Narkotik istifadəçilərinin əksəriyyəti qeydiyyatdan keçmir

“Açıqlanan rəqəmlər sadəcə narkoman kimi qeydiyyata düşən insanların göstəricisidir”



Azərbaycanda 2014-cü ildə qeydiyyata alınan narkomanların sayı 28376 nəfərə çatıb. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabatında yer alan məlumata görə, qeydiyyata alınan narkomanların 539 nəfərini, yəni 1,9 faizini qadınlar təşkil edib.

Hesabatda qeyd edilib ki, narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. 2014-cü ildə toksikoman diaqnozu ilə 130 nəfər qeydə alınıb.

"Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva isə deyib ki, açıqlanan statistika narkomanların sayının artmasının yox, sadəcə leqal narkomanların artım göstəricisidir: "Ölkədə narkomanların sayı ilə bağlı açıqlanan rəsmi statistikalar heç vaxt reallığı əks etdirmir. Açıqlanan rəqəmlər sadəcə narkoman kimi qeydiyyata düşən insanların göstəricisidir. Bir çox hallarda isə narkotik istifadəçiləri qeydiyyatdan keçməyə çəkinirlər. Rəsmi statistikalarda müşahidə olunan artım da əslində yaxşı haldır. Çünki onlar narkomanlar yox, qeydiyyata düşən narkomanlardır. Heç kim birdən-birə narkotik aludəçisi olmur. Narkomaniyanın müəyyən etapları var. Son həddə isə insanlar artıq narkotik aludəçilikdən azad olmaq üçün qeydiyyata düşmək qərarı verir. Qeydiyyatı isə biz aşkarlanma kimi başa düşməməliyik. Narkomanları nə qədər çox leqallaşdırsaq, onlar bir o qədər gözümüzün önündə olar və onların əvəzedici müalicə almaq şansı çoxalar”.

Qeyri-leqal narkomanlarla bağlı vəziyyətə gəldikdə isə Z.Mustafayeva deyib ki, bəşəriyyətin bəlası olan "ağ ölüm” bütün ölkələr üçün ciddi bir problem olaraq qalıb: "Bu problemlə bağlı həm ictimai sektor, həm də dövlət qurumları tərəfindən müvafiq addımlar atılıb. Bunlar arasında da bir neçə uğurlu addımı, xüsusi ilə də əvəzediciləri qeyd etmək istərdim.

Müalicə üçün proqramların genişləndirilməsi istiqamətində də xeyli işlər görülür. Narkoloji mərkəz üçün Maştağada yeni bina tikilir ki, orada istifadəçilərin həm müalicə imkanları geniş olacaq, həm də daha müasir vasitələrdən istifadə olunacaq. İstifadəçi insanlar arasında daha tez yayılan infeksion xəstəliklərin qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Təəssüf ki, Azərbaycanda HİV-ə yoluxan insanların 65 faizindən çoxu narkomanların payına düşür. Narkotik istifadəçiləri arasında toksikomanlar da daxildir. Amma biz əsas diqqəti daxili narkotikin istifadəsinə yönəldirik”.

Şəymən