“Övladının sinəsinə medal taxırlar, bununla da iş bitir”

Etimad Əsədov: “Sonradan həmin şəhidin ailəsi sosial problemlərin məngənəsində çabalamağa başlayır”
“Eldar Mahmudov və Akif Çovdarovun qiyməti milyonlarla ölçülən villalarını satıb Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq olar”


"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov ölkəmizdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan şikayətlənib. O, "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycanda vətən uğrunda canını qurban verib, şəhidlik zirvəsinə ucalan insanlara qarşı münasibət arzuolunan səviyyədə deyil:

"Təsəvvür edin, ölkəmizdə şəhidi dəfn etdikdən sonra ailəsinə bir bayraq təqdim edirlər, bir də övladının sinəsinə medal asırlar. Bununla da işlərini bitmiş hesab edirlər. Sonradan həmin şəhidin ailəsi sosial problemlərin məngənəsində çabalamağa başlayır. Nə onların mənzil problemi həll olunur, nə Qarabağ əlilləri minik avtomobili ilə təmin olunur, nə də yüksək məbləğdə pensiya verirlər. 220-250 manat verib, şəhid ailəsinin taleyini öz üzərinə buraxırlar. Televiziyalarda da görüntü xatirinə ictimaiyyətə şəhidin ailəsinə bayraq verib, orden asırlar. Ondan sonra şəhidin ailəsi ilə maraqlanmırlar. Hazırda əksər şəhid ailəsinin banklara krediti var. Yalandan deyirlər ki, banklar şəhid ailələrinin kredit borclarını bağlayıb. Heç bir bank şəhid ailəsinin borcunu silməyib. Hamısı xoşa gəlmək üçün verilən açıqlamalardır”.

Keçmiş döyüşçünün qənaətincə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə qayğı çox aşağı səviyyədədir: "22 ildən artıqdır ki, Qarabağ müharibəsində şəhid olan insanların qan pulu verilmir. Dövlət həmin vəsaiti ödəmir. 22 ildən artıqdır ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ev növbəsindədirlər. Qarabağ əlili evsiz-eşiksiz qalır. Övladları təhsil ocaqlarında təhsillərini davam etdirə bilmirlər. Bütün bu ağrı-acılar, problemlər və şəhid ailələrinə münasibət ortadadır. Sadəcə KİV orqanlarında imkan yaradılmır ki, həmin problemləri tez-tez gündəmə gətirək. Şəhid ailəsi 15-20 il ev növbəsinə durmalı deyil. Qarabağ əlili 20 il növbəyə dura bilməz. Üstəgəl, onlara verilən pensiyalar çox azdır. Ona görə də, Qarabağ əlilləri və şəhid ailələrinin durumu çox acınacaqlıdır. Azərbaycan hökuməti minimum yaşayış həddini 125 manat çıvarında açıqladığı halda şəhidin və Qarabağ əlilinin 3-4 nəfərlik ailəsi 250 manatın ümidinə buraxılır. Onların normal yaşayışı təmin olunmur. Əlillərimiz var ki, özləri və balaları xəstələnəndə dərman ala bilmirlər. Rütubətli zirzəmilərdə qalıb, çürüyürlər. Bütün bunlar Qarabağ əlillərinə və şəhid ailələrinə olan münasibətin "bariz nümunəsidir”.

E.Əsədov vurğulayıb ki, bu məsələləri zaman-zaman aidiyyəti orqanların və dövlət rəsmilərinin diqqətinə çatdırıblar: "Bütün müraciətlərdə bildirmişik ki, Qarabağ əlilləri və şəhid ailələrinə münasibət dəyişməlidir. Şəhidlərə və şəhid ailələrinə qardaş Türkiyə və qonşu İrandakı münasibətin heç olmasa, 20-30 faizi dəyərində qiymət verilməlidir. Sözdə şəhid ailəsinə və Qarabağ əlili ailəsinə hörmət, qayğı və izzətdən danışırlar, amma əməldə heç nə gözə dəymir. Vallah, şəhid ailələri dözülməz vəziyyətdədirlər. Biz onların yanında oluruq və hər şeyin canlı şahidi oluruq”.

Qarabağ qazisi əlil və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılmasına dair təklif də verib: "Son zamanlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və MTN generalı Akif Çovdarovun qiyməti milyonlarla ölçülən villalarını satıb, əldə olunan vəsaitlə Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq olar. Təəssüflər olsun ki, bu proses aparılmır”.

Ayyət Əhməd