Artyomda saxlanılan azərbaycanlılar deportasiya olunmalarını gözləyir
Azərbaycanın müvafiq diplomatik qurumları azərbaycanlıların qeyri-qanuni miqranta çevrilmə səbəblərini araşdırmalıdır
Rusiyanın Primorsk vilayətinin Artyom şəhərində azərbaycanlılar da daxil olmaqla, müvəqqəti saxlanma mərkəzində saxlanılan xarici vətəndaşlar aclıq aksiyası keçiriblər. "İnterfaks”a istinadən aldığımız məlumata görə, uzun müddət deportasiya olunmalarını gözləyən xaricilərin aksiyası 4 gün çəkib. Aksiyada 20 nəfər iştirak edib. İctimai Nəzarət Komissiyasının əməkdaşlarını ora baş çəkdikdən sonra aclıq aksiyası dayandırılıb.
Komissiyanın sədr müavini Aleksandr Smışlyayev bildirib ki, burada mart ayından deportasiya olunmalarını gözləyən insanlar var. Onun sözlərinə görə, son 3 ayda mərkəzdə olanlardan heç kim öz ölkəsinə göndərilməyib. Etirazçılar həmçinin saxlanma şəraitindən də narazılıqlarını ifadə ediblər. Mərkəz 65 nəfərlik olsa da, hazırda orada 107 nəfər saxlanılır. Xaricilərin əksəriyyəti Özbəkistan vətəndaşıdır. Orada həmçinin Ukrayna, Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Koreya vətəndaşları var. İctimai Nəzarət Komissiyasının sədri Vladimir Naydin bildirib ki, problem deportasiya üçün vasitələrin çatışmazlığı səbəbindən yaranıb. Onun sözlərinə görə, komissiya vəziyyəti nəzarətdə saxlayacaq.
Miqrasiya üzrə ekspert Azər Allahverənov isə "Şərq”ə açıqlamasında deportasiyanın müxtəlif prosedurlar əsasında həyata keçirildiyini deyib: "Təbii ki, hadisə Artyomda yaşandığı üçün indiki halda məsələ Rusiya qanunvericiliyi ilə tənzimlənir. Amma ümumi olaraq onu deyə bilərəm ki, əgər ölkədə qeyri-qanuni miqrant aşkarlanırsa, onun ölkədən çıxarılması ilə bağlı müvafiq qərar qəbul olunur. Bir çox hallarda 48 saat ərzində saxlanılan şəxs ölkədən deportasiya olunur. Bəzən isə saxlanılan şəxslərin qeyri-qanuni miqrant adlandırılması üçün ciddi araşdırmalara ehtiyac duyulur və bu da müəyyən qədər vaxt tələb edir. Elə vaxt olur ki, saxlanılan şəxsin deportasiya olunmasından imtina edilir, statusu leqallaşdırılır və müvafiq sənədlərlə təmin olunur. Aclıq aksiyası keçirən şəxslərin konkret hansı səbəblərdən deportasiyasının ləngidildiyinə dair detalları bilmədiyim üçün dəqiq bir şərh verə bilmərəm. Hesab edirəm ki, bizim müvafiq diplomatik qurumlar bu məsələ ilə birmənalı şəkildə məşğul olmalı və hazırda Artyom şəhərində saxlanılan azərbaycanlıların qeyri-qanuni miqranta çevrilmə səbəblərini araşdırmalıdır”.
Ekspertin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, yoluxucu xəstəlik daşıyıcısı olan miqrantlar belə qeyri-qanuni miqrant qismində deportasiya oluna bilir: "Sadəcə hansısa ölkənin sərhədlərini pozan və ölkəyə qanunsuz yollarla daxil olan insanlar qeyri-qanuni miqrant kimi qəbul olunmur. Qanuni şəkildə hansısa xarici ölkədə yaşamaq və işləmək icazəsi olan insanlarda belə QİÇS kimi yoluxucu xəstəliklər aşkarlandığı halda onların ölkədən çıxarılması barədə qərar qəbul olunur. Bu zaman da həmin şəxsin deportasiyası üçün tələb olunan nəqliyyat xərcləri həmin ölkə tərəfindən ödənilir. Rusiya qanunvericiliyində isə bu məbləğ səhv etmirəmsə, 30 min rubl civarında qəbul olunub”.
65 nəfərlik Mərkəzdə 107 nəfərin saxlanılması faktına gəldikdə isə A.Allahverənov deyib ki, miqrantlar üçün nəzərdə tutulan saxlanma məntəqələrində hər bir xarici ölkə vətəndaşının hüquqları qorunmalıdır: "Qeyri-qanuni də olsalar, onlar miqrant hesab olunurlar. Məhz bu səbəbdən də miqrantların minimum ehtiyacları ödənilmirsə, saxlanma şəraiti, qida təminatı ilə bağlı hər hansı problemlər yaradılırsa, insan hüquqları ilə məşğul olan ictimai təşkilatlar birmənalı şəkildə məsələyə müdaxilə etməlidir. Bilirsiniz ki, Rusiyada bu sahə ilə məşğul olan təşkilatların hətta Rusiya Dövlət Dumasında da dayaqları var. Əgər aksiya iştirakçılarının saxlanma şəraiti ilə bağlı iradları həqiqətdirsə, Rusiyanın hüquq müdafiəçiləri bu prosesə qarışmalı və miqrantların hüquqlarının təminatı məsələsini hökumət qarşısında qaldırmalıdır.
Eyni zamanda, bizim müvafiq diplomatik qurumlar da prosesi nəzarətə götürməli və Rusiyanın Miqrasiya Xidməti orqanları qarşısında həmin hüquqların təmin olunması ilə bağlı vəsatət qaldırmalıdır”.
Şəymən