“O ruhları bir də incitmək lazım deyil”

“Əksinə, xaricdə yerləşən Cümhuriyyət qurucularımızın məzarlarını anım yerinə çevirməliyik”
“Həmin ölkələrə səyahət edəndə, mütləq o məzarlara baş çəkməli, orada yaşayan vətəndaşlara tariximizi göstərməliyik”



Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Dövlət başçısı cari il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini söyləyib. Ölkə rəhbərinin AXC ilə bağlı qərarı ictimaiyyət nümayəndələri, xüsusən tarixçi-alimlər tərəfindən çox yüksək dəyərləndirilib.

Onların fikrincə, verilən qərar dövlət başçısının Cümhuriyyət tarixinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Millət vəkili Tahir Kərimli də "Şərq”ə açıqlamasında deyib ki, Prezidentin qərarı ölkənin müstəqilliyinə verdiyi dəyərdir: 

"Milli Azadlıq Hərəkatının iştirakçılarından biri olaraq, 2018-ci ilin "AXC” ili elan olunması məni həddindən artıq sevindirdi. Dəfələrlə rəhbəri olduğum Vəhdət Partiyasında əqidədaşlarımla bu məsələ barədə müzakirələr keçirib, təqdir etmişik”.

Cümhuriyyətin yüz illiyi ilə bağlı görülən işləri qənaətbəxş hesab edən millət vəkili deyib ki, elmi-tədqiqat işləri aparılır, günbəgün həmin tarix araşdırılacaq: "Hesab edirəm ki, bu ilin Cümhuriyyət ili elan olunması həm də Azərbaycanın dövlətçilik ənənələrinə sadiqliyin nümayişidir. Bu həm də dünyaya bir mesajdır ki, Şərqdə ilk demokratik, parlamentli respublika yüz il bundan əvvəl məhz Azərbaycanda yaradılıb”.

100 illik yubiley çərçivəsində atılacaq addımlarla bağlı konkret təklifləri də olduğunu deyən Tahir Kərimli hesab edir ki, Cümhuriyyət muzeyi, kompleksinin yaradılması daha da məqsədəuyğun olardı. "Cümhuriyyətimizin qurulmasında əməyi olan ictimai xadimlərin məzarlarını ölkəyə köçürmək və mavzoley yaratmaq olar. Mən hələ 90-cı illərdə Məhəmməd Əmin Rəsulzadənin qəbrinin Azərbaycana gətirilməsi ilə bağlı dövlət başçıları qarşısında məsələ də qaldırmışdım”.

Sherg.az-a əlamətdar tarixi hadisələrin, təqvimdən təqvimə, yubileydən yubileyə xatırlanmağının tərəfdarı olmadığını deyən "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı qeyd edib ki, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi, silsilə tədbirlər həyata keçirilməsi, 2018-in "Azərbaycan Cümhuriyyəti ili” elan edilməsi müsbət addımlardır: 

"Sadəcə unutmamalıyıq ki, 100 illik keçiriləndən sonra, 101-ci ildə tədbirlər zəifləməməlidir. Daima Cümhuriyyətin tariximiz üçün nə demək olduğunu bilməli, övladlarımıza öyrətməliyik. Hökumətin təbii ki, tədbirlər silsiləsi var və müvafiq qurumlar da bu məsələdə fəallıq göstərəcək. Ən böyük təklifim o olardı ki, həqiqətləri və şanlı tariximizi heç vaxt unutmayaq.

Konkret məsələlərə gəlincə, tanınmış jurnalist Arif Əliyevin "Yalama” adlı yazısını xatırlatmaq istəyirəm. "Yalama” stansiyasında Cümhuriyyətimizi məhv etməyə gələn Qızıl Ordunun 30 minlik qoşununun qarşısında 320 gənc Azərbaycan əsgərinin ölümün üzünə durması faktı var. Bununla bağlı ssenari də hazırdır və sənədli film çəkmək olar. İstərdim ki, şəhidlərimizin ruhuna həmin döyüş olan yerdə heç olmasa, bir abidə ucaldılsın”.

E.Şıxlı uzun müddətdir müzakirə olunan Cümhuriyyət qurucularının xarici ölkələrdəki məzarlarının Azərbaycana gətirilməsi məsələsinə də toxunub:

"Bir nümunə çəkim. Ermənilər "qəhrəman” elan etdikləri, qatil Andranikin məzarını Fransadan Ermənistana gətirmirlər. Əksinə, onlar avropalıları Parisdəki məzara aparıb, "qəhrəman” kimi təqdim edirlər. Biz də xaricdə yerləşən Cümhuriyyət qurucularımızın məzarlarını anım yerinə çevirməliyik. Həmin ölkələrə səyahət edəndə, mütləq o məzarlara baş çəkməli, orada yaşayan vətəndaşlara tariximizi göstərməliyik. Həmin ölkələrdəki səfirliklərimiz də buna diqqət etməli, o anım yerlərinə turlar, ekskursiyalar təşkil etməlidir. Cümhuriyyət qurucularının ruhlarını bir də incitmək lazım deyil”.

Şəymən