Ölkədə beyin xərçənginin yayılmasının səbəbləri çoxdur

Professor: “Hətta qızlar da bu qəlyanlardan istifadə edirlər”


Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının bacısı oğlu Vüqar İsrafilov dünyasını dəyişib. S.Rüstəmxanlı bacısı oğlunun beyin xərçəngindən əziyyət çəkdiyini deyib.

Ümumiyyətlə, son zamanlar xüsusən daha çox gənc insanlar arasında beyin xərçəngi müşahidə olunur. Bunun səbəbi ilə bağlı "Şərq”ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla həmçinin xəstəliyin xarakterik xüsusiyyətlərini də qeyd edib.

Professorun sözlərinə görə, xəstəliyin səbəbi birmənalı olaraq identifikasiya olunmayıb. Lakin bəzi amillər var ki, bunlar bədxassəli şişlərin əmələ gəlməsi üçün zəmin rolunu oynayır: 

"Sinir sistemi xərçənginin sırasında ən çox rast gəlinən mərkəzi sinir sisteminin, o cümlədən baş beynin bədxassəli törəmələridir. Söhbət burda bütün bədxassəli törəmələrdən gedir. Xərçəng yalnız beyində su yolunun içərisində olan epitel toxumasından inkişaf edir. Qalan cəhətlər, beyin qişasında inkişaf edən birləşdirici toxuma strukturlu bədxassəli şişlərdir.
Beyin şişlərinin erkən əmələ gəlməsinin səbəbləri ondan ibarətdir ki, anadangəlmə inkişaf prosesi zamanı olan qüsurlar və beyin toxumalarının inkişafındakı qüsurlar sonradan müxtəlif proseslərin başlanğıcı ola bilər. Digər tərəfdən isə bu gün bizim istifadə etdiyimiz cihazların böyük əksəriyyəti şüalanma ilə bağlıdır. Düzdü, bunlar radio şüalanmadır. Amma çox yüksək tezisli şüalanma olduğu üçün sinir hüceyrələrinə zərərsiz ötüşmür. Və bu gün mobil telefonların sinir sistemlərinə, ümumiyyətlə, orqanizmə nə qədər neqativ təsir göstərməsi ilə bağlı yetərli səbəblər var. Genetik modifikasiya olunmuş qidalar, bəzi konserv tərkibli qidalar və indiki nativ qidaların tərkibində olan gübrələr, yəni ekoloji səbəblər də sinir sistemi şişlərinin əsasında dayanan faktorlardır”.

A.Qeybulla həmçinin bildirib ki, bir sıra bədxassəli davranışlar, yəni həddindən artıq alkoqol, siqaret qəbulu, eyni zamanda qəlyanlar da xəstəliyin əmələ gəlməsi üçün səbəblərdən biridir: 

"Hətta qızlar da bu qəlyanlardan istifadə edirlər. Qəlyanın tərkibində olan rəngli boyaların çoxusu konsirugentdir. Onlarla nəfəs alma özü konsirugent təsir göstərir.
Bədxassəli şişlər üçün bədəndəki oksidlərin, xüsusilə də anti-oksid fəaliyyətin zəifləməsi, xərçəng əleyhinə müdafiə sisteminin pozulmasına gətirən amillərdən olduğu üçün bunların rolu məsələdə danılmazdır”.

Yeganə Bayramova