Ölkədə 2,5 milyon vətəndaşın kredit götürməsi normal hadisədir
"Azərbaycanda 2 milyon 472 min 302 nəfər kredit götürüb”. Bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il avqustun 1-nə olan bülletenində xəbər verilib. Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 438 min 268 nəfəri fiziki şəxs, daha sadə şəkildə desək, istehlakçılardır.
Bundan əlavə, 11 083 hüquqi şəxs, 22 min 951 nəfəri isə sahibkarlıq subyektidir. Zamin şəxslərin sayı isə son bir ayda 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb. Bundan başqa, bülletendə o da vurğulanıb ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə isə 2 milyon 434 min 759 nəfər olub. Məsələni dəyərləndirən iqtisadçı-ekspert Azər Mehdiyev "Şərq”ə deyib ki, açıqlamada vaxtı keçmiş borclardan deyil, 2,5 milyon vətəndaşın kredit götürməsindən söhbət gedir: "Bu prosesləri qarışdırmaq olmaz. Qurum banklardan kredit alanların siyahısıdır. Burada qeyri-adi heç bir şey yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində də vətəndaşların əksəriyyətinin kredit borcu olur. Kreditdən istifadə gerilik deyil, tərəqqinin göstəricisidir. Deməli, insanların imkanı var ki, müxtəlif vəsaitləri kredit hesabına əldə edib və onun ödənişini həyata keçirə bilirlər. Bu çox normal yanaşmadır. Kredit götürənlərin deyil, problemli kreditlərin sayı 2, 5 milyona çatsa idi, bu artıq təhlükəli məsələ sayıla bilərdi. Amma indiki halda təəccüblü bir iş yoxdur”. Ekspertin fikrincə, Azərbaycanda istehlak fenomeni deyilən bir sindrom var: "İnsanlar bəzən öz imkanlarını düzgün qiymətləndirmirlər. Ətrafdakıların daha yaxşı yaşayışını özləri üçün əsas götürərək onlardan geri qalmaq istəmirlər. Ödənişə gücləri çatmasa da, kreditlər əldə edirlər. Sonradan da kreditləri ödəyə bilmirlər ki, bu da problemli kredit məsələsini gündəmə gətirir. Bu səbəbdən Mərkəzi Bank (MB) son vaxtlar qərar verdi ki, kreditlərin verilmə həcmi insanların aylıq gəlirləri ilə əlaqələndirilməlidir. Çünki əvvəllər banklar kredit üçün müraciət edənlərin ödəniş edə bilmə imkanlarına baxmadan kredit verməkdə maraqlı görünürdülər. Amma son zamanlar, insanların gəlirlərinin azaldığı bir dövrdə bu, banklar üçün ciddi problemlər yarada bilərdi. MB-nin məlum qərarı isə belə problemlərin önlənməsi məqsədi daşıyır”.
Ayyət Əhməd