Ölümü yazanlar... Akademik intiharların artmasının bir səbəbini də ədəbiyyata bağlayır

Aqşin Evrən: “Nizami müəllimin bu fikri çox dəqiq və yerindədir. Bədbinlik əksər yaradıcı insanların həyatında bir xətt kimi keçir, amma ondan yapışıb qalmaq olmaz”Cəlil Cavanşir: “Sadəcə gənclərin yox, son dövrlər yaranan ədəbiyyat nümunələrinin əksəriyyətində pessimizm meyilləri artıb. Akademikin o fikri ilə razıyam ki, şeirlərdəki intihar meyli oxuculara və bizdən sonra gələn

Sevinc Elsevər: "Mən özüm də intihar mövzusunda şeir yazmışdım bir neçə il əvvəl”
İnsanın intihar etməsinin dinə, şəriətə görə də, ümumi insanlıq nöqteyi-nəzərindən də düzgün olmadığını deyən millət vəkili, akademik Nizami Cəfərov "Şərq”ə açıqlamasında intihar hadisələrinin artmasının bir səbəbini də ədəbiyyatla bağlayıb. İntiharın hər şeydə son hədd olduğunu qeyd edən professora görə, bu daha çox gənclərdə, yeniyetmələrdə, emosional insanlarda özünü göstərir.
Bəzi yaradıcı gənclərin şeirlərini, yazılarını oxuduqda intihara meyl gördüyünü deyən millət vəkilinin sözlərinə görə, bunu hətta şəxsiyyətin həyatının ayrılmaz hissəsi kimi təqdim etmə meyillər də var: "Bu, ədəbiyyatın özünə də istər-istəməz təsir edir. Müsbət hal deyil. Ona görə, əslində gərək gənc də olsalar, yazıçılarımız, şairlərimiz, mütəfəkkirlərimiz yaşamağı təbliğ etməlidirlər”.
Sözsüz ki, insanın nəyə görə, hansı səbəblərdən intihara əl atdığını müəyyən etmək çox çətindi. Hətta bir çox hallarda bunu müəyyən etmək mümkünsüzdür. Ancaq ədəbiyyatda intiharın təzahürləri incələndiyi zaman üzdə müxtəlif problemlərlə qarşılaşsaq da, əslində məsələnin əsli varlıq problemlərinə, dəyərlərlə cəmiyyətin reallıqlarının toqquşmasına, obrazın müəyyən bir çıxış yolunun tapmamasına və s. səbəblərə qədər gedib çıxır.
Ancaq bir məsələ var ki, intiharın təbliği tək gənc yazarların yaradıcılığında özünü büruzə vermir. "Ölüm” şeirlərinə Xalq şairi Vaqif Səmədoğlunun yaradıcılığında daha çox rast gəlirik:
"Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm”
və yaxud da
"Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?...”
Şair Ramiz Rövşənin "Nə var Allahdan yuxarı” şeirində də intihara meyillilik var.
"Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...”.
Görəsən, gənc şairlərimizin özü bu barədə nə düşünür? Doğrudan da gənclərin yaradıcılığını qaramat basıb?
Gənc şair Aqşin Evrən bizimlə söhbətində N.Cəfərovla həmrəy olduğunu deyib: "Dəqiqdir. Çağdaş poeziya insana hiss etməyi, yaşamağı, sevməyi aşılamalıdır. Bədbin bir misranı oxuyanda belə insan içində qəribə bir sevinc hiss etməlidir. İnsanı intihara sövq edən poeziya yüksək sənətkarlıq nümunəsi olsa belə, mənim nəzərimdə mənasız bir meyxanadır, imladır. Müharibələrin, terrorların, dəhşətli iqtisadi və mənəvi böhranın olduğu bir dövrdə ancaq və ancaq sevgi, sülh və yaşamağı təbliğ etmək lazımdır. Son vaxtlar yaşlı nəsil ədəbiyyat adamlarının əksəriyyəti ağlına gələni danışır. Amma Nizami müəllimin bu fikri çox dəqiq və yerindədir”.
Özünü dərindən hiss edən adam heç vaxt intihara, ölümə baş vurmaz
Gənclərin bədbin yazma səbəblərinə gəldikdə isə Evrən bunun dərin alt qatları olduğunu deyib: "Sosial problemlər, uşaqlıq travmaları, həyatın müxtəlif, ayrı-ayrı sahələrində istədikləri uğurları qazana bilməmək, öz yerini tapmamaq və bunların nəticəsi kimi dərin pessimizmə yuvarlanmaq. Bədbinlik əksər yaradıcı insanların həyatında bir xətt kimi keçir, amma ondan yapışıb qalmaq olmaz. Əgər insan bu xətdən yapışıb qalsa, mətn olaraq da, şəxsiyyət olaraq inkişaf prosesi ləngiyir”.
İntihar və ya ölümü təbliğ edən şeirlər yazmadığını deyən şairin sadəcə müəyyən uşaqlıq travmalarının, yaşantılarının nəticəsi kimi ortaya çıxan kədərli şeirləri var. Konkret intihara, ölümə çağırış yoxdur. A.Evrən kədərli mətnini oxucuya təqdim etməklə isə oxucuya bunu çatdırır: "Bax, insanım, mən bütün bunları yaşamışam, çox çətin anlarım olub. Amma həyatdayam, güclüyəm, yaşayıram və insan kimi uğur qazanıram, sən də bacararsan!”. Bir növ, oxucu mətnin sehrinə qapılır və bu da onda hissetmə mexanizminin prosesini sürətləndirir. Özünü dərindən hiss edən adam heç vaxt intihara, ölümə baş vurmaz”.
... heç bir şair səhər duranda "mən bu gün ancaq bədbin şeirlər yazacam” deyə düşünmür
A24.az-ın baş redaktoru, şair Cəlil Cavanşir isə hesab edir ki, sadəcə gənclərin yox, son dövrlər yaranan ədəbiyyat nümunələrinin əksəriyyətində pessimizm meyilləri artıb. Bu proses özünü həm gənc, həm də yaşlı şairlərin şeirlərində büruzə verir: "Elə mən özüm də daha çox pessimist şeirlər yazdığım üçün ətraflı izah verə, problemdən çıxış yolları irəli sürə bilmərəm. Bəlkə də, gənclər arasında bədbin ruhlu şeirlərinə görə ən çox tənqid olunan şairlərdən biri mənəm. Ancaq hörmətli akademikin o fikri ilə razıyam ki, şeirlərdəki intihar meyli oxuculara və bizdən sonra gələn yeni nəsil şairlərin ruhuna da mənfi təsir edir”.
Şairin sözlərinə görə, çağdaş ədəbiyyatda pessimizmin, intihara meyilliliyin hökm sürməsi ölkədə iqtisadi-sosial vəziyyətin ağırlığı ilə bağlıdır. Gənclərin həyat tərzi, yaşam şəraitləri o qədər ağırlaşıb ki, bu da onların yaradıcılığına təsirsiz ötüşmür, qaramat şeirlər yazır. Əgər gənc şairlərin həyatı qayğısız, rəngarəng olsaydı, bu ruh özünü onların yaradıcılığında göstərər və öz şeirlərində, yaşamağı, sevgini tərənnüm edərdilər. Çox yaxşı olar ki, hörmətli professorumuz gənclərin bədbin yazmasının intihara meyl yaratmasından əvvəl gənclərin problemlərinə diqqət ayırsın. Yaradıcılıq elə bir sahədir ki, onu idarə eləmək mümkün deyil. Hansısa şairə qaramat şeir yazma, nikbin ruhda olan əsərlər yaz demək olmaz. Ancaq gənclərin sosial vəziyyətlərinin yaxşılaşması istiqamətində müəyyən addımlar atmaqla onları kədərli düşüncələrdən xilas etmək olar. Bu zaman ədəbiyyatımız da, cəmiyyətimiz də pessimist notlardan xilas olar”.
Şeirlərdə duyulan intihar meylinin sırf şairlərin ruh halı ilə bağlı olduğunu vurğulayan Cəlil Cavanşir deyib ki, heç bir şair səhər duranda "mən bu gün ancaq bədbin şeirlər yazacam” deyə düşünmür. Bu, sırf ovqatla bağlı bir məsələdir.
Onun sözlərinə görə, problemlər girdabında boğulan bir şair mübarizədən, həyat eşqindən bəhs edən bir şeir yazırsa, bunun ancaq bir adı var,o da saxtakarlıqdır: "Əlini həyatdan üzən bir şairin qəhrəmanlıqdan, həyata qarşı mübarizədən, xoşbəxtliyin formulundan yazması real deyil. Əgər kədərli bir insanın şeirində coşqu varsa, o şeirdəki hisslər qeyri-səmimidir. Sevgi dolu birisi kədərli şeir, qaramat bir şair də yaşamağı təbliğ edən ədəbiyyat nümunəsi yarada bilməz”.
İntiharların kütləviləşməsinin təbliğatla, şeirlə, romanla, filmlə heç bir əlaqəsi yoxdur
İntiharın insana xas cəhətlərdən biri olduğunu vurğulayan yazar Sevinc Elsevər yaradıcı adamlar üçün intiharın həmişə maraqlı mövzu olduğunu deyib: "Bir var həmin mövzuda yazırsan, intihara gətirib çıxaran səbəbləri tapmağa çalışırsan. Bir də var təbliğ edirsən. Deməzdim ki, məqsədli şəkildə belə təbliğat var. Amma doğrudur ki, intihardan çox yazırlar. Mən özüm də intihar mövzusunda şeir yazmışdım bir neçə il əvvəl. Tam səmimiyyətlə yazdığım bir şeir idi. İntihar etmək xüsusiyyəti insana xasdır. Və elə bir vəziyyətdir ki, hər bir insan ən azı ömründə bir dəfə o vəziyyətə düşə bilər. Kimsə öhdəsindən gələ bilir, kimsə yox. İnsanın öz xarakteri ilə bağlı məsələdi. İnanmıram ki, kimsə təbliğata görə özünü öldürsün. Sadəcə ölkədə vəziyyət çətindi. Həm sosial problemlər, həm mənəvi problemlər var. Mənəvi aşınmalar gedir. İnsanlar laqeydləşir. Pul azaldıqca insanlıq itir. Başqa vaxt humanizmə meyilli insan aclıq gələndə vəhşiləşir. Yaşamaq uğrunda mücadilə gedərkən kimsə yorulur. Mücadilədən yorulur və intihar edir. Əzab çəkməkdənsə, ölüb canını qurtarmaq yolunu seçir. İntiharların kütləviləşməsinin təbliğatla, şeirlə, romanla, filmlə heç bir əlaqəsi yoxdur. Özü də bizim insanımızı təbliğatla harasa yönəltmək çox çətindir. Elə olsa, min ildi təbliğat aparırıq ki, bir-birini aldatmasınlar, rüşvət almasınlar, verməsinlər, kitab oxusunlar, teatra getsinlər, heç bir xeyri yoxdu. Nə oldu? İntiharı yazıçılar təbliğ elədi, camaat intihar elədi?!”
(Davamı var)
Şəymən