“Bir layk düyməsi insanın psixoloji vəziyyətini açıqlaya biləcək gücdə deyil”
Son zamanlar ictimaiyyətin tanınan üzləri arasında öz paylaşımını və ya hansısa statusa yazdığı rəyini bəyənən insanlara qarşı aqressiya günü-gündən artır. Artıq neçənci dəfədir ki, sözügedən təbəqəyə aid olan insanlar özlərinin şəxsi hesablarında bu məsələyə ayrıca status da həsr edirlər ki, kim ki öz statusunu layk etdi, dərhal dostluqdan çıxaracağam. Sözügedən şəxslərə görə, öz paylaşımlarını bəyənən insanlarda özlərinə qarşı aşırı sevgi var və bu da xoşagələn deyil.
Maraq doğuran odur ki, öz statusunu bəyənən insanlara qarşı niyə belə aqressiya var? Bəs, öz rəyini, paylaşımını bəyənən insanlarda bu vərdiş nədən qaynaqlanır: özündən razılıq, ya natamamlıq kompleksi?
Psixoloq-konsultant Arzu Müzəffərovanın sözlərinə görə, insanların öz paylaşımlarını layk etməsi diqqət mərkəzində olmaq və hər kəsin ona qarşı olan fikirlərini bilmək anlamına gəlir. Bunun da kökündə dayanan məqam nə zamansa aldığı travmalardır.
Bu vərdiş həmin insanların böyük bir boşluq içərisində olduğunu göstərir. Hər nə qədər adi bir davranış kimi görünsə də, buna təsir edən amillər mütləq olur. Mən də çox şahidi oluram ki, insanlar çox sadə və məntiqsiz hərəkətlərlə sosial şəbəkələr vasitəsilə öz travmalarını göstərirlər. Halbuki bizim insanlar daha çox səviyyəli və sayğılıdırlar. Bunu da göstərmək üçün insanlara gözəl şərait yaratmaq lazımdır.
Psixoloq hesab edir ki, psixoloji pozğunluk yaşayan insanlara qarşı psixoloji xəstə kimi baxdıqda onun durumu daha da gərginləşir.
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı isə deyib ki, öz yazdığını bəyənmək və ya bəyənməmək barədə nəsə demək, məncə, mənasızdır.
"İnsan bir şeyi yazırsa, demək ki, bəyəndiyi paylaşımdır, buna bir "like” düyməsi qoyması niyə insanları narahat etməlidir? Əgər mən öz səhifəmdə bəyəndiyim bir fotoşəkil, sevdiyim bir aforizm paylaşıb bunu "bəyəndim” edirəmsə, burda nə pis məqsəd güdülə bilər? Kim iddia edə bilər ki, mən psixoloji problem yaşayıram və yaxud xudbin və özümdən razıyam? Bir layk düyməsi insanın psixoloji vəziyyətini açıqlaya biləcək gücdə deyil, bununla psixologiya öyrənmək istəyənlər, adamın mənəvi böhran keçirdiyini deyənlər məncə bekar insanlardır. Öz rəyini bəyənmək, nə olursa olsun - ola bilsin yazdığından xoşu gəlməkdir, ola bilsin özünü təsdiq etməyə ehtiyac duymaqdır, ola bilsin natamamlıq kompleksidir - bütün hallarda məni narahat etmir bu kimi hallar”.
Şəymən