“Müsabiqədə iştirak balı aşağı salına bilər”

Nabatəli Qulamoğlu: “Hazırda belə bir istiqamət əsas götürülüb ki, tələbələr daha çox ölkə daxilində təhsil alsınlar”
“Builki test tapşırıqları xeyli sadələşmişdi, lakin yenə də görüləsi işlər var”


Ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri bəlli olub. Statistik göstəricilərə əsasən I ixtisas qrupu üzrə imtahanda iştirak etmiş 31 397 abituriyentdən 19 991, IV qrupda isə 5340 abituriyentdən 2517 nəfəri 200 balı keçə bilməyib. Təhsil ekspertləri bu göstəriciləri acınacaqlı sayır və ümumi təhsilin aşağı səviyyədə olması ilə əlaqələndirirlər.

Təhsil sahəsi üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında abituriyentlərin aşağı faiz dərəcələri göstərməsinin bir çox faktorla bağlı olduğunu dedi:

- Təhsilə baxışlar müxtəlifdir. Hərə bir cür qiymət verir, fərqli istiqamətlərdən yanaşılır, müxtəlif baxışlar ortaya qoyulur. Qəbul imtahanlarında yüksək göstəriciyə nail olmaq üçün əsas faktor, birinci növbədə, əlbəttə ki, şagirdin biliyidir. Sonra başqa faktorlar rol oynamağa başlayır. Burada test tapşırıqlarının hazırlanması, sualların seçimi, sualların çətinliyi, tipi, şagirdin hazırlıq səviyyəsi və s. faktorlar sadalanır. Qəbul imtahanlarının nəticələrinə də iki müstəvidən baxmaq lazımdır. Qiymətləndirmənin ümumi miqyasına baxanda görünür ki, abituriyentlərin 60-80 faizi 260 bala qədər toplayır. Bu da faktiki "2” qiymət deməkdir. Lap faiz göstəricisi 60 da olsa, yenə də vəziyyət acınacaqlıdır. Çünki dünyada təhsil göstəricilərinin qəbul olunmuş reytinqi var və bu reytinqə görə, ali məktəblərə qəbul üçün müsabiqədə iştirak edəcək abituriyentlərin faizi 50-dən yuxarı olmalıdır. Bizdə isə göstərici demək olar həmişə dəyişməz qalır; 60-80 arası. Bir-iki faiz o yan, bu yan, ümumi nəticəni dəyişmir. Bizdə müsabiqədə iştirakdan kənarda qalma faizi 70-dən aşağı olmur. Bu da o deməkdir ki, təhsil lazımi səviyyədə deyil.

Amma qəbul imtahanlarında bəzi müsbət dəyişikliklər var. Məsələn, mən bir araşdırmaçı kimi deyə bilərəm ki, test tapşırıqları ötən illərə nisbətən xeyli sadələşdirilib. Ötən illərdə testlərin çətinlik faizi böyük olurdu, hətta belə söhbətlər də gəzirdi ki, bilərəkdən bəzi test tapşırıqlarını qəlizləşdirirlər, bir neçə variantda düzgün cavablar təqdim olunur, bu da abituriyentləri çaşdırır və s. Builki test tapşırıqları xeyli sadələşmişdi, lakin yenə də görüləsi işlər var. Hesab edirəm ki, test tapşırıqları üzərində normallaşma bir qədər artıq aparılmalıdır. Mən inanmıram, inanmaq istəmirəm ki, 11 illik təhsil proqramını başa vurmuş hansısa şagird sait və samitləri biri-birindən ayıra bilməsin, yaxud qalın, incə saitləri bilməsin, heca bölgüsündən xəbərsiz olsun. Abituriyentin Ana dili üzrə test tapşırıqlarına "2” qiyməti səviyyəsində cavab verməsi nə deməkdir?! Yəni, bu uşaq məktəbdə heç nə öyrənməyib?! Bu, ola bilməz axı. Test tapşırıqları arasında lap sadə tapşırıqlar da salınmalıdır ki, abituriyentin ibtidai bilik səviyyəsi də üzə çıxsın. Normallaşma lazımi dərəcədə aparılmadığı üçün qəbul imtahanlarında belə faciəvi göstəricilər ortaya çıxır.

N.Qulamoğlu "2” qiymət alanların çoxluğu ilə yanaşı, yaxşı oxuyanların da ildən-ilə artdığını bildirdi:

- Biz görürük ki, 600-dən yuxarı və 700 bal toplayanların sayı ildən-ilə artır. Bu da sevindiricidir.

Ekspert aşağı faiz göstəricisinə görə müsabiqədə iştirak balının aşağı salına biləcəyini də istisna etmədi:

- Müsabiqədə iştirak balı aşağı salına bilər. Çünki hazırda belə bir istiqamət əsas götürülüb ki, tələbələr daha çox ölkə daxilində təhsil alsınlar. Tələbənin xarici ölkələrə təhsil ardınca getməsi, maliyyə axını deməkdir. Buna görə də müsabiqədə iştirak ballarının aşağı salınacağını istisna etmək olmaz.

Məlahət Rzayeva