olmadı, elə mahnıları, ifaları ilə tanınmağa başladı. İfa etdikləri isə qısa müddətdə onu məşhurlaşdırdı. Hərçənd bu müddətdə efirlərdə, mətbuatda həmin gənc ifaçını tənqid edənlər, onu bayağı musiqiçi olaraq qəbul edənlər də oldu.
Əslində etiraf edim ki, əvvəllər bir neçə verilişin qonağı olarkən mənim özüm də onun ifa etdiklərini bayağı musiqi kimi tənqid edənlərdən olmuşam. Təbii ki, sadəcə ifası, janrı barədə fikirlərimi dilə gətirmişdim. Söhbət gənc ifaçı Üzeyir Mehdizadədən gedir.
Zaman ötdü, efirlərimizdə tez-tez tənqid olunan, ancaq bu tənqidlərə həmişə səbrlə yanaşıb, kimsəyə kobudluq etmədən kübarlığı ilə diqqət çəkən Üzeyir Mehdizadə haqqında çoxlarından xoş fikirlər öyrənməyə başladım. Onu tanımaq istədim. Hər kəsin onun barədə tərbiyəli, əxlaqlı olduğunu deməsi, böyük-kiçik yeri bilməsi onun müsbət tərəfini öyrənməyimə təsir etdi.
Bayağı deyərək tənqid etdiyimiz Üzeyir Mehdizadə qısa müddətdə Rusiyada, Orta Asiya ölkələrində, Dubayda da tanınmağa, sevilməyə başladı. Orta Asiya ölkələrində ardıcıl verdiyi solo konsertlər, olduğu ölkələrdə səhnəyə çıxarkən yaşanan izdiham, ayrı-ayrı ölkələrin telekanallarında çıxışları azərbaycanlı gənci bir az məşhurlaşdırdı. Son günlər isə Üzeyir Mehdizadənin qardaş Türkiyədə böyük coşqu ilə qarşılanması diqqətlərdən qaçmadı.
Əslində çox normal bir hadisədi. Məşhurun coşqu ilə qarşılanmasından təbii nə ola bilər ki? Məgər Türkiyənin məşhurları Azərbaycanda tanınmır? Ya onları qarşılayarkən, konsertlərində izdihamın yaşandığının şahidi olmamışıq. Nə olar ki, bir dəfə də bizim məşhurlardan biri o izdihamı yaşamış, o görüntüləri paylaşmış olsun.
Türkiyənin də məşhur müğənniləri var. Onların da sırasında Sezen Aksu, Tarkan, Ajda Pekan qədər janr etibarilə bəlkə məşhurlaşmayan, amma yenə də məşhurları da az deyil. Türkiyənin də məşhur arabesk ifaçıları kimi, dünya starı Tarkanları, məşhur Hadisələri var. Amma eyni zamanda İlyas Yalçıntaş, Gökhan Türkmən kimi bəlkə də bayağı görünə bilən, amma məşhur olanlarının adını çəkmək olar. Türk musiqi səhnəsi ancaq Sezen Aksudan, Ajda Pekkandan ibarət deyil ki.
Oranın da İsmayıl YK-sı, Demet Akalını, Bayhanı var. Və əgər biri kütləvi şəkildə sevilirsə, sözsüz, onun içində bayağılıq olacaq. Sadəcə nəzərə almaq lazımdır ki, müğənninin hansı janrda ifasından asılı olmayaraq kütlə tərəfindən sevilməsinə də sıradan bir məşhurluq kimi yanaşmaq düzgün deyil. Kütlə tərəfindən sevilmək də hər müğənninin, məşhurun şansı deyil. Burada şans, naxışın gətirməsi də önəmlidir. Görünür, Üzeyir Mehdizadənin naxışı gətirib.
Naxışı gətirib ki, təkcə öz vətənində deyil, bir sıra qonşu ölkələrdə, İranda, Türkiyədə və digər ayrı-ayrı dövlətlərdə onun ifasına maraq yaranıb. Bəzən bayağı dediklərimizdə də saflıq varsa, o saflıq, səmimiyyət səni məşhur edə bilir. Sosial şəbəkələrdə, mətbuatda Üzeyirin Türkiyədə səhnəyə çıxışını bəlkə də qısqanan məşhurlarımız da oldu. Bəziləri ətəklə pul xərcləyib Türkiyə şou-biznesində tanınmaq istəsələr də, burada özlərini dağ başına qoyub, iddialı görünsələr də, əslində Türkiyədə tanınmaq istəklərini reallaşdıra bilmədilər. Amma Üzeyir bəzilərindən fərqli olaraq piarına pul xərcləmədən yalnız ifası, mahnıları ilə bu məşhurluğu qazana bildi. Yeri gəlmişkən, vaxtilə müğənni Vüsal Əliyev də Türkiyədə məşhur olan azərbaycanlı müğənnilərdən idi. Elə onun da ifasını bayağı adlandırardıq. Amma bəzi məşhur azərbaycanlı müğənnilər qonşu ölkələrdə tanına bilməsələr də, bunlar məşhur ola biliblər. Və bu həqiqəti danmaq da haqsızlıq olar.
Bunları deməklə əslində heç də o onu deməyə çalışmırıq ki, Üzeyir Mehdizadə böyük sənətkardı, ona toxunmaq olmaz, onu tənqid etməkdən çəkinməliyik. Təbii ki, onun bu gün məşhurluğu həqiqətini danmırıq, amma onun sənətkar olduğunu da iddia edə bilmərik. Bir azərbaycanlı müğənninin kütləvi şəkildə tanınması xoş bir ovqatda, amma bu onun sənətinə olan tənqidlərin səslənməməsi üçün də əsas ola bilməz.
Bəs bu məşhurluğun sirri nədir? Kütləvi musiqilərin bu qədər sevilməsi və Üzeyirin Türkiyə və digər ölkələrdə bu qədər maraqla qəbul olunmasını necə əsaslandırmaq olar? Onun bu qədər tanınması, ona olan tənqidləri susdurmaq üçün yetərli sayıla bilərmi? Onu qısqananlar varmı? Suallarımızla tanınmış şoumen, bəstəkar-aparıcı Murad Arifə üz tutduq. Murad Arif "Şərq”ə maraqlı açıqlamalar verdi: "İstənilən şəkildə tənqid olmalıdır, vacibdir. Tənqid olmasaydı, Namiq Qaraçuxurlu, Rəqsanə İsmayılova daha maraqlı, keyfiyyətli aranjimanlarla qarşımıza çıxmazdılar. Tənqid keyfiyyətə gətirib çıxaran bir metoddu. Namiq Qaraçuxurlunun ilk vaxtlar ifa etdiyi musiqilərlə indikilərin aranjimanı arasında fərq göz önündədir.
Eləcə də Damla. Onun əvvəlki mahnılarının mətnlərinə, aranjimanına diqqət yetirin, bir də indiki repertuarına, çəkdiyi klipləri müqayisə edin. Böyük fərq var, bahalı rejissorlarla, aranjimançılarla işbirlikləri keyfiyyətə təsir edir. O tənqidlərin nəticəsidir ki, sənətçilər öz repertuarlarına yatırım qoyurlar. Tənqid həmişə lazımdır. Niyə Üzeyir kimi müğənnilər kütləvi olur, çünki məhz kütlənin tələbatına uyğun musiqilər ifa edirlər. Kütlə o mahnılarda, o aranjimanda, o mətnlərdə özünü tapır. Türkiyədə İsmayıl YK-nı Tarkandan çox dinləyirlər, başa düşürsüz? Amma İsmayıl YK ilə Tarkanın sənəti eyni keyfiyyətdə olmasa da, kütləvi sevilən müğənnidir.
Üzeyir Mehdizadə də Türkiyədəki İsmayıl YK-lardan biridir. Birdəki Üzeyirin İsmayıl YK-dan nəyi əksikdir ki? Türkiyədə Üzeyirin belə izdihamla qarşılanması şəxsən mənə xoş təsir bağışladı. Amma onu da qeyd edim ki, bu uğur bütün iradları məhv etməyə yetmir. Biz bu uğura sevinirik, alqışlayırıq, daha böyük uğurlar arzulayırıq. Amma bu, medianın, musiqişünsaların iradlarını yox edə bilməz. Nigar Camalın, Eldar Qasımovun "Evrovizion”dakı qələbəsi hələ onları Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarla müqayisə etmək deyil. Nigar Camalın "Evrovizion”da çıxışı onun Şövkət Ələkbərova olması demək deyil. Hə, qəbul edirik, məşhurdular.
Nəticə, müsbət nəticə sənətçinin qüsurlarını bağlamır. Sadəcə onu sübut edir ki, bu sənətçinin milyonlarla sevəni var, ona kütləvi maraq var. Amma bu hələ sənətkar olmaq anlayışını kəsb etmir. Tutaq ki, sabah Damlanın Qazaxıstanda izdihamla qarşılanması Damlanı Şövkət Ələkbərova etməz. Bu sadəcə Damlanın Qazaxıstanda kütləvi sevilməsini isbatlayacaq. İfaçının çox sevilməsi yaxşı nəticədir, göstəricidir. Bu, düzgün iş qurmaqdan xəbər verir. Amma bu aranjiman anlamında, mətn, muzik-xətt anlamında, məna yükü anlamında heç nəyi dəyişmir. Bu sadəcə müğənninin kütləvi tanınmasını, xarici ölkədə sevilməsini isbatlayan faktdır ki, şəxsən Murad Arif Üzeyir Mehdizadənin adına çox sevinir. Uğurları bol olsun!”.
Tahirə Məmmədqızı