Neftin bahalaşması müsbət haldır

Ekspertlər hesab edir ki, bu valyuta ehtiyatlarımızı artıracaq



Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar artaraq 48,24 dollar təşkil edib. Məlumata görə, İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,29 dollar artaraq 49,26 dollar olub. "AzeriLight” markalı neftin 1 barelinin qiyməti isə 1,20 dollar və ya 2,44 faiz artaraq 50,30 dollar təşkil edib.

Bahalaşmanı dəyərləndirən iqtisadçı-ekspert Samir İsmayıl "Şərq”ə söyləyib ki, bu, hər şeydən öncə cəmiyyətimizdəki psixoloji gərginlikləri azalda bilər: "Neftimizin 50 dolları keçməsi yaxşı haldır. İqtisadiyyatımızdakı mövcud böhranın qismən yumşalmasına təkan verə bilər. Eyni zamanda milli valyutamızın möhkəmlənməsinə gətirib çıxara bilər. Bundan başqa, valyuta ehtiyatlarımızın çoxalmasına töhfə verəcək. Neftin qiyməti yüksələn xətt üzrə davam edir. Hələ ki, bu tendensiya davam edir. Amma gözləmək lazımdır. Bir balaca tərəddüd var. Bütün hallarda neftin qiymətinin 27-28 dollardan 50 dollara qalxması müsbət haldır”.

Ekspertin qənaətincə, neftin qiymətinin yenidən ucuzlaşacağına dair konkret proqnoz vermək çətindi: "Qiymətin bahalaşması Amerikada neft ehtiyatlarının azalması ilə izah olunur. Həm də qarşıdan piknik mövsümü gəlir. Həmin dövrdə Amerikada yanacaq daha çox istifadə olunur. Bu baxımdan neftin qiymətində bahalaşma müşahidə olunur. Son iki ayda dollar artır. Beş ay öncə manatımız devalvasiyaya uğradı. Büdcəmizi 25 dollarla qəbul etdik. 25 dollar ən pessimist qiymətdir. İndi isə tendensiya dəyişib və ondan bəri qiymət iki dəfə qalxıb. Bu isə deməyə əsas verir ki, neft dibə, yəni 25-26 və 30 dollara enməyəcək. Dibdən yuxarı olacaq. Yaxın müddət ərzində neftin ucuzlaşması proqnozlaşdırılmır”.

"Neft bahalaşır, amma milli valyutamız hələ də dirçələ bilmir” iddiasına gəlincə, S.İsmayılov qeyd edib ki, bundan sonra dollar nə 78-ə, nə də 1,05 qəpiyə düşəcək: "Ola bilsin ki, manat 5-10 qəpik möhkəmlənsin. Amma o köhnə həddə gəlib çatmayacaq. İmkan vermək lazımdır ki, manat öz dəyərini tutsun. Manatın süni şəkildə bahalaşdırılması və ya ucuzlaşdırılması bizə müsbət heç nə vəd etmir. Manat sözün həqiqi mənasında üzən məzənnə ilə getməlidir. Onu ucuzlaşdırmaq və bahalaşdırmaq doğru deyil. Çünki hər iki halda büdcədən böyük pullar xərclənir ki, bu, ölkə iqtisadiyyatına ciddi ziyan vurur”.

Ayyət Əhməd