Dünyanın ən güclü ordularının sıralanmasında Azərbaycan 50-ci yerdədir
"Global Firepower” saytı dünyanın ən güclü ordularının siyahısını tərtib edib. Təşkilatın açıqladığı reytinq siyahısında 106 ölkə yer alıb. Siyahı hazırlanarkən ölkələrin nüvə potensialı nəzərə alınmayıb, orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyəti əsas götürülüb.
Ümumilikdə 50 faktor əsasında tərtib olunan siyahıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır. İlk onluğun sıralaması isə belədir: Çin, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya. Azərbaycan siyahıda 50-ci yerdədir. Azərbaycan Ordusu 52-ci yerdə olan Belarusu, 64-cü yerdə olan Gürcüstanı və 80-ci yerdə olan Qazaxıstanı geridə qoyub. Ukrayna 21-ci yerdə qərarlaşıb.
Ermənistan isə ümumiyyətlə siyahıya düşə bilməyib.
Ölkəmizin xeyli irəliləyərək dünya orduları sırasında 50-ci yerdə qərarlaşmasını dəyərləndirən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Silahlı Qüvvələrdə çox böyük yeniliklər baş verməkdədir. Son illərdə Azərbaycanın silahlı qüvvələrində aparılmış işlər, hərbi texnikanın, silah-sursatın alınması da Azərbaycanın reytinqinin qalxmasına təsir edib: "Ordu çox sayda insanın hərbi qulluğa cəlb edilməsi, böyük hərbi büdcə, ən müasir hərbi texnikaların alınması, ordu quruculuğunun bütün hallarda ön plana çəkilməsi deməkdir. Azərbaycan da bütün bunları etməyə məcburdur. Çünki torpağımızın bir hissəsi qonşu Ermənistan işğalçıları tərəfindən işğal olunub. Dövlət büdcəsinin 1/6-i hərbi sahəyə ayrılıb. Biz həmçinin gənclərimizin hər birini hərbi xidmətdən keçirməyə məcburuq. Torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra isə ordumuz artıq maddi, çevik və zəruri texnika ilə təchiz edilmiş bir orduya çevriləcək. Bu gün isə ölkə rəhbərliyinin apardığı düşünülmüş, milli maraqlara cavab verən ordu quruculuğu siyasəti həyata keçirilir. Ancaq güclü ordu ilə biz torpaqlarımızın işğaldan azadlığına nail ola bilər, qəsbkar erməniləri Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar edə bilərik”.
Ermənistan ordusunun bu hesabatda yer almamasına gəldikdə isə A.Mirzəzadə deyib ki, Ermənistanın apardığı siyasət onun Azərbaycanın təşəbbüskarı olduğu layihələrdən kənarda qalmasına və büdcəyə daxilolmaların sıfıra enməsinə səbəb olub: "Ermənistanın dövlət büdcəsi 2, 5 milyard dollardır. Həmin büdcənin də 1/5-ni hərbi sahəyə ayırıb. Ermənistanda adambaşına düşən hərbi xərclər həddindən artıq aşağıdır. Ermənistan ordusu bu gün yeni silah ala, ordu quruculuğuna vəsait ayıra bilmir. Hərbçilərin sosial vəziyyətinin həlli istiqamətində heç bir layihə həyata keçirilmir. Bütün bu faktlar da Ermənistan ordusunun geridə qalması ilə nəticələnib. Ermənistanda korrupsiya, rüşvətxorluq baş alıb gedir, əsgərlərin aldığı vəsait zabitlər tərəfindən mənimsənilir. Bu siyasətlə isə təbii ki, nə Ermənistan dövləti, nə də onun ordusu inkişaf edəcək”.
Şəymən