Qulu Məhərrəmli: “Büdcədən maliyyələşən bütün televiziyalar surdo-tərcümələri verməlidirlər”
Onların da məlumata ehtiyacları var
Zeynal Məmmədli: “Söhbət lal-karlardan gedirsə, surdo-tərcümənin olması vacib amildir”
Qulu Məhərrəmli: “Büdcədən maliyyələşən bütün televiziyalar surdo-tərcümələri verməlidirlər”
Qulu Məhərrəmli: “Büdcədən maliyyələşən bütün televiziyalar surdo-tərcümələri verməlidirlər”
Ayaz Məmmədov: "Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər”
Kamil Məmmədov: "Hazırda surdo-tərcüməçilər respublika üzrə 3-4 nəfərdir”
Son vaxtlar ölkədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) müxtəlif sferalarda inkişafını təmin etmək məqsədilə mütərəqqi addımlar atılıb. Bu tədbirlər sırasında ən çox izlənilən KİV vasitəsi olan televiziyalara dair də çoxsaylı tədbirlər yer alıb. Bir sözlə, teleməkanların yol verdiyi bir sıra nöqsanların - telejurnalistlərin dili, milli-mənəvi dəyərlərə zidd, bayağı verilişlərin bağlanması və s. kimi məsələlərin aradan qaldırılması yönündə nəzərəçarpan işlər görülür. Və həmin addımların müsbət effekt doğurduğu da göz önündədir. Buna rəğmən televiziyalarda müəyyən problemlər hələ də qalmaqdadır. Belə çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Halbuki, heç uzağa getməyək, qardaş Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan məlumatları, hətta mahnı klipləri də surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir. Əskəriyyət bunu lal-karların hüquq pozuntusu adlandırır. Maraqlıdır, görəsən, bizim telekanallar niyə surdo-tərcümələrə yer vermir?
(əvvəli ötən sayımızda)
Sualımızı cavablandıran media eksperti Zeynal Məmmədli "Şərq”ə söyləyib ki, bu məsələdə iki amilə diqqət yetirmək lazımdır: "Lal və karların sayı və hansı coğrafiyanı əhatə etməsi məsələlərini dəqiqləşdirmək lazımdır. Deyim ki, onların sayı heç də az deyil. Dövlət büdcəsindən maliyyələşən Az TV və İTV surdo-tərcümələr verməyə borcludur. Bu TV-lər Azərbaycan vətəndşaları arasında fərq qoymamalıdırlar. Çünki fiziki qüsurlu insanların da informasiya almaq haqqı var. Onların da məlumata ehtiyacları var. AzTV və İTV bəhanə edə bilməz ki, onlara büdcədən pul ayrılmır. Onlara yetərli miqdarda vəsait ayrılır. İkincisi isə bütövlükdə çap və elektron medianın özü belə bir ictimai rəy yaratmalıdır. Hətta özəl kanallar belə, ictimai əhəmiyyətli mesajlarında surdo-tərcümələrə yer ayırmalıdırlar. Onlar da cəmiyyətin bir hissəsidir. AzTV və İTV bunu reallaşdırarsa, media ictimai rəy yaradarsa, bunu özəl kanallar da həyata keçirəcəklər”.
Bunun çox ciddi məsələ olduğunu söyləyən ekspert diqqətə çatdırıb ki, Milli Məclis də işə qarışmalıdır: "Məsələnin üstünə ardıcıl və kampaniya şəklində getmək lazımdır. İlk növbədə dövlətdən maliyyələşən TV-lər məsələni həll etməlidir. Özəllər isə buna həvəsləndirilməlidir”.
Ekspertin fikrincə, bu məsələdə dövlət büdcəsindən maliyyələşən telekanalları özəllərdən ayırmalıyıq: "Çünki insan həyatı, onların təhlükəsizliyi və ölkənin taleyi ilə bağlı bütün kateqoriyalardan olan insanların, o cümlədən eşitmə və görmə əngəlliləri də əhatə etməlidirlər. Ona görə də söhbət lal-karlardan gedirsə, surdo-tərcümənin olması vacib amildir. Əvvəllər buna dair müzakirələr aparılırdı. Televiziyalar bildirirdilər ki, çalışıb bu məsələni qaydaya salacaqlar. Amma indi bu problem yenə də aktual olaraq qalır. AzTV-də surdo-tərcüməni bərpa etmək MTRŞ-nin, İTV-də isə bu kanalın yayım şurasının borcudur”.
Özəl kanallara gəlincə, ekspert qeyd edib ki, onlar bunun əlavə xərc olduğunu anlayırlar: "Burada tərcüməçini saxlamaq və s. məsələlər kimi xeyli işlər var. Bir sözlə, bu çox ciddi işdir. Təəssüf ki, həmişə nəzərdən qaçır. Telekanallarda surdo-tərcümənin olması vacib şərtdir”.
Tanınmış telejurnalist Qulu Məhərrəmli də bildirib ki, telekanallarda surdo-tərcümələrin olması zəruri məsələdir: "Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən televiziyalarda bu tərcümə mütləq olmalıdır. Eşitmək və danışmaq qabiliyyəti məhdud olan vətəndaşlarımız üçün bu tərcümə çox vacibdir. Onlar da cəmiyyətimizin bir parçasıdır. Onların da informasiya almaq hüquqları var. Bu baxımdan hesab edirəm ki, bu cür tərcümələrin verilməsi humanizm baxımından da zəruridir”. Ekspertin qənaətincə, bu təcrübə xarici ölkə telekanallarında hələ də yaşamaqdadır və bizdə də mütləq olmalıdır. Azərbaycan teleməkanlarında surdo-tərcümələrin verilməməsinin səbəblərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, bu, əlavə xərc tələb edir: "Surdo-tərcümə xüsusi sistemdir. Bu, qanunda da var. Büdcədən maliyyələşən bütün televiziyalar surdo-tərcümələri verməlidirlər”. Surdo-tərcüməçilərin azlığı məsələsindən söz açan həmsöhbətimiz bildirib ki, ehtiyac olan sahələr üzrə mütəxəssislər hazırlanması çox zəruridir: "Bu da bir peşədir. Bütün hallarda olmalıdır. Belə tərcümələrə daim ehtiyac var. Düşünürəm ki, bununla xüsusi qurumlar mövcuddur ki, məşğul olmalıdırlar və olurlar da”. Müsahibimiz bəyan edib ki, telekanallarda surdo-tərcümələrin yer almaması hüquq pozuntusundan daha çox mənəvi məsələdir: "Əlbəttə, bu, bizdə də olsaydı, yaxşı olardı. Biz bu problemlərdən danışmazdıq. Amma buna ehtiyac var. Həm də bu, büdcədən maliyyələşən televiziyanın işinə mane olmur. Bunu versək, özümüzü auditoriyaya daha çox yaxınlaşdırmış olarıq. Buna diqqət yetirmək lazımdır”. Q.Məhərrəmli hesab edir ki, surdo-tərcümələri özəl televiziyalardan tələb etmək doğru deyil: "Bu, əlavə vəsait və təşkilati işdir. Əlavə resursların işə salınmasıdır. Ona görə də bununla büdcədən maliyyələşən televiziyalar məşğul olmalıdırlar. Bir daha qeyd edirəm ki, bunu özəl televiziyalardan tələb etmək doğru deyil. Bunu İTV və AzTV- dən ummaq yerinə düşər”.
Azərbaycan Karlar Cəmiyyətinin 1 saylı müəssisəsinin rəhbəri Ayaz Məmmədov da qaldırılan məsələnin çox aktual olduğunu deyib: "Son illərə qədər AzTV-də tərcüməçilər işləyirdi, onlar lal və kar tamaşaçıları anladırdı. Bu tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salırdı. Təbii, onlar da verilişə baxırdılar. İndi isə bu tərcüməçilər yoxdur. Mənə elə gəlir ki, televiziyalar lal və karlar üçün nəzərdə tutulan tərcüməçini artıq pul xərcləməməkdən ötrü efirə buraxmır. Amma bilmirlər ki, lal və karların buna böyük ehtiyacı var. Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər”.
Vaxtilə Korlar Cəmiyyətinin "milyoner” təşkilat olduğunu deyən A.Məmmədov bildirdi ki, indi həmin imkanları olsaydı, lalların televiziya verilişlərinə baxmasının təmin edilməsi üçün maliyyə vəsaiti xərcləyərdilər: "İndi bizim təşkilatın imkanı yoxdur. Müəssisələrimizdə istehsalat dayanıb. Əvvəllər hər şey istehsal edirdik və böyük pullar qazanırdıq. İndi isə balansımızda olan avadanlıqları, yerləri icarəyə verməklə dolanırıq. İmkanımız olsaydı, o tərcüməçilərin işləməsinə yardım edərdik. Televiziyalar kar və lal tamaşaçıları nəzərə alıb verilişlər hazırlasa, yaxşı olar. Tərcüməçilər efirə cəlb edilsə, lallar və karlar televiziyaya baxar”.
Zəif Eşidən Uşaqlar üçün İnternatın direktoru Kamil Məmmədov da vurğulayıb ki, lal və karlar üçün telekanallarda tərcüməçilərin olması vacibdir: "Kar və lal auditoriya da informasiya almalıdır. Onların buna ehtiyacı böyükdür. Hər şeyi birdən etmək mümkün deyil. Hər şey tədricən həyata keçiriləcək. Hazırda surdo-tərcüməçilər respublika üzrə 3-4 nəfərdir. Odur ki,
surdo-tərcüməçilər üçün yeni kurslar açılır. İnformasiya qıtlığı yaşadıqları üçün televiziyalarda surdo-tərcüməçilərin xidməti təşkil edilməlidir. Danışmayan yaxın adamı olmasa, onlar həkimə gedəndə də problemlə qarşılaşırlar. Sənədləşmə işlərində də tərcüməçiyə ehtiyacları olur. Eləsi var adını yaza bilmir. Mimika hərəkətləri ruslarla eynidir, demək olar ki, fərqlənmir. Amma ingilis, türk dilinin mimikasını öyrənmək onlar üçün çətindir”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb