O ananın yerində olsam, bəlkə mən də uşağı zibilliyə atardım!" - AYSEL ƏLİZADƏ





" Bilmədiyimiz səbəbdən zibilliyə atılan uşağı müzakirə etməkdənsə, daha dərinə gedib, bu faciələrinin qarşısını almağa çarə axtarmalıyıq”.

Bunu Sherg.az-a Quba rayonunda zibillikdən 4 aylıq dölün tapılmasına münasibət bildirərkən, tərcüməçi-yazar Aysel Əlizadə deyib. 

O, söyləyib ki, bölgələrdə daha sivil tibbi yollar əlçatan olmadığına görə, dölü abort etdirib, zibilliyə atan valideynlər olur:

"Hadisənin kökündə müxtəlif səbəblər dayana bilər. Bəlkə də həmin qadının elə böyük problemi olub ki, abort etdirməyə məcbur qalıb və bu artıq onun şəxsi seçimi olduğundan ictimailəşdirmək düzgün olmaz. Tək bölgələrdə deyil, paytaxtın özündə də türkəçarə ilə ev şəraitində abort etdirən qadınlar var. Ona görə məsələ araşdırılmalı, səbəbləri müəyyən edilməlidir. Problemi ortaya çıxardıqdan sonra ictimailəşdirə bilərik. Yalnız Azərbaycanda deyil, dünyanın hər yerində övladını atan valideynlərlə rastlaşmaq olur. Müxtəlif səbəblərdən qadınlar övladlarını dünyaya gətirib, ya zibilliyə atırlar, ya da ki uşaq evlərinə. 

Onların özlərinə aid səbəbləri, problemləri olur. "İnsan içinə necə çıxarım”, "atası atıb gedib, saxlaya bilmərəm”, "uşaq istəmirdim, abort üçün gec idi” və s. səbəblər gətirilir. Sözsüz ki, uşağı, övladı zibilliyə atmaq müdafiə edilməməlidir. Bu, sadəcə faciədir. Küçədə gedərkən, bir heyvanın belə üşüdüyünü gördükdə blokun qapısını açıb, onu içəri ötürürük. Mənim ev heyvanım olsa, öldükdə qutuya qoyub zibilliyə atmaram. Pişiyim ölmüşdü, onu zibilliyə atmağa ürəyim gəlmədi və ədəb-ərkanla basdırdım. Bu, əlbəttə ki, məsələnin insanlıq, mərhəmət tərəfidir. Lakin belə düşünürəm ki, insanların başına gələn faciəni dəqiqləşdirmədən ittiham edə bilmərik. Bilmirik ki, o döllər zibilliyə niyə atılır?, ananın psixoloji durumu nədir? Bəlkə o qadının həmin andakı psixoloji vəziyyətini yaşasam, mən də uşağı zibilliyə atardım.

 Çünki doğuşdan sonra adi, normal ailəsi olan qadınlar belə əsəbi olurlar, öz həyat yoldaşı ilə mübahisələri yaranır. Bəlkə o qadın pulu olmadığı üçün, ya digər səbəbdən, doğuşda aşağılanıb, bəlkə ağlını itirib, o vəziyyətdə övladı belə gözünə görünməyib. Ona görə bilib-bilmədən qınaya bilmərik”.

Bəzən səbəblərini bilib-bilmədən insanların bu cür hadisələri ictimailəşdirdiyini deyən A.Əlizadə konkret görüntü və ya araşdırma olmadan bu cür ittihamlar səsləndirməyi düzgün hesab etmir:

"Məsələn, ötən günlərdə Nuray Bayramzadənin videosu yayıldı. Həmin görüntüyə cəmiyyətdə kəskin münasibət göstərildi. Fərqli fikirlər səsləndi, kimi müdafiə etdi, kimi tənqidlə yanaşdı. Lakin zibillikdən yeni doğulmuş körpə ya da abort etdirilmiş döl tapıldıqda əlimizdə birbaşa məlumat olmur ki, biz buna birmənalı yanaşaq. Bəlkə körpəsini atan o ananı tapıb, danışdırsaq, bizə elə dəhşətli faktlar danışar ki, onun qarşısında diz çökərik.

Çünki həyatımız boyu qadın faciəsi haqqında müxtəlif hadisələr eşidirik, şahid oluruq. Mən uşaq idim, qonşuda əri tərəfindən hər gün işgəncə ilə döyülən qadını görə-görə böyümüşəm. Ona görə bunu tənqid etmək asandır, belə faciələrin aradan qaldırılmasına çalışmalıyıq. Biz hadisə ilə rastlaşdıqda qadını təhqir edirik, söyürük, ləyaqətini alçaldırıq, gücümüz ancaq buna çatır. Bununla problem həll edilmir axı. Gəlin papağımızı qabağımıza, əlimizi çənəmizə qoyub, fikirləşək ki, bu vəziyyətdən necə çıxa bilərik. 

İki gün əvvəl "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın qadın sığınacağına baş çəkdim. Sığınacaqda o qədər dəhşətli hadisələrlə üzləşmiş, faciəvi həyat yaşamış qadınlar yaşayır ki, insan onların hekayəsini dinlədikcə problemin yükünü anlayır. 

Mehriban xanım həmin qadınları işgəncə gördüyü yerlərdən xilas edib, küçəyə atıldıqda sahib çıxıb, orada məskunlaşdırıb, dəstək olub. Pul tapdıqda son qəpiyinə qədər o xanım həmin sığınacaqda yaşayan qadınlara bağışlayır. Heç kimə əyilmədən, dişi ilə, dırnağı ilə sığınacağı müəyyən yerə gətirib çıxarıb. Azərbaycanda həmin qadın sığınacağına heç kim ən cüzi səviyyədə dəstək olmur. Müzakirə etmək istəyiriksə, bunu gündəmə gətirməliyik ki, M. Zeynalovanın qadın sığınacağı niyə dəstəksiz qalıb. Artıq zibillikdən uşaq tapılmasını müzakirə edib, səbəbi bilinməyən bir hadisənin arxasınca qaçmaq kifayət deyil, daha üst səviyyəyə qalxmalıyıq”.

Qeyd edək ki, ötən gün Quba rayonunda zibillikdən 4 aylıq döl tapılıb. Bu hadisə doğulmuş körpələrin və uşaqların müxtəlif yerlərə, zibilliklərə atılmasını bir daha gündəmə gətirib.

Aysel Aslan