Anar Bayramoğlu
Rusiyada azərbaycanlılar arasında dava baş verib. Həm də bu insident bir-iki nəfər arasında deyil, kütləvi şəkildə yaşanıb.
Konkret olaraq iki qruplaşma biri-birinin "qanını içmək” istəyib, "içib” də. Qanla nəticələnən olay Sankt-Peterburq şəhərində yaşanıb. Rusiya mətbuatının məlumatına görə, şəhərin mərkəzi rayonundakı Apraskin məhəlləsində 2 azərbaycanlı qrup arasında baş verən dava zamanı 28, 31 və 32 yaşlarında 3 nəfər bıçaq xəsarəti alıb. Onlardan biri Marin xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Elə xəstəxanada keçinib.
Xaricdə yaşayan soydaşlarımız arasında davanın olması, qan tökülməsi ilə bağlı bu birinci xəbər deyil. Çox güman ki, axırıncı aldığımız xəbər də olmayacaq. Belə hadisələr çox vaxt Rusiyada, bu böyük ölkənin ayrı-ayrı şəhərlərində baş verir. Azərbaycanlılar biri-birini orda didirlər, parçalayırlar, qanını tökürlər. Səbəb nədir? Məsələn, bizim soydaşlarımızla millətçi ruslar yəni "dazbaşlar” arasında dava olsa, hardasa anlamaq olar. Və yaxud da torpaqlarımızı işğala məruz qoyan ermənilərlə olsa, anlamaq mümkündür. Hər hansı başqa bir millətin nümayəndəsi ilə konflikt yaşanılsa, hardasa yenə də anlamaq olar. Məsələn, fikirləşmək olar ki, "dazbaş”lar miqrantlara basqı edirlər, millətçilik damarları şişir, bizimkiləri davaya çəkirlər, insident yaranır. Və yaxud da, erməni nəsə xoşagəlməz söz deyir, soydaşlarımızdan birinin milli heysiyyatına toxunur, dava yaranır. Yəni bunları anlayışla qarşılamaq olar. Bəs özümüzünkülər niyə aralarında konflikt yaşayırlar? Səbəb nədir? Niyə axı birlik olub, biri-birinə kömək edib, qərib ölkədə biri-birinə dəstək olub yaşamırlar, əksinə, qanlarını tökürlər?
Hər halda Peterburqdakı bu hadisəni oranın hüquq-mühafizə orqanları araşdırıb, olayın səbəblərini üzə çıxaracaqlar. Bu, istintaqın işidir.
Amma gümanla bir versiya irəli sürmək olar ki, bu dava xırda, cüzi bir məsələnin üstündə baş verib. Məsələn, insident hansısa bazarda, "daxal” üstündə baş verə bilər. Niyə bunu deyirəm? Əsgərlik yoldaşım elə həmin şəhərdə, Peterburqda hansısa bazarda kartof satmaqla məşğul idi. Rusiya həyatından, oradakı həmvətənlərimizin biri-birinə qarşı münasibətindən mənə danışanda dedi ki, "daxal”da on santimetr yerin üstündə rusların "qaralar” dediyi bizim millətin nümayəndələri biri-birini öldürmək dərəcəsinə çatırdılar. Yaxud da, zarafatlaşırlar, söyüşürlər, sonu bıçaqlanma ilə nəticələnir. Deyirdi ki, bəzən ən xırda bir şeyin üstündə dava, bıçaqlaşma baş verirdi. İndi bu hadisə də, ehtimalən onlardan biridir. Nəticədə də, Azərbaycana Rusiyadan bir meyit gələcək, bir ana gözüyaşlı qalacaq, bir atanın beli büküləcək. Hadisəni törədən və iştirakçı olan bir neçə gənc insan da Rusiya həbsxanasında bir neçə il çürüyəcək. Bu lazım idimi?
Dostum onu da deyirdi ki, Rusiyada yaşayan azərbaycanlılarda birlik yoxdur, hansısa bir məsələdə biri-birinə kömək edənlərə az rast gəlinir. Bizim düşmənimiz olan ermənilər isə, birlikdirlər, tək yumruq kimi toplanırlar. Biri-birinə iş tapmaqda, ev tapmaqda, adi məişət problemlərində köməklik göstərirlər. Ermənilər ölkələri ilə bağlı da iş görürlər. Adicə orada fəhlə işləyən ermənilər, öz aralarında qeyri-rəsmi, fond kimi bir qurum yaradıb, ianələr toplayırlar. Yəni təşkilatlana bilirlər. Bizim azərbaycanlılar isə fond yaratmaq qalsın bir yana, heç biri-biri ilə yola da getmirlər. Səbəbi məlumdur, paxıllıq, badalaq gəlmək, birinin irəli getməsinə maneə yaratmaq və s. Necə ki, bizim Rusiyada, digər xarici ölkədə yaşayan soydaşlarımız birlik olmayacaqlar, təşkilatlanmayacaqlar, o zaman biri-birlərini qırıb tükənəcəklər.
Onu da qeyd etmək lazımdır ki, xüsusən Rusiya ölkəmiz üçün, Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bu ölkədə təşkilatlanmaq çox vacibdir. Mehriban olun, əziz soydaşlarımız, qəribçilikdəki qardaşlarımız!