"Çoxları belə zənn edir ki, ailədə körpənin olması evliliyi xilas edir. Amma heç də belə deyil. Çox ailələr var ki, məhz körpə dünyaya gəldikdən sonra dağılıb. Çünki ailəyə körpənin gəlişi tərəflər üçün növbəti
Özbəklər bizdən qabağa düşdü
Boşanmaların qarşısını almaq üçün ailə məktəblərinə, ailə mərkəzlərinə böyük ehtiyac var
"Çoxları belə zənn edir ki, ailədə körpənin olması evliliyi xilas edir. Amma heç də belə deyil. Çox ailələr var ki, məhz körpə dünyaya gəldikdən sonra dağılıb. Çünki ailəyə körpənin gəlişi tərəflər üçün növbəti
"Çoxları belə zənn edir ki, ailədə körpənin olması evliliyi xilas edir. Amma heç də belə deyil. Çox ailələr var ki, məhz körpə dünyaya gəldikdən sonra dağılıb. Çünki ailəyə körpənin gəlişi tərəflər üçün növbəti
Özbəklər yenilik edir. Evlənməyə hazırlaşan cütlüklərə ailə dərsi keçməyə başlayıblar. «Şərq.az»da yer alan məlumata görə, Özbəkistanın paytaxtı Daşkənddə «İnnovasiya məktəbi” – Ailə məktəbi fəaliyyət göstərəcək. Məktəbin təsisçiləri "Oila” Tədqiqat Mərkəzi, Gənclər İttifaqının Mərkəzi Şurası və Özbəkistan Qadınlar Komitəsidir. Məktəbdə gələcək gəlinlərə və bəylərə ailə münasibətlərinin mənəvi əsasları, ailə təsərrüfatı və büdcə, ailədə sosial mühit, nikah əlaqələri və sağlam həyat tərzi haqqında məlumat verilir. Gənclərə, həmçinin ailədə yaranan münaqişələrin həlli yolları öyrədilir. Onlar hüquqi münasibətlərlə tanış olurlar. Gənclər öz istəkləri ilə treninqlərə də qoşula və fərdi qaydada mütəxəssislərdən məsləhət ala bilirlər.
Məktəbin yaradılmasında məqsəd nümunəvi və möhkəm ailələrin sayını artırmaqdır.
Özbəklər ailə məktəbi yaratmağa başlayıbsa, deməli, oralarda da işlər heç də yaxşı getmir. Ailə işlərini – ər-arvad münaqişələrini nəzərdə tuturuq. Amma özbəklər bizlərdən fərqli olaraq məsələni ciddiyə alırlar və qarşısını da almağa çalışırlar. Biz isə yenə geri qalırıq. Hələ də ailə dəyərlərimizdən uca səslə danışanlar ailəsinə sahib çıxa bilməyənlərdir.
Bəs belə bir ailə mərkəzlərini bizdə də yaratmaq olarmı və nəticəsi necə olar?
Psixoloq Sevinc Məhərrəm «Şərq»ə açıqlamasına «kaş ki, Daşkənddəki məktəbdən bizdə də olsun» sözləri ilə başladı və bunları əlavə etdi:
- Ailə psixologiyası çox geniş sahədir. Dünya təcrübəsində oxşar modellər var, qərb ölkələrində belə ailə mərkəzləri fəaliyyət göstərir. Bu cür məktəblərin iş prinsipi bundan ibarətdir ki, kişilərə ayrı, qadınlara ayrı təlimlər keçilir. Sonra onların ikisini də bir araya gətirir və hər ikisinin anlaya biləcəyi dildə təlimləri davam etdirirlər. Mərkəzlərdə bu işlə ailə terapevtləri məşğul olur. Bu yöndə aparılan işin faydası olur. Tərəflər biri-birini tanımağa, biri-biri ilə düzgün ünsiyyət yaratmağa müvəffəq olurlar. Ailənin qorunub saxlanmasında bunun böyük əhəmiyyəti var. Ailələr çox zaman tərəflər biri-birini anlamadığı üçün dağılır. Heç kəsə sirr deyil ki, son illərdə Azərbaycanda boşanmaların sayı artır. Hətta biri-birini sevən cütlüklərin evliliyi də ayrılıqla, boşanmaqla nəticələnir. Çoxları belə zənn edir ki, ailədə körpənin olması evliliyi xilas edir. Amma heç də belə deyil. Çox ailələr var ki, məhz körpə dünyaya gəldikdən sonra dağılıb. Çünki ailəyə körpənin gəlişi tərəflər üçün növbəti bir sınaq, növbəti bir yükdür. Bəzən ata-ana bu yükü qaldıra bilmir, daşıya bilmir. Körpə əvvəlki sakit ailədə problemlərin yaranması, iqtisadi çətinliklər, kişiyə diqqətin azalması, qadın gözəlliyinin itirilməsi və sair amilləri şərtləndirir. Hər cütlük buna tab gətirə bilmir. «Sevginin 5 dili» kitabı var, biz evlənməyə hazırlaşan və artıq evli olan cütlüklərə bu kitabı oxumağı tövsiyə edirik. Çünki bir dam altda yaşayan iki insan biri-birini tanımalıdır. İnsan bilməlidir ki, qarşısındakı ondan nə istəyir, gözləntiləri nədir. Bəzən kişilər belə düşünür ki, evə gəlib televizor qarşısında əyləşməklə evə, xanımına bağlılığını göstərir. Amma qadın bundan sıxıla bilər. Kişi dinməz-danışmaz gözünü televizora dikirsə, qadın tənha qalır. Gərək tərəflər biri-biri ilə ünsiyyəti kəsməsin. Televizorda nümayiş olunan hər hansı film, süjetlə bağlı müzakirə, fikir mübadiləsi aparsınlar. Eləcə də intim münasibətlərin necəliyi ailə möhkəmliyində əsas rola malikdir. Tərəflər biri-birinin daxili boşluğunu doldurmağa çalışmalıdır. Ər-arvadda yaranan zərərli komplekslər də bilməməzliyin, məlumatsızlığın nəticəsidir. Hər iki tərəfin savadlı, dünyagörüşlü olması ailədə böyük əhəmiyyət daşıyır.
S.Məhərrəm qeyd etdi ki, Azərbaycan insanının ailə psixoloqlarına müraciət etməmələri də problemləri dərinləşdirir:
- Düzdü, bizim əhalidə «ev bizim, sirr bizim» psixologiyası var. Amma mən son illərdə ailə psixoloqlarına müraciət edənlərin sayının artdığını da görürəm. Şəxsən mənə müraciət edənlərin böyük faizi savadlı, geniş dünyagörüşlü insanlar olur və biz onları təlimlərə cəlb edirik. Həm də sizə deyim ki, bu işdə qadınların daha aktiv olması gərəkdir. Çünki təbiətləri etibarilə kişilər qadınlardan məntiqsəl baxımdan daha sadə yaradılıblar və kişiləri manipulyasiya etmək asandır. Ailədə qadın kişini yönləndirməyə qadirdir. Odur ki, hesab edirəm, bizdə də ailə mərkəzlərinin, ailə məktəblərinin yaradılması ailələrin qorunub saxlanması baxımından yaxşı nəticə verər. Amma bir məsələ var ki, gərək bu cür mərkəzlərdə fırıldaqçılar yox, həqiqi mütəxəssislər işləsin.
Sosioloq Lalə Mehralı da ailə mərkəzlərinin yaradılmasını müsbət qarşılayır:
- Biz çoxdan təklif etmişik ki, orta məktəblərdə ailə dəyərləri ilə bağlı xüsusi fənn tədris edilsin. Bunun üçün də ictimai rəyin formalaşdırılması lazımdır. Uşaqlarımıza kök, nəsil bağları, ailə dəyərləri, Azərbaycana məxsus ailə institutu ənənələri tədris olunmalıdır. Həm də bu dərsləri ya məktəb psixoloqları, ya da nazirlik tərəfindən xüsusi təlimatlandırılmış sosial işçilər tədris etməlidir. Fənn müəllimlərinin bu dərsləri tədris etməsi lazımi effekt verməyə bilər. Hazırda belə fənnin tədrisinə həm də ona görə ehtiyac yaranır ki, sivilizasiyaların yaxınlaşması, inteqrasiya prosesi gedir. Dünyamız artıq elə bir məcraya yönəlib ki, mədəniyyətlər, ənənələr bir-birinə qarışır. Belə şəraitdə milli adət-ənənələrin, ailə dəyərlərinin itməsi, sıradan çıxması baş verə bilər. Biz bütün mədəniyyətlərə açıq ölkə və xalqıq. Bu, şəksizdir. Ancaq çalışmaq lazımdır ki, inteqrasiya içərisində milli kimliyimiz, adət-ənənələrimiz deqradasiyaya uğramasın. Daşkənddə ailə məktəbinin yaradılmasında bir qəribəlik yoxdur. Çünki hazırda bütün keçmiş sovetlər birliyi ərazisində mənəvi deqradasiya prosesi gedir, ailə bağları qopmuş vəziyyətdədir. Bizdə milli dəyərlərin, ailə dəyərlərinin aşınması təhlükəli dərəcədə deyil. Təhlükə var, bəli, amma bunun qarşısını vaxtında almaq olar.
L.Mehralı hazırda orta məktəblərdə «Həyat bilgisi» dərsliyində ailə haqqında bölüm olduğunu dedi:
- Övladım 4-cü sinifdə tədris alır. Onun «Poznanie mira» («Həyat bilgisi»nə oxşar adda) dərsliyi var. Orada ailə haqqında, ailə fərdləri, ailənin dövlətin kiçik modeli olması, ananın, atanın vəzifələri və s. haqqında qısa bilgilər verilib. Bu bilgilər uşaqların yaş dövrünə uyğun formada yazılıb. Yuxarı siniflərdə isə yəqin ki, daha geniş məzmunlu, daha dəqiq məlumatlar verilməlidir. Təbii ki, yenə də yeniyetmələrin başa düşəcəyi, anlaya biləcəyi və qəbul edəcəyi bir dildə. Bunlar hamısı yeniyetmənin müstəqil həyata hazırlığını şərtləndirir.
Bir məsələ də var ki, anatomiya fənnində insanın formalaşması, yaş dövrləri və s. ilə bağlı bəzi fəsillərin tədrisində şagirdlər sıxılır, qızlar həmyaşıdlarından utanır. Hesab edirəm ki, belə məhrəm mövzular da xüsusi təlimatçılar tərəfindən tədris edilməlidir. Xatırlayıram ki, biz «İnsan» fənnini keçəndə, qadın və kişilərdən bəhs edən fəsillərin tədrisində utanardıq. Müəllim də o fəsillərin üzərindən sürətlə keçərdi, çox zaman dərs də soruşmazdı. Azərbaycanlı mentaliteti özünü göstərir. Biz o dərəcədə açıq-saçıq deyilik ki, qızlarla oğlanlar insan barədə hər cür bilgini birlikdə ala bilsin. Bizdə bu məsələlərdə hələ də oğlanlarla qızlar arasında pərdə var. Əslində, bu, heç də pis deyil. Həya, abırın göstəricisidir. Amma həqiqətən də həyatı bilmək istəyiriksə və istəyiriksə ki, övladlarımız geniş dünyagörüşlü olsun və gələcək ailə həyatında problemlərlə az qarşılaşsınlar, o zaman bu fəsillər oğlan və qız şagirdlərə ayrı-ayrılıqda da tədris edilməlidir. Bu da yeniyetmələrin gələcək həyata hazırlanmasına kömək olar.
Məlahət Rzayeva