""NLT Telekom”un dələduzluğu ilə bağlı məhkəməyə müraciət..." - İDDİA

Əliməmməd Nuriyev: "Hətta bununla bağlı mətbuata da bildirə bilər ki, həmin mağaza zərərli reputasiyası olan satış mərkəzidir”
"Mağaza kreditlə satılmış telefonu başqa müştəriyə nağd satıb, aldadırsa, proses məhkəməyə qədər gedib çıxa bilər”.
Bunu "Sherg.az”a vətəndaşların mağazalar tərəfindən aldadılması hallarına münasibət bildirərkən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. O bildirib ki, müştəri satış haqqında sənədləşməni mağazaya təqdim edib, haqqını tələb etməlidir:
"Əgər bu nəticə verməyəcəksə, məhkəməyə müraciət edilə bilər. Hətta müştəri dəymiş ziyanı da qaldıra bilər. Çünki burada həm də müştəriyə dəymiş ziyandan söhbət gedir.
Müştəri məlum problemlə mağazaya müraciət edərsə, telefonu eyni markada, yeni şəkildə alıcıya qaytarmalıdırlar. Əks halda məhkəmə qərarı ilə mağaza bunu etməli olacaq”.
Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, əvvəllər mənzilləri bu şəkildə kreditlə alıb, bir neçə nəfərə satırdılar, indi isə adi mağazalarda belə dələduzluq artıb:
"Bu hadisədə sözsüz ki, təsadüf və ya səhv hal baş verə bilər. Bu, mağazanın səhvidirsə, mağaza üzr istəməli və məsələni həll etməlidir. Əksinə mağaza sahibi və ya satıcı müştərini haqsız çıxarmağa çalışırsa, mübahisə edirsə, alıcının tam şəkildə məhkəməyə müraciət etmək hüququ var. Hətta bununla bağlı mətbuata da bildirə bilər ki, həmin mağaza zərərli reputasiyası olan satış mərkəzidir”.
Qeyd edək ki, "CBS Sport”un şərhçisi Pərviz Musayev "NLT Telekom” tərəfindən aldadıldığını bildirib. Belə ki, P.Musayevin aldığı "iPhone” markalı telefonun bundan öncə kreditlə başqasına satıldığı məlum olub. Nəticədə, mağaza ilə problemi həll edə bilməyən müştəri Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəlib.
Aysel Aslan