Ölkəmizdə geniş potensial var

Tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır




Ötən günlərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirib. Toplantıda dövlət başçısı qarşıdan gələn dövrdə sosial-iqtisadi sahədə prioritet istiqamətləri göstərib və həyata keçiriləcək tədbirlərdən danışıb.

Prezident qeyd edib ki, 2016-cı ilin ötən altı ayının nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq: "2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri ümidvericidir. 2016-cı ilin birinci yarısında Azərbaycanda qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb, iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub. 2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq. Başlanmış böyük işlərin nəticəsi gələcək illərdə özünü göstərəcək. Hazırda Azərbaycanın maliyyə-bank sektoru, kənd təsərrüfatı və sənaye potensialının inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. Azərbaycanın uğurlu inkişafının təməlində düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların uğurla icrası amili dayanır”.

Dövlət başçısı diqqətə çatdırıb ki, sənaye istehsalı və kənd təsərrüfatı gələcək inkişafın prioritet istiqamətlərini təşkil edir: "Sənaye potensialımızın inkişafı prioritet məsələlərdən biridir. Sənaye istehsalı ilə bağlı iri layihələr icra edilir. Orta və kiçik sahibkarlığın inkişafı ölkənin sənaye potensialını daha da gücləndirəcək. SOCAR Polimer kompleksinin, azot gübrələri zavodunun və digər iri müəssisələrin istismara verilməsi Azərbaycanın iqtisadi potensialını gücləndirəcək, minlərlə yeni iş yeri yaradılacaqdır. Azərbaycanda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır. Bu sahədə idxaldan asılılıq azalacaq, vətəndaşlarımız daha keyfiyyətli dərmanlarla təmin olunacaq. Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və Mingəçevir şəhərində böyük sənaye potensialı, hazırlıqlı kadr potensialı var. Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməlinin qoyulması, bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Ciddi ixrac potensialı yaradılmalı və Azərbaycan öz məhsulları ilə xarici bazarlara çıxmalıdır. Xalçaçılığın inkişaf etdirilməsi ilə bağlı müxtəlif bölgələrdə yerlər ayrılır, dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq”.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov qeyd edib ki, ölkəmizdə idxaldan asılılığı aradan qaldırmaq üçün görülən işlər müsbət nəticə verir: "İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra hökumətin qarşısına iki ciddi məsələni qoyub: Qeyri-neft sektorunun inkişafı və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi. Hər iki məsələ yerli istehsalın inkişafı ilə bağlıdır. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar son illər müəyyən işlər görüldü və ildə təxminən 7-10 faiz arası inkişaf var. Əsasən sənaye, kənd təsərrüfatı kimi sahələrə diqqət artırılır. Kifayət qədər olmasa da, müəyyən qədər inkişaf var. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Kənd təsərrüfatı sahəsi ilə bağlı görülən işlərin sayı artırılıb. Kənd təsərrüfatını vergilərdən azad etmə mexanizmi həyata keçirilir. Böyük işlər görülür”.

Millət vəkili bildirib ki, yerli istehsalın inkişafı üçün dövlət tərəfindən görülən işlərin nəticə verməsi üçün əhalinin aktivliyi tələb olunur: "Yerli istehsalı stimullaşdırmaq üçün güzəştli kreditlər verilir. Heç bir problem yoxdur. Bu işlər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilir. Yerli istehsalın inkişafı üçün dövlət tərəfindən addımlar atılır və əhalinin aktiv olub bu yardımlardan yararlanması lazımdır. Yerli xammaldan istifadə etməklə müxtəlif sahələrin inkişaf etdirilməsinə böyük ehtiyac var”.

İqtisadçı-ekspert Vüqar Bayramov da söyləyib ki, yerli istehsal hesabına tələbatı tam ödəmək bir hədəf olmamalıdır. Amma istehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi vacib amillərdəndir: "Yerli istehsalın inkişafı yalnız istehlakdan asılılığı aradan qaldırmaq deyil. Yerli istehsalın güclü olması manatın devalvasiyası və yumşalması hallarında bazarda qiymət artımlarının qarşısını almağa kömək edir. O baxımdan Azərbaycan üçün yerli istehsal, xüsusilə də ərzaq təhlükəsizliyi baxımından olduqca vacibdir. Ölkəmiz yerli istehsalın bərqərar olmasına çalışmalıdır”.

İqtisadçı vurğulayıb ki, ərzaq məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payı artıb: "Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın təxminən 80 faizə qədərini yerli məhsullar hesabına ödənilməsinə nail ola bilib. Amma qeyri-ərzaq məhsullarında hələ də idxaldan asılıyıq və bu asılılığı aradan qaldırmaq mümkün olmayıb. Təbii ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından yerli istehsalın gücləndirilməsi və istehsal sahələrinin yaradılması daha vacibdir. Ona görə də yerli istehsal formalaşdırılan zaman daxili bazarda olan tələbat və istehsal olunan məhsulların ixrac imkanları nəzərə alınmalıdır. İxrac imkanlarına uyğun yerli istehsalın təşkil edilməsinə ehtiyac var”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan mövcud ixrac qabiliyyətini, qonşu ölkələrdə məhsullarımıza olan tələbatı nəzərə almaqla, kənd təsərrüfatı sektorunda qida sənayesinin inkişafı ilə bağlı yerli istehsalın təmin edilməsi və gücləndirilməsini həyata keçirməlidir: "Burada söhbət kənd təsərrüfatı məhsullarının emal olunaraq dünya bazarına çıxarılmasından gedir. Kənd təsərrüfatı məsullarının emal edilərək dünya, eləcə də daxili bazara çıxarılması yerli istehsalın inkişafını stimullaşdıracaq. Həm də Azərbaycan fermerləri daha çox ixrac imkanlarına malik olacaqlar. Məsələn, fermer pomidoru xammal formasında satmayıb, tomat, turşu hazırlamaqla region və ölkə bazarına çıxa bilər ki, bu da satış imkanlarının genişlənməsinə şərait yaradacaq, Azərbaycanda ixracatın genişləndirilməsinə təkan verəcək”.

İqtisadçının qənaətincə, ölkədə yüngül sənayenin inkişaf etdirilməsinə ehtiyac var: "Kimya sənayesində, tikinti sektorunda yerli istehsalın genişləndirilməsi imkanları var. Azərbaycanda uzun müddət yüngül sənaye sahəsi aparıcı sektorlardan biri olub. Təəssüf ki, bu gün Azərbaycan yüngül sənaye, o cümlədən tikiş məhsullarına olan tələbatın əhəmiyyətli hissəsini qonşu ölkələrdən idxal hesabına təmin edir. Bazar var və ona görə də bu sektorun gücləndirilməsi vacibdir. Tikiş sahəsi də daxil olmaqla yüngül sənaye Azərbaycan üçün ənənəvi sektorlardan biridir. Bunun dəstəklənməsi və inkişaf etdirilməsi qeyri-neft sektorunun inkişafı üçün stimul yaradacaq. Eləcə də tikinti materiallarına tələbatın ödənilməsində yerli istehsalın artırılmasına ciddi ehtiyac var”.

Sonda V.Bayramov onu da əlavə edib ki, monitorinqlərin nəticələrinə görə, ölkəmizdə istehlak olunan məhsulların təxminən 40 faizə yaxını digər ölkələrdən idxal olunur: "Bu gün dünyada məhsul idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin yerli istehsalının zəif olması demək deyil. İstehlakçılar hər zaman digər ölkələrdə istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır. Amma Azərbaycan üçün ənənəvi sektorlar üzrə idxaldan asılılığın aradan qaldırılması əsas hədəf kimi götürülməlidir. Azərbaycanda yerli istehsalın bir çox sahələrinin inkişaf etdirilməsi üçün geniş potensial var”.

Ayyət Əhməd