Kamran Əsədov: “Hazırkı təhsil qanununun 28 maddəsindən 16-sı dövrün tələblərinə cavab vermir”
Orta məktəbi bitirən şagirdlərin 50 faizi ali məktəbə daxil ola bilmir. Təhsilin əlçatanlığının təmin edilməsi zərurəti məhz buradan yaranır
Yeni təhsil naziri Ceyhun Bayramov təyinatının ardınca səs-küylü açıqlamalarla gündəmə gəldi və "Təhsil haqqında” qanunun dəyişdiriləcəyinin anonsunu verdi.
Təhsil naziri deyib ki, 2009-cu ildə "Təhsil haqqında” qanunun qəbulundan sonrakı dövrdə sənədə bir sıra yeniliklərin edilməsi, bəzi dəqiqləşdirmələrin aparılması və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var idi. Bu səbəbdən də "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb: "Güman edirəm ki, yaxın zamanlarda "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişiklik ediləndən sonra təhsilin əlçatanlığı təmin ediləcək, qabaqcıl beynəlxalq təcrübə Azərbaycan təhsil sistemində tətbiq olunacaq”.
Yeni təhsil nazirinin ilk açıqlamasını şərh edən təhsil eksperti Kamran Əsədov da bu fikirdədir ki, "Təhsil haqqında” qanunun dəyişdirilməsinə ehtiyac var:
- Həyat inkişafdadır. Dünyada dəyərlər dəyişir. Bu dəyişikliklər böyük ölçüdə müasir texnologiyaların tətbiqindən irəli gəlir. 2009-cu ilə qədər qəbul olunmuş "Təhsil haqqında” qanun sovet dövründəki qanun əsasında hazırlanmışdı. Amma 2009-cu ildə qəbul olunmuş qanun da artıq dövrün tələblərinə uyğun deyil. Mən deyərdim ki, hazırkı qanunun 28 maddəsindən 16-sı dövrün tələblərinə cavab vermir. Ona görə də nazirlə razıyam ki, qanunun dəyişdirilməsinə ehtiyac var. Təhsilin ayrı-ayrı pillələri - məktəbəqədər, orta ümumtəhsil, orta ixtisas, ali təhsillə bağlı ayrı-ayrılıqda layihələr qəbul olunub. Qəbul olunmuş yeni layihələr hazırkı "Təhsil haqqında” qanunla ziddiyyət təşkil edir. Bilirsiz ki, 2013-cü ildə cənab Prezidentin sərəncamı ilə təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Cənab Prezident özü də çıxışlarında ölkəmizdə ali təhsilin səviyyəsinin aşağı olduğunu deyib. Ali təhsil alanlar ümumi əhalinin 17 faizini təşkil edir. Bu, aşağı göstəricidir.
Bəli, ümumi savadlılığa görə, Azərbaycan dünyada ilk sıralardadır. Bunun da səbəbi orta təhsilin icbari olmasıdır. Amma orta məktəbi bitirən şagirdlərin 50 faizi ali məktəbə daxil ola bilmir. Təhsilin əlçatanlığının təmin edilməsi zərurəti məhz buradan yaranır. Yeni Təhsil Qanununda ali məktəblərə qəbulun sadələşdirilməsi nəzərdə tutulur.
Digər dəyişiklik ali məktəbləri dövlət büdcəsindən xilas etməkdir. Ali məktəblər özünü maliyyələşdirmə potensialına malik olmalıdır. Elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərməli, Avropanın qabaqcıl təhsil müəssisələri kimi elmi nailiyyətlərdən bəhrələnə biləcək səviyyəyə çatmalıdırlar. Bütün bunları nəzərə aldıqda, bəli, "Təhsil haqqında” qanunun dəyişdirilməsinin zəruri olduğu görünür.
Məlahət Rzayeva