“Ədəbiyyat mənim üçün sadəcə bir zövqdür”
“Özünü misralarımda tapanlar üçün yazıram”
Elçin Mirzəbəyli: “Karyeramı və dolanışığımı siyasət və media üzərində qurmuşam”
“Ədəbiyyat mənim üçün sadəcə bir zövqdür”
“Ədəbiyyat mənim üçün sadəcə bir zövqdür”
"Şərq”in "Sözlə yaşayan adam” rubrikasının budəfəki qonağı şair-publisist Elçin Mirzəbəylidir.
O, ictimaiyyətdə daha çox "Xalq cəbhəsi” qəzetinin baş redaktoru və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini kimi tanınsa da, həm də söz adamıdır. Elə bu səbəbdən də həmişə media eksperti və politoloq olaraq fikirlərinə önəm verdiyimiz Mirzəbəyli ilə bu dəfə ədəbiyyatdan danışdıq.
Ənənəsinə sadiq qalan şair xahişimizi yerə salmadan suallarımızı cavablandırdı. Əslində, Elçin Mirzəbəylini ilk dəfə bir şair kimi
"Sən qoyduğun küncdə durmuşam, Allah,
Əlləri havada, tək ayaq üstə”
misraları ilə tanımışam.
Elə o gündən də şairin yaradıcılığını mütəmadi olaraq izləyir, ayrı-ayrı şeirlərindən ən çox bəyəndiyim misraları yaddaşıma yazıram. Hansı ki, E.Mirzəbəylinin şeirlərində "Tanrım günah sayma, verdiyin ömrü çürüdüb, adını ümid qoyuram”, " Ruhum əzab çəkir bu dar bədəndə, Soyundur bu ömrü əynimdən mənim”, "Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən...” kimi yaddaqalan və özündə dərin mənalar ehtiva edən misralar çoxdur.
İlk olaraq, "Sözlə yaşayan adam necə olmalıdır” sualına cavab verən E.Mirzəbəyli prinsip etibarı ilə hər kəsin sözlə yaşadığını deyib:
"İnsanları biri-birinə bağlayan, onlar arasındakı münasibətləri dərinləşdirən sözdür. Əslində söz dünyanın ən böyük kəşfidir. "Sözlə yaşayan adam”ın konkret bir resepti yoxdur. Amma digər adamlardan fərqli olaraq sözlə yaşayan adamlar daha həssas olur, insanları duymaq qabiliyyətinə malik olurlar. "Sözlə yaşayan adam” sözün mahiyyətini, fəlsəfəsini dərk etməyi bacarmalı, sözü ölməyə qoymamalıdır. Ağzından çıxan hər sözü cilalayıb, sonra danışmalıdır. Bir sözlə, "Sözlə yaşayan adam” hər şeydən öncə sözü yaşatmalıdır.
- Ədəbiyyatımızın bugünkü durumunu necə dəyərləndirirsiz?
- Ədəbiyyatımızın ən böyük problemi oxucu qıtlığı ilə bağlıdır. Azərbaycanda insanlar oxumağı bir o qədər də sevmirlər. Amma sevindirici haldır ki, sosial şəbəkələr sayəsində yaradıcılıqla məşğul olan insanlar özlərinə müəyyən qədər oxucu auditoriyası yığa, həmin oxucuları ilə ünsiyyət qura bilirlər.
Amma ədəbiyyatımıza yaradıcı müstəvidə yanaşsaq, bu istiqamətdə vəziyyət kifayət qədər ürəkaçandır və ədəbiyyatımızın gələcəyi ilə bağlı da kifayət qədər nikbinəm. Hətta deyərdim ki, Azərbaycan ədəbiyyatı heç vaxt bugünkü qədər inkişafda olmayıb. Azərbaycan dili isə heç vaxt bugünkü qədər mükəmməl müstəviyə gəlib çatmayıb. Gənc yazarlarımız dilimizin imkanlarından kifayət qədər məharətlə istifadə edirlər. Çağdaş Qərb ədəbiyyatı ilə yaxından tanış olan biri kimi
demək istəyirəm ki, bizim yazarların əsərləri dünyanın aparıcı dillərinə tərcümə olunsa, kitablarımız Avropada əl-əl gəzər.
- Görünür, gənc yazarların yaradıcılığına yaxından bələdsiz. Bəs, kimlərin imzasına xüsusi önəm verir, hansının əsərlərini daha çox bəyənirsiz?
- Sözün açığı, yaradıcılığını izləmədiyim gənc yoxdur. Mümkün qədər qarşıma çıxan bütün ədəbiyyat nümunələrini oxumağa çalışıram. Düzdür, aralarında zəif olan əsərlər də var. Amma mən yenə də oxuyuram. Bu mənada yaradıcılığını yaxından izlədiyim çoxsaylı yazarların adını çəkə bilərəm. Amma onlar arasında ən çox sevdiyim və yaradıcılığına xüsusi önəm verdiyim Aqşin Yeniseydir. Onun təkcə poeziyasını deyil, eyni zamanda publisistikasını və düşüncələrini həddindən artıq çox sevirəm. Zənnimcə, Aqşin özündən sonra Azərbaycan ədəbiyyatında qızıl irs qoyacaq. Hələ ki, gəncdir. Allahdan ona uzun ömür və bolluca yaradıcılıq uğurları arzulayıram. Həmçinin Şəhriyar del-Geraninin, Qismətin, Rəsmiyyə Sabirin də şeirlərini çox bəyənirəm. Əslində bəyəndiyim gənclərin sayı hədsiz çoxdur, sadəcə indi yadıma düşən bunlar oldu.
Əgər biz 60-cı və ondan əvvəlki illərə nəzər salsaq, əlimizdəki barmaqların sayı qədər seçilmiş ədəbiyyat adamlarının adını çəkə bilərik. Amma bu gün sayseçmə şairlərimiz, yazıçılarımız kifayət qədərdir.
- Siz gənc yazarların sayının çox olmasından ürəkdolusu danışdız. Amma əksər hallarda həmyaşıdlarınız ölkədəki şair-yazıçı bolluğundan gileylənir və buna görə də sosial şəbəkələri günahlandırır ki, əli klaviatura tutan hər kəs feysbukda iki-üç şeir, bir-iki hekayə paylaşıb, özünü yazar kimi cəmiyyətə sırımağa çalışır...
- Olsun da... Mən burda mənfi tendensiya görmürəm. Əgər kimsə yazıb-yaratmaq, cəmiyyətdə yazıçı-şair kimi tanınmaq istəyirsə, qoy olsun! Plagiatla məşğul olmadığı təqdirdə gənclərin yazmasında heç bir problem görmürəm. Əgər kimsə gənclərin yazdıqlarını oxumaq istəmirsə, oxumasın. Lap on min adam feysbuk profilində özünü şair kimi təqdim eləsin, arada bir də cızmaqaralarını paylaşsın. Onsuz da son nəticədə onların arasında cəmisi 3-4-ü özünü şair kimi təsdiqləyib, ədəbiyyat nümayəndəsi kimi qəbul olunacaq. Ədəbiyyat sevənlər də yalnız onların səhifəsinə daxil olacaq, yalnız onların şeirlərini oxumaq üçün internetdə axtarış verəcəklər. Zamanın yoluna qoyacağı bir şeydən ötrü narahat olmağa dəyməz.
- Plagiat məsələsinə toxunduz. Bu problemlə bağlı bir-iki paylaşımınızı da oxumuşdum. Sizə məxsus bir misranın və ya bütöv bir şeirin altında başqa bir imza gördüyünüz zaman necə reaksiya verirsiz? Müəllif hüquqlarına şikayət etdiyiniz insanlar olubmu?
- Əslində elə bir ciddi problemim olmayıb. Yəni cəmiyyət tərəfindən tanınan insanların şeirlərimi öz adına çıxması kimi halla rastlaşmamışam. Amma bəzən gənclər özlərini sevdiyi qızlara göstərmək üçün mənim şeirlərimdən istifadə edirlər (gülür). O da ki, mənim üçün problem deyil. Çünki o qızdan başqa heç kim oxumayacaq o şeirləri. Bu günə qədər bütövlükdə şeirimi öz adına çıxan bir nəfərlə rastlaşmışam. Orta səviyyədə tanınan şairlərdən biri idi. Onun da çox qəribə bir arqumenti vardı. Sən demə, bu şair nə vaxtsa mənim şeirimi oxuyub əzbərləyibmiş, sonradan şeir yaddaşına həkk olanda elə bilib öz şeirlərindən biridir. Götürüb, öz imzası ilə verib (gülür). Bir dəfə də yutubda bir nəfər şeirlərimdən birini öz şeiri kimi təqdim etmişdi. Mən də onu şikayət elədim və dərhal reaksiya verib, həmin videonu sildilər. Əslində bu cür problemlər yaşanmasın deyə, internet mediada müəllif hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin hazırlanması yaxşı olardı. Müəllif Hüquqları Agentliyi də öz fəaliyyətini bir az təkmilləşdirməlidir. Oturub gözləməsinlər ki, hüquqları pozulan hansısa müəllif onlara müraciət edəndən sonra məsələni araşdırsınlar. Axı, onların missiyası yalnız qrif verib, pul almaqdan ibarət deyil. Həmin qrif əsasında bütün müəlliflərin hüquqları avtomatik olaraq qorunmalıdır.
- Yuxarıda qeyd etdiz ki, şeirlərinizi daha çox gənclər öz sevgililərinə oxumaq üçün öz adlarına çıxırlar. Yaradıcılığınızı izlədiyimdən bilirəm ki, kifayət qədər sevgi şeirləriniz, bəzilərində də həsrət var. Bu, gəncliyinizdə nakam sevgi yaşadığınıza işarədir, yoxsa...
- Xeyr, nakam sevgim olmayıb. Mənim sevgim bu gün də öz yanımdadır, yəni sevdiyim qadınla ailə qurmuşam. Ancaq sevgi həsrəti çəkənlər, nakam sevgi yaşayanlar şeir yaza bilər kimi fikirləri də bölüşmürəm. Bu özünü romantik göstərmək istəyənlərin gündəmə gətirdiyi bir deyimdir. Sevgi şeirində subyekt şərt deyil. Şair olan kəs adi bir çiçək ətrindən ilhama gəlib, sevgi şeiri yaza bilər. Ümumiyyətlə, ədəbiyyat adamlarında mübaliğə çox olur, yaxşı olar ki, oxucular ədəbiyyatın mətbəxinə nəzər salmasın, sadəcə nəticədən zövq almağı bacarsınlar.
- Bir çox şairlərdən fərqli olaraq sizin hərbi-vətənpərvərlik ruhlu şeirləriniz çoxluq təşkil edir. Sizcə, bu gün şeirlə, ədəbiyyatla insanlarda milli ruhu oyatmaq mümkündür, yoxsa bu ənənə ötən əsrdə qaldı?
- Biz torpaqlarımızın işğal altında olduğunu heç vaxt unutmamalı və unutdurmamalıyıq. Bizim qarşımızda torpaqlarımızı düşməndən azad etmək kimi bir hədəf dayanıb. Və bu hədəfləri işıqlandırmaq, gündəmdə saxlamaq media ilə paralel olaraq ədəbiyyatın da əsas funksiyalarından biridir. Unutmayaq ki, Azərbaycanın milli istiqlal mübarizəsi məhz 60-cı illərdə yaradılan ədəbiyyat nümunələrinin hesabına ortaya çıxmışdı. Mənim yazdığım marşlar silahlı qüvvələrdə oxunur, orta məktəblərdə tədris olunur.
- Amma insanlar arasında bir narazılıq var ki, Qarabağ münaqişəsi ilə bağlı sanballı əsər ortaya qoyan yoxdur.
- Mən bu iradlarla razı deyiləm. Qarabağla bağlı nə qədər əsərlər, poetik nümunələr yaranıb, son illərdə. Şəxsən mənim Ağdama həsr elədiyim "Kabus qatar” kimi işğala həsr elədiyim onlarla şeirim var. Açıb oxuyublarmı? İnsanlarımızda belə bir düşüncə var ki, əsəri yazan qapı-qapı gəzib, hamıya öz əsərini oxutmalıdır. Aqil Abbas "Dolu” əsərində məgər Qarabağın işğalından bəhs etmir? Axı kiməsə zorla Qarabağdan əsər yazdırmaq da olmur. Kim bu ağrını içində hiss edirsə, qoy o yazsın Qarabağdan. Vətən, torpaq sözlərini şəxsi mənafeləri üçün hallandıran insanlar Qarabağdan yazmasalar yaxşıdır.
- Sizi ancaq şair kimi tanıyırıq. Nəsrdə heç qələminizi sınamısızmı?
- Vaxtı ilə çoxlu esselər yazmışam və kitabımda da yer alıb, həmin yazılar. Bu gün isə gündəlik olmasa da, həftədə bir dəfə publisistik yazılar yazıram. Fərdi şərhlər həddindən artıq çox vaxtımı alır deyə, irihəcmli əsərlər yazmağa vaxtım qalmır. Amma bir yarımçıq romanım var. Hər nə qədər 2-3 ay indiki gərgin iş rejimindən ayrılıb onu tamamlamağa çalışsam da, imkan olmur. Allah ömür verərsə, bir gün həmin romanı tamamlayıb, oxucularıma təqdim edəcəm. Bu roman 1988-90-cı illərdə Azərbaycanda baş verən hadisələrdən bəhs edən, amma siyasi motivli olmayan bir əsərdir. Konkret olaraq desəm, kitab "istedadlı əclaf” haqqında olacaq, inşallah!
- Dediyiniz kimi, ictimai-siyasi proseslərdə aktivsiz. Çiyinlərinizdə partiya funksioneri və baş redaktor olmaq kimi ağır bir yük var, üstəlik də, şairsiz. Reklamda deyildiyi kimi, "Üçü birində” fəaliyyət sahibisiz. Bütün bunların altından qalxmaq çətin deyil?
- Xeyr, heç bir çətinliyim yoxdur və narazılığım yoxdur (gülür). Daha doğrusu, ədəbiyyatın digər fəaliyyət sahələrinə bir maneçiliyi yoxdur. Mən əsas karyeramı və dolanışığımı siyasət və media üzərində qurmuşam. Ədəbiyyat isə mənim üçün sadəcə bir zövqdür. Heç vaxt şeir yazmaq üçün özümü məcbur etmirəm, çox az-az yazıram. Kimlərinsə sifarişi ilə şeir yazmadığım üçün ədəbiyyat üçün xüsusi vaxt ayırmağa gərək duymuram. Nə vaxt, yazmaq ehtiyacı duyuramsa, o zaman da sinəmdəki sözləri kağız üzərinə tökürəm.
- "Ürəyim yanar” şeirinizə mahnı bəstələnib. Bəstəkarlardan da sifariş gəlmir, hansısa musiqi üçün şeir yazmağa?
- Tək o deyil ki?! Bir çox şeirlərim əsasında musiqi bəstələnib. Mən heç vaxt musiqi üzərində şeir yazmamışam. Günü bu gün də yeni şeirlərimə bəstələnən mahnılar var. Yəni kimsə şeirimi oxuyur, xoşuma gəlir və ona musiqi bəstələyir. Mən musiqi üzərində şeir yazmağı, söz oynatmağı bacarmıram. Yuxarıda da dediyim ki, ancaq ürəyimdə olanları yazıram. Ədəbiyyat mənim üçün mənəvi zövqdür. Əgər kimlərsə də, mənim yazdıqlarımdan zövq alırsa, bu da mənim üçün ikiqat zövqdür. Amma ədəbiyyatla bağlı heç bir iddiam yoxdur, olmayıb da. Yeganə istəyim öz şeirlərimlə
insanların qəlbini oxşamaqdır, Allaha şükürlər ki, bu da istədiyimdən qat-qat artıqdır. Bir sözlə, mən ilk növbədə özüm üçün, sonra da mənim şeirlərimdə, misralarımda özlərini tapan oxucularım üçün yazıram. Əgər xaricdə yaşayan soydaşlarımız mənim şeirlərimi tərcümə edərək bir araya yığıb kitab halına salır və bundan mənim son anda xəbərim olursa, niyə də yazmayım!? Öz şeirlərimlə, kitablarımla kimisə yükləmirəm ki?! Ancaq ruhumu dinləndirmək və ruhunu dinləndirdiyim insanlar üçün yazıram...
Şəymən