Özünə və kollektivə hörmət...

Dünyada uğurlu insanların sadə həyat tərzi təəccübləndirirEtiraf edək ki, biz xarici görünüşlə yaşayan insanlara buna görə qiymət qoyulan bir cəmiyyətdə yaşayırıq
Bütün dünyanın diqqət mərkəzində olan uğurlu insanlar, şirkət rəhbərləri və sıfırdan böyük işlərə imza atan insanlar var. Hər kəsi onların həyatı, zirvələrə necə çatması maraqlandırır. Lakin diqqət etməli başqa bir məqam da var. Əsasən Amerikanın tanınmış insanlarının gündəmdə olan sadəliyi... Amerika mətbuatının və dünya mətbuatında sıx-sıx yer alan xəbərlərdə məşhur yönəticilərin sadə, rahat geyimlərindən, "sıradan tərzindən”, istifadə etdikləri sadə texnologiyalardan danışılır.
Bunu ictimaiyyət fərqli şəkildə izah edir, kimi kütləyə bir mesaj vermək cəhdini, kimi isə onların "xalqdan biri” kimi özlərini təqdim etməyə çalışdığını düşünür. Hər kəsin yaxşı tanıdığı zənginlərdən biri olan, "Facebook”un qurucusu və yaradıcısı Mark Zukerberg də işə çox sadə geyimdə getməyi üstün tutur. Sadə papaqlı gödəkçəsi, gündəlik geyim tərzində şalvar-köynəkləri ilə hər zaman diqqət çəkən Mark rahat geyinməyi artıq həyat tərzinə çevirib. Mətbuatın dərc etdiklərində qeyd edildiyi kimi, Mark hətta önəmli toplantılarına və iş yeməklərinə də idman stilində, bu cür geyimdə qatılır. Bu cür sadəlik onun iş planında da özünü göstərir. Belə ki, tamam fərqli iş siyasəti aparan rəhbərin San-Fransiskodakı "Facebook” mərkəzinin timsalında şirkətin çox ofislərində özünə aid bir otağı belə yoxdur. Başqa şirkətlərdən fərqli olaraq "Facebook”un işçiləri də çox rahat geyimdə, Zukerberglə bərabər oturduqları masalarda iş həyatını yürüdürlər. Daha bir tanınmış insan, bu gün istifadə etdiyimiz "İphone”, "İpad”, "İpod” kimi texnoloji məhsulların ixtiraçısı, 2011-ci ildə dünyasını dəyişən Stiv Cobs da ictiamiyyətin yaddaşında sadə geyim tərzi ilə qaldı. 2011-ci ildə ABŞ Prezidenti Barak Obamanın Ağ Evdə təşkil etdiyi yemək axşamına qatılan xərçəng xəstəsi Stiv Cobs "sıradan” tərzi ilə yenə də hər kəsin marağına səbəb olmuşdu.
"Çoxları bu addımı biznes siyasətinin tərkib hissəsi hesab edir”. "Şərq”ə bu barədə danışan xaricdə təhsil almış gənc fəal Cəlal Hacıyev isə rəhbərlərin səliqəli və rahat geyimlər geyinməsini, sadə telefonlardan istifadə etməsini iş kollektivinə hörmətlə yanaşması kimi dəyərləndirir: "Düşünmürəm ki, cəlbedici və ya bahalı, göz oxşayan geyimlərdən istifadə etməklə iş sektorunda hansısa uğura imza atmaq olar. Lakin səliqəli geyim, bir növ işlədiyin kollektivə və gördüyün işə hörmətlə yanaşmaq deməkdir. Bəzi tanınmış rəhbərlər var hətta işə velosipedlə gəlir, bu qədər texnologiyanın hazırlanmasına baxmayaraq, sadə, loru dildə desək, "düyməli” telefonlar işlədir, internet əvəzinə qəzet oxumağı üstün tutur, sosial şəbəkələrdən belə istifadə etmirlər. Onların bu addımı bir növ ictimaiyyətə sadəliyin aşılanması kimi də qəbul oluna bilər. Zənnimcə, xarici görkəmini bəzəyən insanlar daxili kasıblıqlarını o parıltı və dəbdəbə ilə ört-basdır eləməyə çalışırlar. Amerikada və Avropa cəmiyyətlərində insana göstərilən münasibətdə əsasən xarici görünüş, geyim tərzi və s. ön planda deyil. Lakin bizim cəmiyyətimizin psixologiyası üçün bunu demək olmur. Mən gündəlik iş rejimimlə bağlı bütün həftəni kostyumda oluram. Hara gedirsən "müəllim, buyurun, siz” - deyə xitab edirlər. Həftə sonları isə adi gündəlik geyimdə isə "xaloğlu, buyur, sən” - deyə müraciətlər eşidirəm. Etiraf edək ki, xarici görünüşlə yaşayan insanlara buna görə qiymət qoyulan bir cəmiyyətdə yaşayırıq. Bəlkə də buna görədir ki, o qədər tanınmış, uğurlu insanların sadə həyat tərzi bizi təəccübləndirir”. Cəlal Hacıyev deyir ki, insanlar adətən statik və oturmuş rənglərdən, tərzlərdən istifadə etməlidir. Stiv Cobs, Mark Zukerberg, Cem Yılmaz və başqaları buna bariz nümunədir: "Adətən fəaliyyətə yeni başlamış şirkətlər fikir verirsinizsə, çılğın, gözəgirən müasir rəngli geyimlərdən, daha çox diqqət cəlbedən formada vasitələrdən istifadə edirlər. Lakin illərlə fəaliyyət göstərmiş şirkətlər isə statik rənglərdən istifadə edirlər. Buna bütün məhşur dünya brendlərini misal gətirmək olar. İnsanlar da həmçinin şirkətlər kimi özünü təsdiq etdikdən sonra onlar üçün sadəlik ön plana keçir”.
Aysel Aslan