İrina Rodnina, Dmitri Savelyev kimi deputatlar həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər
Ermənistan parlamentinin deputatları fiqurlu konkisürmə üzrə idmançı İrina Rodninanın adını daşıyan idman məktəbinin adının dəyişdirilməsini təklif edirlər.
Bəzi deputatlar 2015-ci ildə məktəbə İ.Rodninanın adının verilməsinə dair qəbul olunan qərarın dəyişdirilməsi üçün Yerevan Ağsaqqallar Şurasına müraciət etmək niyyətindədirlər. Qeyd olunur ki, belə bir addımın atılmasına səbəb İ.Rodninanın Bakıda fevralın 26-da keçirilən Xocalı soyqırımının ildönümü münasibəti ilə keçirilən yürüşdə iştirak etməsi olub. Xatırladaq ki, fevralın 26-da Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. Yürüşdə Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina, Dmitri Savelyev və İrina Rodnina da iştirak ediblər.
İrina Rodninanın beynəlxalq səviyyədə tanınan idmançı olduğunu xatırladan millət vəkili Elman Məmmədovun sözlərinə görə, onun Xocalı ilə bağlı təşkil edilən tədbirdə iştirakı ilk hadisə deyildi. Millət vəkili ötən ilin oktyabrında Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı zamanı da İrina Rodninanın iştirakını xüsusi vurğulayıb:
"Azərbaycana qarşı münasibəti hər zaman müsbət olub və o, hər səfərində Azərbaycanın mövqeyini müdafiə edib.
Türkiyədə keçirilən tədbirdə də rusiyalı xanım deputat özünün ədalətli mövqeyini ortaya qoyaraq Qarabağın Azərbaycanın olduğunu bəyan edib, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, erməni vəhşiliyinə nifrət etdiyini deyib, canilərin cəzalandırılmasını tələb etdi. Ermənilərin adətidir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqe ortaya qoyan şəxsləri hədəfə alıb, onların ünvanına təhqiramiz ifadələr işlətmək, hansısa formada təsir rıçaqlarını işə salmaq.
Qudurmuş it sürüsü kimi özünün ədalətli mövqeyini ortaya qoyan beynəlxalq ekspertlərə, müxtəlif ölkələri təmsil edən deputatlara qarşı hücumlar təşkil edirlər. Xatırlayırsınızsa, bir neçə il əvvəl Ermənistan parlamentində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törətdiyini məruzə edən moldovalı ombudsman Aureliya Qriqoriuya qarşı da xeyli təzyiqə təhdidlər olmuşdu. Ondan erməni xalqı qarşısında üzr istəməyi tələb edirdilər. Hətta moldovalı ombudsmanı ölümlə belə hədələmişdilər. Ancaq Azərbaycanı müdafiə edən bu şəxslərin heç biri erməni təzyiqlərinə rəğmən öz mövqeyindən geri dönmür. Təbii ki, burada söhbət onların Azərbaycanın tərəfini saxlamasından getmir. Bir deputat olaraq İrina xanım da digərləri kimi ədalətli mövqe tutaraq hər zaman həqiqəti deməyə çalışır”.
E.Məmmədov deyib ki, hər keçən gün erməni lobbisinin təbliğat maşınının Xocalı, Dağlıq Qarabağla bağlı yalanları artıq puç olmağa başlayır:
"Hesab edirəm ki, İrina Rodnina, Dmitri Savelyev kimi deputatlar özlərini ermənidən betər olan həmkarlarından, zatulinlərdən qorumalıdır. Bu şəxslərin Azərbaycana qarşı münasibəti ermənilərdən betərdir. Rusiya rəhbərliyi belə məsələlərə diqqət ayırmalıdır. Azərbaycan tərəfi olaraq biz də onların müdafiəsi üçün öz imkanlarımız daxilində səylərimizi artırmalıyıq”.
Millət vəkili hesab edir ki, bu cür önəmli şəxslərin Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı önəmli bəyanatlar səsləndirməsini Azərbaycanın apardığı uğurlu siyasətin tərkib hissəsi kimi də qiymətləndirmək olar. Ermənilərin dünyadan təcrid olunaraq küncə sıxılması və yalanlarının ifşası üzərində qurulan siyasətimiz artıq öz nəticələrini verir”.
Şəymən