Oqtay Haqverdiyev: “Supermarketlər gəlirlərini gizlədirlər”
Bu günlərdə Vergilər Nazirliyi (VN) mətbuat üçün ənənəvi konfransını keçirib. Tədbirdə vergilər nazirinin bir neçə müavini iştirak edib. Toplantıda çıxış edən nazir müavini Sahib Ələkbərov bir sıra məsələlərlə yanaşı, iri supermarketlərin vergi güzəştləri istəməsindən də söz açıb: "İri ticarət şəbəkələrinin sahibləri hökumətdən əlavə dəyər vergisi ilə bağlı güzəşt tələb edir.
İri supermarketlər vergi güzəştləri istəyir. Vergilər naziri Fazil Məmmədov bu məsələyə birmənalı fikrini bildirib. Onlar ƏDV-dən niyə azad olunmalıdırlar ki? Bəs dövlət büdcəsi nə ilə doldurulmalıdır? ƏDV ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil edir. Onlar populist çıxışlarla məsələdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Dövlət qurumunun təhdid edilməsi doğru deyil. Supermarketlərdə apardığımız yoxlamalar aşkara çıxarıb ki, iri obyektlər ticarət dövriyyələrini dəfələrlə, hətta 15-20 dəfə azaldıblar. Nə vergi güzəşti istəyirlər bizdən?”.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev ilə "Şərq”ə söyləyib ki, güzəştlərlə bağlı müraciət edənlər supermarketlərin sahibi deyillər. Onlar marketlərin başında duranlardır: "Devalvasiya olduğu üçün onlar müəyyən dərəcədə maliyyə itkiləri verdilər. Bu səbəbdən supermarketlər hay-həşir salırlar. Elmi baxımdan supermarketlərin rentabelliyi 10-12 faiz olmalıdır. Amma onlar birbaşa 100 faiz rentabellik qazanmaq istəyirlər. Hər xərclənən yüz manata əlavə 100 manat gəlir əldə etmək fikrindədirlər. Belə şey olmaz. Adətən rentabellik adətən 12-15 faizə qədər olmalıdır. Bu, ən optimal variantdır. Supermarketlər 200 faiz rentabelliyə öyrəşiblər. Məsələn, baxırsan ki, supermarketdə 1 kq kərə yağı 10 manata satılır. Halbuki, onun maya dəyəri ilə maraqlansaq, görərik ki, 1,5 manata alıb. Amma 10 manata satır. Burada rentabellik 500 faizə gəlib çıxır. Belə şey olmaz. Əlbəttə, VN məsələni düzgün qoyub. Supermarketlər gəlirlərini gizlədirlər. Cürbəcür yollarla vergidən yayınırlar. Belə əyri yolları yaxşı bilirlər. Bir sözlə, nazirlik məsələni doğru qoyur”.
Ekspertin sözlərinə görə, supermarketlər hər gün qiymətləri qaldırır: "Hər gün 5, 10 qəpik artırırlar. Düzdü, bu məbləğ istehlakçının gözünə görünmür. Lakin marketlər həmin qəpik-quruşla milyonlar qazanır. Supermarketlərə kimsə gəlib deyirmi ki, niyə qiymətləri bahalaşdırırsan? Xeyr, demirlər. Deyən olanda da "haqqı”nı verirlər, o da çıxır gedir”.
Ayyət Əhməd