“O çalışmaqdan yorulmur”

Pərviz Əsgərov: “Sevdanı xanım həmkarlarından çox kişi müğənnilər qısqanır”



Müğənni Sevda Yəhyayevanın prodüseri Pərviz Əsgərovun açıqlamaları gündəmi yenə də tərpədə bilər. Necə deyərlər, susqunluq içində olan şou-biznesi bir az yuxudan oyada bilər. Hətta bəzi xanım sənətçilər məhz bu iddiadan sonra Sevda ilə rəqabətə meyl göstərəcəklər ki, gündəmə gəlsinlər.

Tanınmış prodüser Sevdanın Azərbaycan şou-biznesində xanımlar arasında ilk beşlikdə yer aldığını iddia edir.

- 10 ildi Sevda Yəhyayeva ilə çalışırsan. Gənc, amma məşhur xanımın "kapriz”ləri səni yormur?

- 10 ildən artıq bir sənətçi ilə işləmək asan deyil. Təbii ki, bunun üçün müğənninin insanlığı da vacibdi. Sevda ilə elə bir çətin durumum da olmayıb. Mən onun xasiyyətini artıq bilirəm. Bu illər ərzində bir il xarici ölkədə yaşamalı oldum deyə çalışa bilmədik. Qayıtdıqdan sonra yenə bir yerdə iş birliyimiz başladı. Qaldı Sevdanın "kapriz”li olmasına, hər bir qadının "kapriz”i olur. Sevda gənc, tanınmış xanımdı. Onun "kapriz”inin olması çox normaldı. Kişi deyil ki, "kapriz”ini götürmək çətin olsun. Aramızda kiçik inciklik də olur, xoş anlarımız da olur. Əsas odur ki, biz biri-birimizə hörmətlə yanaşa bilirik. Məşhur, tanınmış xanımın "kapriz”li olması əslində çox təbii görünməlidir. Ulduzda "kapriz” olmasa, o, maraqlı görünə də bilməz.

- Bəs nə əcəb bu yay Sevda solo konsert vermədi? Adətən yay mövsümlərində maraqlı layihələr təqdim edirdi. Sevda da yoruldu?

- İndi əvvəlki zaman deyil. Solo konsert vermək çox böyük vəsait tələb edir. Üstəlik, insanların da dolanışığı əvvəlki deyil. Ona görə də müğənninin solo konsert verməsi az qala mümkünsüz olub. Hər il yay konsertləri təşkil edirdik. Bu il olmadı. Amma Heydər Əliyev Sarayında, ya da Filarmoniyada konsert proqramı ilə çıxış etmək planımız var. Qaldı Sevdanın yorulmağına, qətiyyən. Sevda çalışmaqdan yorulan müğənni deyil. Axtarışa maraqlıdı. Yenilik sevəndi. Yeni mahnıları da var. Bu yaxınlarda Faiq Sücəddinovdan yeni bir mahnı almışıq. Sözləri Xanım İsmayılqızına məxsusdu. Lirik bir parçadı. Ola bilsin, bu bəstəyə klip də çəkilsin. İnşallah, sentyabrın ilk 15 günlüyündə mahnı tam hazır olmalıdı.

- Şou-biznesdə duet təkliflər dəbdədi. Sevdaya təkliflər gəlirmi?

- Sevdanın bir neçə maraqlı duetləri olub. Son işlərindən biri olan Ceyhunla işbirliyi maraqla qarşılandı. "Bal dadır” dueti həqiqətən izləyicilərin çox sevdiyi parça oldu. Belə təkliflər gəlir. Maraqlı olanda dəyərləndirə bilirik. Toylarda ən çox istənilən mahnı "Bal dadır” olur.

- Gənc, gözəl xanımdı. Toyda, tədbirlərdə xanım həmkarları tərəfindən qısqanıldığını hiss edirsiz?

- Bilirsiz maraqlısı nədir? Sevdanı xanım həmkarlarından da çox kişi müğənnilər qısqanmağa başlayıb. Biz belə qısqanclıq halları ilə tez-tez rastlaşırıq. O qədər qısqanclıqların şahidi oluruq ki. Sevda gözəl xanımdı, kifayət qədər sevilən ulduzlar sırasındadır. Bu gün Azərbaycanda xanım müğənnilər arasında 5 məşhurun adı çəkilirsə, o beşlikdə Sevdanın adı var. Bunu hər gənc müğənni bacara bilməz. Sevdanın adı bu gün estradamızın məşhur ulduzları arasında çəkilir. Görünür, bu da bəzilərini narahat edə bilir.

- Bəzi müğənnilərimiz türk səhnəsinə maraq göstərirlər. Sevda türk şou-biznesinə qatılmaq istəyirmi?

- Türkiyədə tanınmaq, ya da iş görmək üçün əvvəl gərək öz yurdunda, öz vətənində tanınasan. Burda sözünü deyə biləsən. Özünü burda elə təsdiqləməlisən ki, Türkiyədə də sözünü deməyə imkanının yaransın. Misal üçün, Röya bu gün Azərbaycanda möhürünü qoya bilən sənətçidir. Röya Azərbaycan səhnəsinin brendi sayılır. Bunu qəbul etmək lazımdı. O, Azərbaycanda möhürünü vurub. Bu gün Türkiyədə də Azərbaycanın ən məşhur siması olaraq təqdim edilir.

- Yeri gəlmişkən, Sevdanın bu gün Röya ilə münasibəti necədir? Bir aralar aralarında soyuq küləklər əsirdi...

- Bu gün onlar arasında münasibət əladı.

- Yəni barışıblar...

- Onlar küsməmişdilər ki.. Sadəcə arada anlaşılmazlıq olmuşdu. Buna da səbəbkar olan insan mən olmuşam. Müsahibələrimdən birində dediyim fikir düzgün anlaşılmadığından Röya ilə Sevda arasında inciklik yaranmışdı. Mən Almaniyadan qayıtdıqdan sonra məclislərdən birində Röyanı görüb yaxınlaşdım, üzrxahlıq etdim. Bildirdim ki, o Sevdanın yox, mənim yanlışığım olub. Röya mənim çox dəyər verdiyim insandı. Mən Röya ilə çalışmışam. Şou-biznesdə ilk addımlarımı atanda Röya mənə çörək verən insan olub. Onun "Röya” jurnalında çalışmışam. Mən onun insanlığını itirə bilmərəm. Uzun illərdi şou-biznesdəyəm. Mən onun kimi ürəyi olan az müğənni görmüşəm. Ona görə də özümə borc bildim ki, Röyaya yaxınlaşıb səhvimi bildirim. Sevda o məqamda günahsız olub. İndi isə aralarında əla dost münasibəti var. Hətta bir yerdə film də izləyirlər, istirahət də edirlər.

- Sevda seriallara necə, maraq göstərirmi?

- Əvvəllər serialı izlədiyini görməmişdim. Amma Türkiyədə ötən mövsüm gedən "Kara Sevda” serialının bütün bölümlərini izlədi. O, seriala böyük maraqla baxırdı. Hətta mən çalışdım "İçəridə” serialına baxsın. Çüki mən özüm o serialı izləyirdim. Amma o, "Kara Sevda” ya baxmağa üstünlük verdi.

- Sevdaya serial, film dəvətləri gəlirmi?

- Gəlir. Sadəcə maraqlı ssenarisi olsa, dəyərləndirə bilərik. Sevdaya film dəvətləri çox gəlir. Maraqlı, peşəkar komanda ilə işləmək olar. Bu yaxınlarda da bir dəvət gəlib. Onu dəyərləndirməyə çalışırıq. Əgər danışıqlar alınsa, ola bilsin çəkilsin.

Tahirə