Paşinyan da Sarkisyanın yolunu gedir

Müxalifət lideri Qarabağla bağlı nikbin açıqlamalar vermədi
“Paşinyanın baş nazir kreslosunda fəaliyyəti heç də asan olmayacaq. Rusiya onun önünə çeşidli əngəllər çıxarmaq imkanındadır”


Dünən Ermənistan parlamentində yeni baş nazirin seçilməsi ilə bağlı geniş iclas keçirilib. Baş nazirliyə yeganə namizəd müxalif lider Nikol Paşinyan olub. O, parlamentdə təmsil olunan 4 fraksiyadan 3-nün dəstəyini alıb. Çıxış Blokunun namizədi olan Paşinyana Çarukyan Bloku və Daşnaksütyun dəstək verib. Parlamentdəki seçkiləri izləmək üçün 100-dən artıq xarici KİV Ermənistan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçib. Paşinyan deputatların suallarını cavablandırıb və baş nazir olacağı təqdirdə nələr edəcəyini açıqlayıb. Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri diqqət çəkib. Onun hakimiyyətdə qalmaq üçün Qarabağ münaqişəsini kart kimi istifadə edən Sarkisyandan fərqli mövqe nümayiş etdirəcəyi gözlənilsə də, bunun əksi olub. 

Paşinyan deyib ki, münaqişənin həllinin kökündə xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır: "Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu, reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur”. Paşinyan parlamentdə olduğu vaxt onun tərəfdarları Respublika meydanına toplaşıb və iclası böyük monitorinqdən izləyiblər. Ekspertlər bunu Respublika Partiyasının başına silah dayamaq kimi dəyərləndiriblər. Yəni Paşinyan parlamentdən baş nazir olaraq çıxmazsa, o zaman itaətsizlik aksiyası davam edəcək.

Paşinyan Ermənistan parlamentində nələr dedi?

Parlamentdə çıxış edən Nikol Paşinyan Ermənistanın xarici siyasətində dəyişikliklər etmək niyyətinin olmadığını deyib: "Ermənistan mənim baş nazirliyim dönəmində Avrasiya İttifaqı və KTMT-nin üzvü olaraq qalacaq. Bu, təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Rusiya Ermənistanın strateji tərəfdaşıdır və ümumxalq hərəkatı Ermənistan-Rusiya münasibətlərinə təhdid yaratmır. Biz Avropa Birliyi və üzvləri ilə münasibətləri dərinləşdirəcəyik. AB ilə viza rejiminin liberalizasiyasına çalışacağıq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və hesab edirik ki, bu istiqamət çox vacibdir”. Paşinyan çıxışında bildirib ki, bundan sonra da qondarma erməni soyqırımının tanıdılmasına çalışacaq: "Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq”.

"Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmayacaq”

Paşinyan bildirib ki, erməni xalqının birliyi Bakının Qarabağ məsələsini hərbi yolla həll etməsinə mane olacaq: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya düşünülməmiş addımlardan çəkinmək üçün təsir etməlidir”. O, Qarabağ ətrafındakı rayonların Azərbaycana verilməsi ilə bağlı adından yayılan ifadələrin dezinformasiya olduğunu söyləyib. Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini deyib. Zəmanət verirəm ki, baş nazir olacağım gündən etibarən Ermənistanda monopoliya olmayacaq, heç kimə idxalat üçün qadağa qoyulmayacaq: "Yeni qanunlar tətbiq etməyəcəyik, sadəcə, qeyri-qanuni qadağaları ortadan götürəcəyik. Diaspordakı minlərlə erməni nəfəsini tutaraq Ermənistandakı vəziyyətin düzəlməsini gözləyir. Şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək. Bu, təhlükəsizlik səviyyəsini, müdafiə qabiliyyətini artıracaq, Qarabağ konfliktini ermənilərin xeyrinə həlli üçün imkanlar yaradacaq”.

Yeni baş nazir Nikol Paşinyan kimdir?

Nikol Paşinyan 1975-ci ildə İcevanda anadan olub. 1991-ci ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin "jurnalistika” ixtisasına qəbul olub. Amma universiteti bitirməsi ilə bağlı məlumat yoxdur. Yəni nə qərb təhsili, nə elmi dərəcəsi, nə də diplomu var. "Kavkazskiy uzel” portalının yazdığına görə, Paşinyan yaxşı oxusa da, 1995-ci ildə siyasi fəaliyyətinə görə universitetdən qovulub və diplom ala bilməyib. Heç bir xarici dili də bilmir. Paşinyan nə Levon Ter-Petrosyan kimi erməni diasporunun yetişdirdiyi görkəmli siyasi xadimdir, nə də Robert Köçəryan, Vazgen Sarkisyan, Serj Sarkisyan kimi keçmiş səhra komandiridir. O, Azərbaycanla sərhəd İcevan bölgəsində doğulmuş adi kənd uşağıdır. Müxalifyönlü qəzetlərin 90-cı illərdə məmurları tənqid etdiyi üçün tez-tez məhkəmələrə çəkilən adi müxbir kimi siyasət səhnəsinə atılıb. 1993-1997-ci illərdə "Dprutyun”, "Lragir”, "Molorak” adlı qəzetlərdə müxbir və redaktor olub. 2006-cı ildə birbaşa siyasətə keçib. "Alternativ” adlı ictimai-siyasi hərəkat yaradıb və 2007-ci ilin parlament seçkilərində daha iki kiçik müxalif partiya ilə birlikdə "İmpiçment” adlı blok formalaşdırıb. İlk uğursuzluqdan sonra Paşinyan taktikasını dəyişib və 2008-ci ildə yenidən siyasətə qayıdıb. Kütləvi iğtişaşların təşkilində ittiham edilən Paşinyan təxminən 1 il 4 ay gizləndikdən sonra hakimiyyətə könüllü təslim olub. 2010-cu ildə 7 il azadlıqdan məhrum edilib. Bir ildən sonra azadlığa çıxıb və özünün alovlu nitqləri ilə 21 mitinq təşkil edib. 2012-ci ilin mayında ilk dəfə Ermənistan parlamentinə seçilib və bu dəfə sərt anti-hakimiyyət çıxışlarını deputat kimi davam etdirib. 2016-cı ildə isə "Çıxış” adlı blokun lideri olub. Millət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edən, Avrasiya İqtisadi İttifaqından çıxmağı məsləhət bilən Paşinyan daha sonra fikirlərindən vaz keçib.

"Paşinyandan Qarabağ münaqişəsinin həllini gözləmək sadəlövhlükdür”

Politoloq Şahin Cəfərli deyib ki, hər hansı erməni siyasətçidən Dağlıq Qarabağ məsələsində ciddi güzəştlər gözləməyə dəyməz. Çünki güzəşt mövqeyindən çıxış edən siyasi liderin Ermənistanda uğur qazanması mümkün deyil: "Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sarkisyandan çox fərqli mövqe sərgiləyəcəyini gözləmək sadəlövhlük olardı. Paşinyan atacağı addımlarla Rusiya üçün problemlər yaratmağa başlasa, Rusiya da ona problemlər yaradacaq. O, Rusiyanın adamı deyil. Bu, birmənalıdır. Paşinyan liberal dünyagörüşə sahib qərbyönlü siyasətçi kimi tanınıb. Onun Moskvaya isti mesajlar yollaması isə təbiidir və anlaşılandır. Çünki Ermənistan siyasi, iqtisadi və hərbi sahələrdə Rusiya ilə çox dərin inteqrasiyaya gedib. Ərazisində Rusiya hərbi bazaları var, sərhədlərini rus əsgərləri qoruyur, iqtisadiyyatının əsas sahələrinə Moskva nəzarət edir. Belə bir durumda olan ölkədə hər hansı siyasi liderin Rusiya əleyhinə açıq çıxış etməsi axmaqlıq olar. Hesab edirəm ki, Paşinyanın baş nazir kreslosunda fəaliyyəti heç də asan olmayacaq. Rusiya onun önünə çeşidli əngəllər çıxarmaq imkanındadır”.

İsmayıl