Nazir müavini: 2020-ci ilə qədər Azərbaycanda bütün şagirdlər planşetlərlə təmin olunacaq





 Masallı Rayon Mədəniyyət Mərkəzində təhsil nazirinin müavini Firudin Qurbanov və Təhsil Nazirliyinin məsul əməkdaşları Masallı, Cəlilabad, Yardımlı rayonlarının təhsil işçiləri ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd respublikanın şəhər və rayonlarında çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və gücləndirilməsinin əsas istəqamətləri barədə tövsiyələr verməkdən ibarətdir.
Görüşdə Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlardan danışıb. F.Qurbanov son illərdə bir sıra vacib hüquqi-normativ sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir, 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr aparılır. Son 10 ildə ölkədə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumi təhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.
Sonra təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.