Bələdçilər həm də yeni gətirilmiş vaqonlarda işləmək istəyirlər
Yanvarın 26-da bir qrup dəmiryolçu Bakıda piket keçirib. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan dəmiryolçuların tələbi sosial xarakterli olub.
Aksiyada 50-yə yaxın qatar bələdçisi iştirak edib. Onlar rəhbərliklə görüş və 5 ay əvvəlki müraciətlərinə cavab tələb ediblər.
Şikayətçi dəmiryolçular bildiriblər ki, onlar 2001-ci ildən başlayaraq, məvaciblərinin bir hissəsini, ezamiyyət və məzuniyyət pullarını, yol pullarını və sair ödənişlərini ala bilmirlər və ümumiyyətlə, maaşları azdır, onların tələbatını ödəmir. Bundan başqa, dəmiryolçular səsini çıxaran, şikayət edən iş yoldaşlarının işdən çıxarılmasına etiraz etdiklərini bildiriblər.
Polislər aksiyanın davam etməsinə imkan verməyiblər. Eyni zamanda, səhmdar cəmiyyətin rəhbərliyi şikayətçilərin nümayəndələrini görüşə çağırıb. Onlar bildiriblər ki, əvvəllər 450 manat maaş aldıqları halda, artıq bu məbləğ azaldılaraq, 240 manata endirilib. Etirazçıların sözlərinə görə, onlar beş ay əvvəl "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova yeddi bənddən ibarət yazılı müraciət edərək, ondan sosial problemlərinin həllini istəyiblər. Lakin qurumdan cavab verilməyib.
Dəmiryolçuların rəhbərliklə keçirdiyi görüşün nəticəsinə gəldikdə isə bu barədə "Şərq”ə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov danışıb:
"Aksiya iştirakçılarının əsas tələblərindən biri onlara yeni qatarların verilməməsi idi. Onlarla danışıqlar zamanı isə məlum oldu ki, yeni qatarlar verilib və Astara reysinə qoşulub. Bələdçilərin bir qismi də maaşların azlığından və ayrı-seçkilikdən şikayət edirdilər. Biz də onları başa saldıq ki, bələdçilərin əməkhaqları onların iş saatlarına uyğun verilir. Kvartalın axırında isə bütün saatlar bərabərləşir”.
Ortada işçiləri narazı salacaq heç bir səbəb olmadığını vurğulayan QSC sözçüsünün sözlərinə görə, bütün narazılıqlara səbəb yanlış anlaşılmadır: "Biz narazı işçilərlə oturub, söhbət etdik və onlara qayda- qanunları izah etdik. İzah etdik ki, qatarların bir qismi Ukraynada təmirə göndərilib. Təmirdən qayıtdıqdan sonra isə hər biri onların istifadəsinə buraxılacaq”.
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov də bələdçilərin Dəmir Yolları QSC-yə qarşı irəli sürdükləri ittihamların inandırıcı olmadığını deyib: "Sovet dövründə dəmiryolçuların maaşları yüksək olub. İndi isə maaşlar aşağı olduğu üçün işçilərin bu cür tələblərlə aksiya keçirməsinə normal yanaşmaq lazımdır. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilər arasında ayrı-seçkilik etməsi ilə bağlı iddiaları isə real hesab etmirəm. Heç bir müəssisədə eyni işə görə işçilərə fərqli əməkhaqları verilə bilməz. Vaqon bələdçisi qadın və kişi olmasından asılı olmayaraq eyni maaşı alır. Sadəcə olaraq, beynəlxalq səfərlər edənlərdə başqa tariflər olduğu üçün onlarda əməkhaqqı bir az yüksək çıxır. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyət olduğu üçün səhmləri dövlətə məxsusdur. Dövlət müəssisələrində isə bu cür ciddi qanun pozuntusuna yol verilə bilməz. Burada nəsə anlaşılmazlıq var. Əgər kiminsə maaşı yüksəkdirsə, deməli, onun iş fəaliyyəti də artıqdır”.
Şəymən