Azər Allahverənov: “Mənə də çox təəccüblüdür ki, sovet pasportu olanlar indiyədək necə yaşayıb? Onlar sovet pasportlarını harasa təqdim etməyiblərmi, təqdim ediblərsə, etibarsız sayıldığı onlara deyilməyibmi?”
Azərbaycanın müstəqilliyinin bərpasından 27 il keçməsinə baxmayaraq hələ də qırmızı sovet pasportu gəzdirməkdən mayakovskisayaq "qürur duyanlar” varmış. Dövlətimiz belə adamlara növbəti dəfə güzəşt edəcək. Bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər təklif olunur.
Dəyişikliyə əsasən 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan SSRİ pasportuna malik şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi asanlaşır. Sadəcə, həmin şəxsin Azərbaycan ərazisində daimi yaşadığı, heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı və şəxsiyyətini təsdiq edən etibarlı sənədinin olmadığı məhkəmə tərəfindən müəyyən ediləcək.
Azərbaycan vətəndaşlığının verilməsi qaydalarının asanlaşması hansı üstünlüklər qazandıracaq və niyə məhz 2006-cı il yanvarın 1-dək ölkə ərazisinə gələnlərə şamil edilir?
Məsələyə münasibət bildirən miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında qeyd etdi ki, indiyədək sovet pasportu daşıyan şəxslərin olması çox təəssüfləndirici haldır:
- Dövlət Miqrasiya Xidməti bu vəziyyətin aradan qaldırılması istiqamətində son illər çox böyük işlər görüb. Ötən ilin statistikasında Azərbaycan vətəndaşlığı əldə edənlərin çoxu məhz belə adamlar idi. Yəni, illərdir sovet pasportu ilə yaşayan adamların Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlə təmin olunması prosesi son illərdə çox sürətlənib və bunun sayəsində xeyli insan Azərbaycan vətəndaşlığı əldə edib. Yadınızdadırsa, 1991-ci ildən etibarən Azərbaycan əhalisinin sovet pasportlarına xüsusi ştamp vurulurdu ki, Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlığı, şəxsiyyəti təsdiq edən sənədlər tədricən dəyişdi.
Məsələn, Rusiyada bu problem daha qabarıq idi. Əhalinin sayı baxımından. Rusiya Federasiyası da problemə ciddi yanaşdı və Rusiya vətəndaşlığını qəbul edənlərə şəxsiyyətlərini təsdiq edən sənədlər verildi, vətəndaşlıq əldə etdilər. Mənə də çox təəccüblüdür ki, sovet pasportu olanlar indiyədək necə yaşayıb? Onlar sovet pasportlarını harasa təqdim etməyiblərmi, təqdim ediblərsə, etibarsız sayıldığı onlara deyilməyibmi? Bu insanlar əməkhaqqı almayıbmı, təqaüd verilməyibmi onlara? Hələ də sovet pasportu daşıyanların çoxu bəlkə də ucqar bölgələrdə, kəndlərdə yaşayanlardır. Məsələn, Dağıstanın elə ucqar kəndləri var ki, qonşu kəndlərdən heç xəbərləri yoxdur. Azərbaycanda ətraf aləmdən təcrid halda yaşayan sakinlərin olması, doğrusu, o qədər də inandırıcı deyil. Çox güman ki, onların çoxu yaşlı insanlardır və dövlət orqanları ilə bu və ya digər dərəcədə əlaqələri olmayıb.
A.Allahverənov sovet pasportlu şəxslərin Rusiyadan ölkəmizə səfər etmiş olmasını da mümkün saymır:
- Belə şəxslər sərhəd keçid məntəqəsindən heç vaxt buraxılmaz. Sərhəd nəzarət buraxılış məntəqəsindən keçən adamın üstündə şəxsiyyətini təsdiq edən sənəd mütləq olmalıdır.
Vətəndaşlıq verilməsi asanlaşmasının niyə məhz 2006-cı il yanvarın 1-dək ölkə ərazisinə gəlmiş şəxslərə şamil ediləcəyinə gəlincə, A.Allahverənov bunun daha çox Dövlət Miqrasiya Xidmətinin yaranmasıyla bağlı olduğunu düşünür:
- Dövlət Miqrasiya Xidməti 2007-ci ildə yaranıb. Bununla da miqrasiya haqqında qanunlar, qanunvericiliyə müvafiq bir sıra müddəalar daxil edilib. Hüquqi əsaslar yaradılıb. O vaxta qədər hüquqi boşluqların olması mümkündür. Yəqin ki, 2006-cı il yanvarın 1-dək müddətinin qoyulması da sırf hüquqi xarakter daşıyır. Belə bir qərarın qəbul edilməsinin müsbət tərəfi odur ki, şəxsiyyəti müəyyənləşməmiş adamların vətəndaşlığı dəqiqləşəcək. Bilirsiz, vətəndaşlıq statusunun qeyri-müəyyənliyindən sui-istifadə edənlər ola bilər. Heç bir ölkənin vətəndaşı olmamaq bəzən qanundan yayınmaq kimi fəsadlar yaradır.
Məlahət Rzayeva