"Birmənalı şəkildə deyə bilərəm ki, dünya ictimaiyyəti, beynəlxalq dairələr Paşinyanın kim olduğunu artıq yaxşı bilirlər. O, öz yalan və cəfəng bəyanatları ilə heç kəsi aldada bilməz”.
Bu sözləri "Sherg.az”a tanınmış politoloq Nəzakət Məmmədova deyib.
Ekspert bildirib ki, Paşinyan BMT-nin yüksək tribunasından başqa cür danışa bilməzdi. Ona görə də ikiüzlülük edib:
"Paşinyan dünya ictimaiyyətinin gözündə "demokratik lider” obrazını yaratmaq istəyir. O, situasiyaya uyğun bəyanatlar verir və bununla manevr etdiyini düşünür. Ancaq siyasət ilk növbədə əxlaq elmidir. Nə olursa olsun, bir siyasətçi yüksək mənəviyyata sahib olmalıdır. Makiavellist yanaşma orta əsrlərdə qalıb. Paşinyan artıq ciddi siyasətçi kimi qəbul olunmur. Bir siyasətçinin dediyi sözün hökmü, çəkisi olmalıdır. O halda siyasətçinin sözü ciddi qəbul olunur. İndiki şəraitdə isə erməni baş nazirin dediklərini heç kəs ciddi qarşılamır. Hər halda onun verdiyi bəyanatlar populist, cəfəng mahiyyət daşıyır. Çünki dedikləri öz xalqını aldatmağa, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa yönəlib”.
Analitik vurğulayıb ki, Paşinyan öz imicini ciddiləşdirməyə çalışsa da, bu, alınmayacaq: "O, hakimiyyətinin ilk dövründə siyasi naşılıqdan irəli gələrək, yaxud da ona verilən ziddiyyətli təlimatlar əsasında uyğunsuz bəyanatlar verdi və bu onun barəsində qeyri-ciddi şəxsiyyət təsəvvürü yaratdı. Ona olan etimadı yox etdi. Odur ki, bu imicdən qurtulmaq asan olmayacaq”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan BMT tribunasından istifadə edərək, növbəti dəfə erməni yalanları və absurdları ilə dolu iddia səsləndirib. Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib.
O, BMT də daxil olmaqla, dünyanın ən mötəbər qurumlarının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərar və qətnamələrinə aşkar hörmətsizliyi elə BMT tribunasından göstərib. Paşinyan faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə BMT-ni də təhqir edib.
İsmayıl