Ölüm hökmünü bərpa etsə, Türkiyə AB-dən uzaqlaşacaq





Avropa Birliyi (AB) Türkiyəyə ciddi mesaj verib. Belə ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ankaranın ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin AB-yə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib. Onun sözlərinə görə, AB-də ölüm hökmünün qanuniləşdiyi ölkənin yeri yoxdur.

Yada salaq ki, iyulun 16-da Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi zamanı 265 nəfər həlak olmuş, 1400-dən artıq insan yaralanmışdı. Hadisədən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

Mesajı şərh edən beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev "Şərq”ə bildirib ki, sözügedən xəbərdarlığın Türkiyəyə təsiri olmayacaq: "AB-yə üzvlük Türkiyə üçün real proses deyil. Türkiyənin həmin quruma daxil olmaq ehtimalı olduqca aşağıdır. Bunu Türkiyənin özü yaxşı bilir. Dolayısı ilə məlum təhdidin ciddi bir effekti olmayacaq”.

Ekspertin qənaətincə, hazırda Ərdoğanın özünün AB-yə üzv olmaq istəyinə inanmır: "Prezidentin atdığı addımlar və etdiyi qanun dəyişiklikləri belə deməyə əsas verir. Bir müddət öncə AKP AB-yə daxil olmağa çox istəkli görünürdü. Amma sonradan bu istək azalmağa başladı. İngiltərənin baş naziri Devid Kameron dedi ki, Türkiyənin AB-yə girməsi üçün xeyli müddət keçməlidir. Bu da onu göstərir ki, Türkiyəni bütün dövlətlər qəbul etməlidir. Heç kim "veto” qoymamalıdır. Biri "veto” qoysa, alınmayacaq. Bu səbəbdən o xəbərdarlığın Türkiyəyə təsirinin olacağına inanmıram. Türkiyə hakimiyyəti edam cəzasını tətbiq etməyi beyninə yerləşdiribsə, bunu edəcək. Sadəcə burda bir siyasi mesaj var. Bu, tənqidi bir mesajdır. Yəni Türkiyə AB dəyərlərini paylaşmır. Ölüm cəzası ilk növbədə siyasi cinayətkarlara, vətənə xəyanət edənlərə verilir. Siyasi cinayətlər dünyada xoş qarşılanan bir şey deyil. Müasir dünya edam cəzasını heç vaxt xoş qarşılamır”.

Ayyət Əhməd