“Nuşirəvan Məhərrəmlinin ünvanına tənqidləri qəbul etmirəm”

Elçin Əlibəyli: “Televiziyada elə problemlər var ki, artıq kök atıb və onu yox eləmək bir nəfərin işi deyil”


Nuşirəvan Məhərrəmli yenidən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
Nuşirəvan Məhərrəmlinin MTRŞ sədri kimi fəaliyyətini dəyərləndirən tanınmış teleaparıcı Elçin Əlibəyli onun kifayət qədər nüfuzlu ictimai-siyasi xadim olduğunu, həmçinin Şuraya sədrliyinin labüd bir məsələ olduğunu deyib. Onun sözlərinə görə, fəaliyyəti müddətində N.Məhərrəmli öz işinin öhdəsindən layiqincə gəlməyi bacarıb: "Onun daxili zənginliyi, savadı, istedadı, təşkilatçılıq qabiliyyəti MTRŞ-də özünü göstərməkdədir. O, qısa bir müddətdə Şurada lazımi sistemləri qura bilib. Bu gün isə biz həmin uğurlu fəaliyyətin bəhrəsini görməkdəyik. Ötən illər ərzində televiziyalarda kifayət qədər irəliləyişlər var. Dəyərlərin qiymətləndirilməsi, dil normalarının qorunması, həmçinin verilişlərin mövzu, ideya məsələsində yeknəsəklikdən çıxıb, rəngarəngliyə meyl eləməsi şübhəsiz ki, MTRŞ-nin vaxtaşırı keçirdiyi monitorinqlərin, tövsiyə xarakterli xəbərdarlıqların nəticəsidir.

MTRŞ ötən bu illər ərzində özünün normativ sənədlərini hazırlayıb, ortaya çıxarıb. Hansı ki, bu sahədə kifayət qədər boşluqlar vardı. MTRŞ eyni zamanda televiziyalarla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış elədi ki, bu da atılması vacib olan addımlardan idi”. Azərbaycan cəmiyyətinin televiziyalardan çox şey gözlədiyini vurğulayan Əlibəylinin sözlərinə görə, bu sahədəki bütün problemlərin həllini MTRŞ-dən gözləmək də doğru yanaşma deyil: "Televiziya sahəsində peşəkarların sayı həddindən artıq azdır. Mövcud problemləri həll etmək isə tək MTRŞ-nin altından qalxa biləcəyi iş deyil. Peşəkarlar az olduğu üçün televiziyada nöqsanlar üzə çıxmaqdadır. Hər nə qədər məsuliyyətli və həlli çətin bir məsələ olsa da, Nuşirəvan Məhərrəmli bu istiqamətdə də müəyyən addımlar atmaqdadır. Çünki televiziya və radio sahəsində peşəkarların çalışmasında Nuşirəvan müəllim özü də çox maraqlıdır. Bunun üçün də qurumun xaricdən müəllimlərin dəvət olunmasından tutmuş, yerli kadrların təcrübələrini artırmaq üçün xaricə göndərilməsi kimi planları var”.

Ekspertin sözlərinə görə, milli seriallar məsələsinin gündəmə gəlməsi və bu istiqamətdə uğurlu addımların atılması da birmənalı olaraq MTRŞ-nin uğuru hesab edilməlidir: "Təbii ki, müəyyən qədər qüsurlar var və atılması zəruri olan çox addımlar var. Ancaq əsas olan problemi aradan qaldırmaq istiqamətində hərəkətdir ki, MTRŞ-də bu yöndə üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirməkdədir”.

Bəzi ekspertlərin Nuşirəvan Məhərrəmlinin ünvanına etdiyi tənqidlərə gəldikdə isə E.Əlibəyli deyib ki, MTRŞ-nin səlahiyyətləri problemi araşdırıb, ortaya çıxarmaqdır: "Nuşirəvan Məhərrəmlini yalnız problemi ortaya çıxarmaqda, onun həlli istiqamətində müvafiq addım atmamaqda ittiham etmək absurd yanaşmadır. Qanunvericilikdə MTRŞ-nin öz səlahiyyətləri var. Nuşirəvan müəllim də həmin səlahiyyətlər çərçivəsində addım atır. MTRŞ hüquq-mühafizə orqanı, məhkəmə deyil ki, qanunu pozanlara qarşı cəza kəssin. Televiziya sahəsində olan hansısa problemi görmək və göstərməyin özü də kifayət qədər əhəmiyyətli bir işdir. Həmin problemlərin həlli istiqamətində isə təkcə MTRŞ yox, bütün cəmiyyət səy göstərməlidir. Televiziyada elə problemlər var ki, artıq kök atıb və onu yox eləmək bir nəfərin işi deyil. Bu mübarizəyə müvafiq qurumlarla bərabər bütün cəmiyyət qoşulmalıdır. Cəmiyyət qoşulurmu? Gəlin, bi az da bu sual ətrafında fikirləşək və problemin kökünü elə cəmiyyətdə axtaraq. Nuşirəvan Məhərrəmlinin ünvanına deyilən əsassız tənqidləri qəbul etmirəm. Fakt odur ki, bu qurum səlahiyyəti daxilində üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir”.

Şəymən