Sevinc Fədai: "Sadəcə qadın anlayıb ki, onu müəyyən zərurət səbəbiylə gətirib bir əşya kimi bu evə qoyublar və onun ömrü də elə əşya kimi hissiz, sevgisiz, sayğısız keçəcək"
O xanım sevgi, dəyər istəyib
20 yaşlı qadının intihar fikrinə gəlməsinə səbəb təkcə ərinin Rusiyaya getməsi deyil
Sevinc Fədai: "Sadəcə qadın anlayıb ki, onu müəyyən zərurət səbəbiylə gətirib bir əşya kimi bu evə qoyublar və onun ömrü də elə əşya kimi hissiz, sevgisiz, sayğısız keçəcək"
Sevinc Fədai: "Sadəcə qadın anlayıb ki, onu müəyyən zərurət səbəbiylə gətirib bir əşya kimi bu evə qoyublar və onun ömrü də elə əşya kimi hissiz, sevgisiz, sayğısız keçəcək"
Dəyərsizlik və sevgisizlik daha bir qadını intihara vadar edib. Polislər zamanında müdaxilə etməsə, daha bir gənc qadın ailə-məişət münaqişəsinin qurbanı olacaqdı. Tovuzun Qovlar şəhərində 20 yaşlı Novruzova Gülay ərinin Rusiyaya getməsinə etiraz olaraq şəhər parkı yaxınlığındakı körpüyə çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn polis əməkdaşları qızın intihar cəhdinin qarşısını alıblar.
Profilaktik söhbətlər zamanı Novruzova etiraf edib ki, bu yolla ərini və onun doğmalarını yola gətirmək istəyib. Novruzovanın əri pul qazanmaq üçün Rusiyaya getmək istəyir. Qadın isə birmənalı olaraq ərinin Rusiyaya getməsinin əleyhinədir.
Bu artıq neçənci dəfədir ərinin Rusiyaya getməsinə və orda işləyən ərinin geri gəlməməsinə görə qadınlar özlərinə qəsd edirlər. Onların bu addımı isə cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət bu cür bəsit səbəblərə görə qadının intihar cəhdini qınayır. Kimisi də yaşadığı situasiyalar fonunda haqlı olma ehtimalını irəli sürür. Eyni taleyi yaşayan qadınlarımız çoxdur. Onların da həyatında "bıçağın sümüyə dirəndiyi" anlar olur. Belə anlarda bəziləri ağlını itirmə həddinə çatdığı kimi, bəziləri həyatına son qoymağa qərar verir. Gələcəyə ümidsizlik, qara düşüncələr insanı canına belə qıymağa vadar edir. Bəs, onların çıxış yolu nədir? Necə davranmalı, öz həyatlarına necə davam etməlidirlər?
"Qadın və Uşaq Akademiyası" İctimai Birliyinin təsisçisi, jurnalist Sevinc Fədainin "Şərq”ə açıqlamasına görə, 20 yaşlı gəlin həyat yoldaşından ayrı qalmaqdan narahatlığını bildirib. Heç kimin ona anlayış göstərmədiyi üçün intihara cəhd edib:
"Necə ki, digər situasiyalarda anamız, böyüklərimiz "döz, otur, olan şeydir, başqa çarə yoxdur, ölsən də, qalsan da belədir” deyirlər, yəqin ki, bu cür problemlər qabardılanda da belə deyirlər. Təbii ki, dünyagörüşü, həyat təcrübəsi, başqa çevrəsi, mühiti olmayan 20 yaşlı bir qız da ailəsindən dəstək, anlayış görməyəndə çarəni ölümdə görür. Ölüm çarə, bu da intihara səbəb deyil, amma bəsit mövzu da deyil.
Çünki iki insan həyatını birləşdirməyə qərar verirsə, deməli, qadın və kişi olaraq bütün ehtiyaclarının təmin olunmasını da bir-birlərində görürlər. Bura sevgi ehtiyacından tutmuş cinsi tələbata qədər hər şey aiddir. Əks halda insan niyə ailə qurur, niyə ailə olur ki? Onun insan olaraq, qadın olaraq bu ehtiyacları ödənmirsə, elə təkbaşına da yaşaya bilər. Bizim cəmiyyətin bir hissəsində qadına, qıza yanaşma elədir ki, müəyyən bir yaşa çatdımı, onun istəklərindən, seçimlərindən, arzularından asılı olmayaraq, bir kişiyə ərə verilməlidir.
Ər evində də yenə heç bir istəyini dilə gətirə bilməz, hər bir şəraitdə yaşamağa, dözməyə məcburdur. Yəni hər iki tərəfdə məhdudiyyətlər, sərhədlər olur”.
S.Fədai əminliklə iddia edir ki, əgər o gəlinin əri məsafədən asılı olmayaraq ona sevgisini çatdırsa, mənən onun yanında olduğunu bildirsə, saysa, seçsə, o qız bu addımı atmazdı:
"Hamımıza məlumdur ki, ailənin iqtisadi durumu, maddi ehtiyacı səbəbiylə ölkə xaricində işləməyə gedənlər var. Bunu anlayışla qarşılamaq, vəziyyət düzələnə qədər səbr etmək olar. Sadəcə qadın anlayıb ki, onu müəyyən zərurət səbəbiylə gətirib bir əşya kimi bu evə qoyublar və onun ömrü də elə əşya kimi hissiz, sevgisiz, sayğısız keçəcək. Etiraz etdiyi halda isə təzyiqə, mənəvi və ya fiziki şiddətə məruz qalacaq. Heç bir qadın əşya olmaq istəmir, həyat yoldaşının, evinin xanımı olmaq istəyir.
Qarşı tərəfi dindirəndə isə bəlkə də, görərik ki, elə oğlanın da o qızla evlənməyə meyli, istəyi olmayıb. Bu, ailələrin qərarı ilə məcburi bir evlilikdir. Belə olan halda kişinin necə deyərlər, evdən baş götürüb qaçmaq şansı, çıxış yolu olur. Qadın isə bağlı qapı arxasında, məhbus kimi qalır”.
Birlik rəhbərinin sözlərinə görə, bütün ailə-məişət problemlərinin kökü gəlib valideynlərin gənclərin həyatına uyğunsuz müdaxiləsinə, hökmünə çıxır: "Valideynlərdən xahiş edirik, məcburi evliliklərin qurucusu olmayın, ölümlərə səbəb olmayın. Ailə iki insanın razılığı, sevgi və sayğısı sayəsində qurulmalıdır.
Hər zaman qızların təhsil alması, bir peşə sahibi olması, müəyyən dünyagörüşü, çevrəsinin olmasının vacibliyini ona görə vurğulayırıq ki, belə bir çətin durum yarananda o qadınların seçim şansı olsun. Onun qayıdacağı bir evi, ailəsi, döyəcəyi başqa bir qohum qapısı olmayanda, özünün düşüncəsi, məntiqi sayəsində gələcəyi bir qərar, açacağı qapı, mübarizə aparmağa gücü, əzmi olsun.
Bütün bunlar isə bağlı qapı arxasında, cahil, dünyagörüşsüz, kölə təfəkkürlü insanların arasında formalaşa bilməz. Əgər sizə bir insan, bir qadın kimi dəyər vermirlərsə, söz haqqınızı əlindən alır, şiddət tətbiq edirlərsə, seçiminiz intihar yox, həmin mühitdən uzaqlaşmaqdır.
Mütləq siz özünüzə yeni bir səhifə aça, çətinliklərin öhdəsindən gələ, layiq olduğunuz dəyəri verəcək insanların arasında özünüzə yer edə biləcəksiniz. Bunun üçün isə əvvəlcə özünüz-özünüzə dəyər verməli, yaşamaq haqqınızı dərk etməlisiniz. Sizin həyatınız başqalarının qərar və seçimindən, sizə təqdim etdikləri həyatdan asılı deyil. Bütün bu məsuliyyət və haqlar sizin özünüzə aiddir. Yalnız özünüzə. Bu kimi çarəsiz qadınlara dəstək olmaq üçün biz yenicə "Qadın və Uşaq Akademiyası" İctimai Birliyimizi yaratmışıq. Döyəcək qapınız yoxdursa, bizə müraciət edə bilərsiniz. Biz sizin yanınızdayıq”.
Şəymən