"Müxalifətin çizdiyi yol dövlətçiliyə tərs mütənasibdir" - Müsahibə

Əhəd Məmmədli: "Cümhur İttifaqı” bələdiyyə seçkilərinin favoritidir. Hakim partiyanın bəlkə də ən güclü tərəfi bələdiyyələrdir"



Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçiriləcək. Qardaş ölkədə seçkilərə çox ciddi hazırlıq gedir. Seçkilərdə bələdiyyə sədrləri, üzvləri, kiçik rayonlarda isə muxtarlar seçiləcək. Ölkədə fəaliyyət göstərən 13 siyasi partiyaya seçkilərdə iştirak etmək hüququ verilib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası artıq öz namizədlərini cəmiyyətə açıqlayıb. AKP-dən Ankara bələdiyyəsinin sədrliyinə Mehmed Özhaseki, İstanbul şəhərinə isə ötən gün Türkiyə Böyük Millət Məclisinin rəhbərliyindən istefa vermiş Binali Yıldırım irəli sürülüb. Həmçinin, "Cümhur İttifaqı”nın şərtlərinə görə hakim partiya müttəfiqi MHP-nin namizədlərini də dəstəkləyəcək. Xatırladaq ki, Türkiyədə sonuncu yerli seçkilər 2014-cü il martın 30-da keçirilib və hakim Ədalət və İnkişaf Partiyası səslərin 45,5 faizini toplayıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, bələdiyyə seçkilərində 53 min 99 suriyalı iştirak edəcək. Nazir həmçinin qeyd edib ki, seçki günü 547 min polis xidmət göstərəcək. Bu arada rus mənşəli qadın Anastasiya Petrova bələdiyyə seçkilərində majoritar qaydada iştirak etmək üçün rəsmən müraciət edib. O, Antalya vilayətinin Alanya rayonundan bələdiyyə sədrliyinə namizəd olacaq.


Türkiyədə yaxınlaşan bələdiyyə seçkiləri ilə bağlı "Şərq”in suallarını cavablandıran Sivilizasiyalar və Konfliktlər Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, qardaş ölkədə bələdiyyə seçkilərinə ciddi hazırlıq getməsinin xüsusi səbəbləri var...

- Türkiyədə bələdiyyə seçkilərinə parlament seçkisindən daha artıq önəm verilməsi nəylə bağlıdır?

- Türkiyədə real hakimiyyət, xalqla ünsiyyət bələdiyyələrin səlahiyyətlərindədir. Türkiyə və Avropada bələdiyyələr çox önəmli strukturlar sayılır. Bələdiyyələr siyasi iyerarxiyada prezident, nazirlər kabineti, parlamentdən sonra gəlsə də, əhatə miqyası çox genişdir. Unutmayaq ki, qardaş ölkənin indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan da vaxtı ilə bələdiyyə sədri olub. Türkiyə bələdiyyələri Avropanın öndə gedən təşkilatlarındandır. Bircə faktı söyləyim, bir neçə il bundan əvvəl İtaliyanın Neapol bələdiyyəsinin nümayəndələri Türkiyənin Bursa şəhərində yerli bələdiyyədən "zibillə necə mübarizə aparmaq lazımdır” sualına cavab axtarmağa gəlmişdilər. Böyük yeddiliyə daxil olan İtaliyada zibil problemi hələ də həll edilməyib. Türkiyədə isə bu problemi çözüblər. Ona görə də Türkiyədə bələdiyyə seçkilərində qalib gələn partiyanın prezident və parlament seçkilərini də qazanmaq şansı çox olur. Hər baxımdan görürük ki, qardaş ölkədə bələdiyyə seçkiləri çox böyük önəm daşıyır.

- Hakim AKP və MHP-nin "Cümhur İttifaqı” şəklində seçkiyə qatılacağı deyilir. "Cümhur İttifaqı”nın potensialını necə dəyərləndirirsiniz? Əvvəlki uğurları təkrar etmək mümkün olacaqmı?

- Fikrimcə, "Cümhur İttifaqı” bələdiyyə seçkilərinin favoritidir. Hakim partiyanın bəlkə də ən güclü tərəfi bələdiyyələrdir. AKP xalqa xidmətə çox önəm verir. Ərdoğan da məhz İstanbul bələdiyyə başqanı olarkən xalqa xidməti çox yüksək səviyyədə apardığı üçün populyarlıq və dəstək qazanıb. 17 ildə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində qazanılan qələbələr xalq arasında aparılan bələdiyyə xidmətləri ilə sıx bağlıdır. Yuxarıda söylənilənlərə arxalanaraq əminliklə deyə bilərəm ki, bu bələdiyyə seçkilərində qələbə qazanmaq üçün "Cümhur İttifaqı”nın şansı çoxdur.

- Müxalifətin, konkret olaraq Cümhuriyyət Xalq Partiyasının HDP ilə ittifaqı toplumda birmənalı qarşılanmır, hətta tənqid olunur. HDP ilə seçkiyə qatılmaq, CHP-yə üstünlük verəcək, yoxsa əksinə, mənfi təsir göstərəcək?

- HDP ilə birgə seçkiyə getmək xainlikdən başqa bir şey deyil. CHP-nin və Meral Akşenerin təsis etdiyi İYİ partiyasının HDP ilə ittifaqa girməsi çox yanlış bir qərardır. Düşünürəm ki, bu seçkilərdə CHP və İYİ konkret olaraq HDP ilə müttəfiq olarlarsa, öz səslərini itirəcəklər. Müxalifətin çizdiyi seçki yolu dövlətçiliyə tərs mütənasibdir. Çünki PKK-nın siyasi qolu sayılan HDP ilə müttəfiq olmaq qırmızı xətti keçməkdir.

- Bələdiyyə seçkilərində əsasən böyük şəhərlər, İstanbul, Ankara və İzmir diqqət mərkəzində olur. Namizədlərə nəzər yetirsək, bu şəhərlərdə hansı ittifaqların şansı daha çoxdur?

- Son prezident seçkilərində qeyd etdiyiniz üç böyük şəhərin ikisində "Cümhur İttifaqı” qalib gəldi. Hesab edirəm ki, bələdiyyə seçkilərində də İstanbul və Ankara şəhərlərində məhz "Cümhur İttifaqı” qələbə qazanacaq. İzmirə gəldikdə isə xalq arasında "gavurlar şəhəri” adlandırılan bu şəhər CHP-nin qalası hesab olunur. Məncə, İzmirdə yenə də müxalifət udacaq”.

İsmayıl