Nizami dünyanın ilk beşliyində olan şairlərdəndir

Hamı çalışacaq ki, onu özününkü kimi qəbul eləsin
Qulu Ağsəs: "Son dərəcə kübar xalq olan fransızların bu iddiası utancvericidir”
Nizami Cəfərov: "Nizamini Azərbaycanda normal təbliğ etməmişik. Nizami Gəncəvi Avropa alimlərinin yazdıqları səviyyədə yenidən tədqiq olunmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimlinin sözlərinə görə, hər zaman Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri olub. Akademik bildirib ki, Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər.
T.Kərimli bildirib ki, bu yaxınlarda Fransanın Sarbonna Universitetinin professoru tərəfindən elektron poçtuna məktub gəlib: "Orada da yazılırdı ki, Nizami fars şairidir, atası da Qum şəhərindədir. Mənə yazılır ki, nəyə görə saxtalaşdırıb onu Azərbaycan şairi kimi təqdim edirsiniz? Biz deyirik ki, Nizami Azərbaycan şairidir, Gəncə də Azərbaycan şəhəridir. Nizaminin də əsərlərində Gəncəyə xüsusi məhəbbətin olduğu görünür, amma buna əhəmiyyət verilmir”.
Dahi Nizaminin iran-fars şairi kimi qələmə verildiyinin tez-tez şahidi olmuşuq. Müxtəlif tarixi mənbələrdən sübutlar gətirilməsinə baxmayaraq, Nizamini Azərbaycan dühası kimi qəbul etmək istəmirlər. Maraqlıdır, xarici ölkələrdə bu məsələ ilə bağlı təbliğatımız zəif olduğu üçün belə neqativ hallar baş verir? Yoxsa burda başqa məqamlar var?
"Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs bildirib ki, özəlliklə qərb dünyasında Nizami Gəncəviyə olan münasibət çox ağrılıdır. Onun sözlərinə görə, dahi şairin Azərbaycan xalqına məxsus olduğunu xarici ölkələrə çatdırmaq üçün hər zaman təbliğatlar aparılmalıdır: "Biz az qala ABŞ-ın bütün ştatlarını, xarici ölkə adlarını əzbər bilirik. Sanki qəsdlə bizim klassiklərimizə kölgə salmağa çalışırlar. Məsələn, Sankt-Peterburqda Nizamini fars şairi kimi, İranın özündə isə iran şairi kimi tanıyırlar. Bir sıra ölkələrdə Nizami Gəncəvinin adı məhz iran-fars şairi kimi təqdim olunur. Nizami farsca da yazıb-yaradıb. Hələ 1990-cı ildə "Azərbaycan” qəzetində belə bir iddia irəli sürülmüşdü ki, Nizami eyni zamanda Azərbaycan dilində yazıb, sadəcə həmin yazılar üzə çıxmayıb. Nizaminin Azərbaycan şairi olmasının heç bir sübuta ehtiyacı yoxdur. Onun bütün əsərləri, yaradıcılığı və həyatı Azərbaycan, Gəncəylə bağlıdır.
Bütün dünyaya demək istəyirik ki, "biz köklü xalqıq”. Məhz bu sözü deyəndən sonra kökümüzü qazıb çıxarmaq istəyən təşkilatlar, dövlətlər olur. Çox maraqlıdır ki, Nizaminin hamıya aid olmasını istəyirlər, amma bizə yox. Hətta siyasi baxımdan İrana münasibətdə düşmən mövqeyində duran ölkələr belə İranın tərəfini saxlayır, Nizamini İran şairi kimi qəbul edirlər. Bu məsələ ilə bağlı təbliğatımız güclü olmalıdır”.
Q.Ağsəs bildirib ki, tarixi şəxsiyyətlərimizə qarşı hər zaman təpkilərin olacağı gözləniləndir:
 "Hətta iş o yerə gəlib çata bilər ki, eyni ittihamlar Şah İsmayıl Xətaiyə və başqa şəxsiyyətlərimizə yönələcək. Dünyanın inkişaf etmiş ölkələrindən biri, dünya musiqisinin beşiklərindən olan, özünü son dərəcə kübar, elitar bir xalq kimi təqdim edən fransızlar Nizaminin Azərbaycan şairi olmadığını dilinə gətirirsə, bu çox utancvericidir. Ermənilər bir ucdan milli musiqimizi, sərvətlərimizi daşıyıb aparırlar. Artıq iş o yerə çatmışdı ki, Türkiyənin özündə belə sarı gəlin erməni mahnısı kimi təqdim edilirdi.
Nizamiyə olan bu münasibət çox ürəkağrıdandır. Gücümüz çatan qədər bu halların qarşısını almalıyıq. Nizami dünyanın ilk beşliyində olan şairlərdəndir. Onu hər cür təzyiq və təpki ilə bizim əlimizdən almaq istəyənlərə qarşı tədbir görülməlidir. Gücümüz nəyə çatırsa, çalışıb bu məsələyə birdəfəlik son qoymalıyıq. Elə təbliğat aparmalıyıq ki, Nizami Gəncəvinin fars şairi olmasına dair iddialara birdəfəlik son qoyulsun”.
...Nizami Azərbaycan şairidir, amma bütün dünyaya məxsusdur
Millət vəkili, akademik Nizami Cəfərov isə bildirib ki, Avropada Nizamini fars şairi kimi tanıyırlar, əsrlər boyu belə olub. 
Onun sözlərinə görə, bu məsələdə bizim təbliğat və təşviqatımız böyük bir önəm kəsb eləmir: "Əsas odur ki, biz Nizamini Azərbaycanda normal təbliğ etməmişik. Nizami Gəncəvi Avropa alimlərinin yazdıqları səviyyədə yenidən tədqiq olunmalıdır. Məsələni o qədərmi dərindən bilmirlər? Bunları aydınlaşdırmaq lazımdır. Hətta bununla bağlı yeni bir mərhələ açılıb. Londonda akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə "Nizami adına mərkəz” yaradılıb. Yaradılmış mərkəz tərəfindən bunlar sistemli şəkildə öyrənilir.
Əslində bu gün Nizamişünaslıq 3 mərhələdə inkişaf etməlidir. 1-ci Nizaminin özü, 2-ci onun Şərqdə, 3-cü isə Qərbdə öyrənilməsi tarixi tədqiq olunmalıdır.
Sabah hansısa Avropa alimi desə ki,” Nizami Gəncəvi fars şairidir, Qumda anadan olub və s”. Belə fikirlər o qədər də əhəmiyyətli deyil. Əsas nə üçün belə fikirlərin səslənməsidir. Təbii ki, bizim ümumi düşüncəmiz var - Nizami Gəncəvi Gəncədə anadan olub, o bir türk şairidir, fars dilində yazıb və onun fars dilində yazdığı "Xəmsə”nin bir türkə məxsus olduğu dərhal hiss olunur.
Teymur Kərimli Nizamişünasdır, məsələnin mahiyyətini yaxşı bilir. Nizami Azərbaycan şairidir, amma bütün dünyaya məxsusdur. Hamı çalışacaq ki, onu özününkü kimi qəbul eləsin. Buna yaxşı baxmaq lazımdır. Lakin bu məsələdə obyektiv təhlillər aparılmalıdır”.
Yeganə Bayramova