“Oqtay müəllim bir ağsaqqal kimi yerini gənc kadrlara güzəştə getməyə maraqlı olmalıdır”

Aysel Əlizadə: “Elə bir zamanda yaşayırıq ki, artıq məsul adamların vətəndaşların başında yox, yanında olması lazımdır”
“Problemi, dərdi olan adamlar müraciət edir, deyirsən, ilahi, mənə elə bir imkan ver, bu adamlara kömək edə bilim. Yalnız buna görə millət vəkili olmaq istəyirəm”



Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq görən siyasi təşkilatlardan biri də ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış "125-lər” Siyasi Klubudur. Bu klub artıq bir çox dairələr üzrə namizədlərini cəmiyyətə açıqlayıb. Namizədlər arasında Klubun təsisçilərindən olan, tanınmış xanım yazar Aysel Əlizadə də var.

Yazarın parlament seçkilərinə namizədliyi 8 saylı Binəqədi 1-ci seçki dairəsindən verilib. Xatırladaq ki, həmin dairənin hazırkı deputatı Milli Məclisin sədri Oqtay Əsədovdur. Çox güman ki, builki seçkidə də Oqtay Əsədovun namizədliyi həmin dairədən irəli sürüləcək. 
Seçkiyə start verilib. MSK-dan verilən məlumata görə, indiyə qədər deputatlığa namizədliyin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına 19 seçki dairəsi üzrə 25 müraciət qeydə alınıb. Proses davam edir.
"Şərq"in "SƏSİ OLan" rubrikasının bu dəfəki qonağı, cəsarətli yazar xanım Aysel Əlizadədir.
Namizədliyinin irəli sürülməsi və seçki kampaniyasına hazırlıq prosesi ilə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış yazar maraqlı açıqlamalar verib.

- Aysel xanım, namizədliyinizi vermək qərarına necə gəldiniz?

- 8 saylı seçki dairəsi çoxdandır yaşadığım ərazidir. Burada məni yaxşı tanıyırlar. Üstəlik, mən də həmin ərazini yaxşı tanıyıram, spesifikliyinə bələdəm. Deputatın seçicilərinə əlçatan olması vacibdir. Ərazində kimin millət vəkili olduğunu hiss etməlisən. Şəxsən mən son beş ildə bunu hiss etməmişəm, eləcə də digər sakinlər. Problemi, dərdi olan adamlar müraciət edir, deyirsən, ilahi, mənə elə bir imkan ver, bu adamlara kömək edə bilim. Yalnız buna görə millət vəkili olmaq istəyirəm. Bilirəm ki, əsl millət vəkilliyi heç də zövq, komfort və yalnız imtiyaz deyil, əziyyətdir.

- Spikerin rəqibi kimi mübarizənizi necə aparacaqsınız? İnsanların səsini nə ilə qazanacaqsınız?

- Sözsüz ki, Oqtay müəllimin çox böyük maddi və inzibati resursları var. Ancaq zaman göstərir ki, bu amillər xalqla anlaşmaq üçün yetərli deyil. İnsanların səsləri yetəcəyi adamlara ehtiyacları var. Hamımız bu ölkə üçün nələrsə etmək istəyirik. Tanıyanlar bilir ki, imtiyaz dalınca qaçan deyiləm. Öz ruhumla rahatam. Yazıçı-jurnalist olmaq mənə yetir. Ancaq adamlara bacardığımdan artıq kömək etmək istəyəndə çətinlik yaşayıram. Buna görə də seçilsəm, onların səsinə çevriləcək bir millət vəkili olacağam. Tanıdıqları və yəqin ki, inandıqları üçün problemi olanda mənə üz tutan insanlar var. Detallara varmaq istəmirəm. Elə bir zamanda yaşayırıq ki, artıq məsul adamların vətəndaşların başında yox, yanında olması lazımdır. Yəni fayda verə biləcək vicdanlı, obyektiv adamların parlamentdə milləti təmsil etməsi önəmlidir. Oqtay müəllim bir ağsaqqal kimi yerini gənc kadrlara güzəştə getməkdə maraqlı olmalıdır. Elə bu addımın özü də bir fədakarlıq olar.

- Dairənizdə müxalifətdən daha şanslı namizəd olacağı halda, onun xeyrinə namizədlikdən imtina edərsiniz?

- Yox, qoy onlar mənim xeyrimə namizədlikdən imtina etsinlər.

- Kampaniyaya hazırlıq hansı səviyyədədir?

- Hazırlıqlar gedir. Hələlik namizədliyə namizədik deyə işlər də rəsmi qeydiyyatla bağlı aparılır. Fərqli PR və təbliğat düşünürük. Vaxtı çatanda bunu hər kəs biləcək. Yeni elementlərdən istifadə etməyi düşünürük.

- Dəstəkçiləriniz, köməkçiləriniz varmı?

- Biz "125-lər” Klubu olaraq biri-birimizə dəstək veririk. Komanda şəklində işləyirik və biri-birimizə lazım olan köməyi edirik. Ən böyük dəstəkçim isə həmişəki kimi anamdır. Bütün karyeram boyu bu, belə olub. Köməkçilərim də dostlarım, əzizlərim, mediadakı həmkarlarım və oxucularım olacaq. Çünki bir yazarın, jurnalistin parlamentdə təmsil olunması bütünlükdə medianın Məclisdə təmsili deməkdir.

- Belə çıxır ki, deputat olsanız, medianın problemlərini həll etməyə çalışacaqsınız?

- Xeyli problemimiz var. Mən bütün addımlarımda həmişə mediadan böyük dəstək görmüşəm. Kolleqalarım mənə güvənirlər. Bu dəfə də belə olacağına əminəm. Jurnalistikada olan dostlarım bilir ki, seçiləcəyim təqdirdə medianın sorunlarının həllinə birlikdə çalışacağıq.

- Açıqlamanızda demişdiniz ki, namizədliyinizi irəli sürmək sizin üçün fədakarlıqdır. Nəyi nəzərdə tutursuz?

- Əlavə öhdəlik insanın azadlığını məhdudlaşdırır. Hardasa rəhbərlik etmək, xüsusi status qazanmaq üçün hər cür təklif almışam, ancaq istəməmişəm. Çünki azadlıqdan vaz keçmək mənim üçün faciədir. Öz azadlığımla toxluq hiss edirəm. Toxluq öncə insanın qanında olsun ki, mənəvi rahatlıq hiss etsin. Damara pul, vəzifə dürtmək mümkün deyil. Mənə qələmim və minimum ehtiyaclarımın ödənməsi həmişə yetib. Bir dəfə Qabil Abbasoğlu kitab təqdimatımda dedi ki, səni həm də ona görə dəyərləndirirəm ki, yazıçılığı, yaradıcılığı heç nəyə qurban vermirsən. Bu baxımdan düşünürəm ki, yaradıcı insan üçün əlavə məsuliyyətin altına girmək bir az da qurban verməkdir. Ancaq bəzən başqalarının azadlığı üçün öz azadlığından keçməli olursan.

İsmayıl