Nazir rektorlara təlimat verdi

Gənclər Avropa Oyunlarında böyük təcrübə qazanacaqlar



Avropa Olimpiya Oyunları ilə bağlı Təhsil Nazirliyində universitet rektorları ilə görüş keçirilib. Görüşün məqsədi iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkili işinə tələbə könüllüləri cəlb etmək olub. Belə ki, təhsil naziri Mikayıl Cabbarov tələbələrin belə bir beynəlxalq yarışın təşkilində yaxın iştirak etməsi və bu yöndə fəaliyyətlərinə şərait yaradılması ilə əlaqədar ali məktəb rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verib.

İctimai sektorda fəaliyyət göstərən gənclər təşkilatları təhsil nazirinin belə bir addımını müsbət qiymətləndirirlər.

"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov belə bir görüşün keçirilməsini təqdirəlayiq hal hesab edir: "Bizim üçün artıq bu tipli tədbirlər normal hala çevrilib. Çünki xüsusilə 2012-ci ildən başlayaraq Azərbaycan dünya səviyyəsində olan ən böyük tədbirlərə ev sahibliyi edir. Lakin bu il tarixə keçəcək yeni addımla çıxış edirik. Bu hər zaman tarixdə ilk dəfə Bakıda keçirilən Avropa Olimpiya Oyunları kimi qalacaq. Təhsil naziri Mikayıl Cabbarovun bununla bağlı universitet rektorlarına, xüsusilə tələbələrə bu kimi proseslərin aparılması istiqamətində verilən tapşırıqları müsbətdir. Ona görə ki, gənclər bu kimi proseslərdə yaxından iştirak etməlidir. Biz də sıralarımızdakı üzvlərimizlə birlikdə Azərbaycanda keçiriləcək bu tarixi yarışın bir qoluna çevrilməsi üçün gənclərin bu istiqamətdə yönləndirilməsini təmin edirik. Bu baxımdan düşünürəm ki, I Avropa Olimpiya Oyunları Azərbaycan gəncliyi tərəfindən və onların dəstəyi istiqamətində daha yaxşı yöndə və mükəmməl fəaliyyətlə yadda qalacaq”.

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı belə bir addımın atılmasını müsbət qiymətləndirir: "Gənclərimizin belə bir beynəlxalq yarışla bağlı məlumatlandırılmasında universitet rəhbərlərinin rolu böyükdür. Çünki gəncliyin bu gün avanqard hissəsi tələbələrdir. Tələbələr də daha çox universitetlərdə birləşirlər. Belə olan halda təhsil nazirinin rektorlarla görüşməsi və görüşün nəticəsi olaraq rektorlarla tələbələr arasında dialoq işinin təşkil edilməsi çox vacibdir. Biz bunu "Eurovision 2013” mahnı müsabiqəsində gördük, gənclərimiz könüllü və təmənnasız olaraq Azərbaycan həqiqətlərini, mədəniyyətini və tarixini təbliğ etmişdilər. Bu özünü Avropa Olimpiya Oyunlarında da göstərəcək”.

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı düşünür ki, bu, tələbələrin inkişafı baxımından faydalıdır: "Çünki onlar öz təhsilləri ilə yanaşı, ölkə cəmiyyətində baş verəcək prosesdə yaxından iştirak edərək təcrübə toplayacaqlar. Bu praktiki təcrübə gələcəkdə onların gələcək fəaliyyətlərində yardımçı olacaq. Düşünürəm ki, xüsusilə beynəlxalq səviyyəli tədbirlərdə tələbələr iştirakda maraqlı olmalıdırlar”.

Məlumat üçün qeyd edək ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ da Azərbaycana verilib.

Vüqar Şahinoğlu