Sülhlə Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra tərəflərin əvvəlki danışıqlardan tamamilə fərqli və nikbin açıqlamalarla çıxış etmələri gündəmin əsas müzakirə mövzusuna çevrildi. Görüşdən sonra belə bir inam yaradıldı ki, çox da uzun çəkməyən bir dövrdə Dağlıq Qarabağ pobleminin aradan qaldırılmasına, ədalətli həllinə yol açılacaq. Ancaq bir neçə gün sonra vəziyyət bir qədər dəyişdi.
Azərbaycan tərəfdən problemin mərhələli həlli formatı səsləndirilərkən işğalçı tərəfdən bunun əksi iddia edildi. Əslində işğalçı rejim dəfələrlə görüşlər zamanı əldə edilmiş nəticələri sonradan sual altına qoyub. Ekspertlərə görə, bu cür yanaşma Ermənistanın qeyri-səmimi və riyakar siyasət yürütdüyünü bir daha sübut edir. Partiya funksionerlərinin görüşlə bağlı fikirləri isə birmənalı deyil. Görüşün əhəmiyyətini vurğulayanlarla yanaşı, bunun əksini iddia edənlər də var. Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadənin fikrincə, prezidentlərin görüşü müəyyən ümidlər verir: "Düzdür, danışıqların məzmunu və əldə edilən razılıqlar barədə konkret məlumat yoxdur. Bununla belə, danışıqların bundan sonra üçtərəfli formatda, yəni Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilməsi, danışıqların davam etdirilməsi haqqında razılığın əldə edilməsi hər halda müəyyən irəliləyişlərin olduğundan xəbər verir. Ümid etmək istərdik ki, növbəti görüşlərdə irəliləyişlər olacaq”. A.Mirzəzadə vurğulayıb ki, əgər Ermənistan yenidən qeyri-konstruktiv mövqe göstərərsə, Azərbaycan növbəti addımlar haqqında ciddi düşünməli olacaq. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə nikbin deyil: "Peterburq görüşü bu il hansısa formada münaqişənin həllinə və status-kvonun dəyişməsinə yol aça bilməz. Status-kvonun dəyişməsi yalnız hərbi yolla əldə edilən üstünlük və qlobal siyasətdə çox ciddi fundamental dəyişikliklərin baş verməsi ilə mümkün ola bilər. Siyasi danışıqlarla status-kvonu dəyişmək olmaz. Ancaq bütün hallarda Rusiya üçün atəşkəsi qorumaq vacib idi və buna nail oldu”. S.Cəlaloğlu danışıqların davam etdirilməsinin vacibliyini vurğulasa da, hərbi gücü artırmağın ən yaxşı yol olduğunu düşünür: "Danışıqlar davam etdirilməlidir. Lakin bir məşhur məsəli yaddan çıxartmamalıyıq: - itlə yoldaşlıq elə, çomağı yerə qoyma. Danışıqlar gedən müddətdə də Azərbaycan hərbi gücünü durmadan artırmalıdır”. Millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də deyib ki, nə qədər Ermənistanda quldur, terrorçu rejim hakimiyyətdədir, razılaşma mümkün deyil: "Sarkisyan terrorçudur, o, separatçıların içindən çıxıb. O, istəsə belə, Qarabağın qaytarılması ilə bağlı sənədə imza ata bilməz. Ermənilər onu diri-diri yandırar. Ermənistan hakimiyyəti ilə razılığa gəlmək o zaman mümkün olar ki, bu hakimiyyətdə normal təfəkkür və xarakterə malik insanlar təmsil olunsun. Bu olmayacağı təqdirdə, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil”.
AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu da bildirib ki, onsuz da tərəflər görüşdən ciddi irəliləyiş gözləmirdilər: "Gözləntilər demək olar ki, yox idi. Bu görüş Putinə daha çox lazım idi ki, beynəlxalq ictimaiyyətə əsas söz sahibinin Moskva olduğu mesajını versin və göstərsin ki, konfliktin "açarını” başqa yerlərdə axtarmaq gərəksizdir. Biz hər zaman demişik, indi də deyirik, uzun-uzadı danışıqların səmərəsi yoxdur və olmayacaq. Məncə, sülh prosesinin limiti çoxdan bitib”.
İsmayıl