"Paşinyan mətbuatı sıradan çıxarmağa çalışır” - Mediaya təzyiq





"Ermənistanda mediaya təzyiq edilməsi təbii qarşılanmalıdır. Nikol Paşinyan siyasət adamı deyil və təcrübəsi çox azdır. Onun normal komandası da yoxdur”.

Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Düşmən ölkədə medianın susdurulması ilə bağlı danışan tanınmış jurnalist bildirib ki, 9 dekabr seçkisində bu mənzərə daha aydın göründü:

"Parlamentə seçilənlər arasında Paşinyanın yaxın qohumları, dost-tanışları var idi. Onların böyük əksəriyyəti siyasətdən bixəbərdir. Bu fakt göstərir ki, baş nazirin kadr bazası kasaddır. O, kimlərlə necə iş quracağını bilmir. Mətbuatla işləməyi bacarmır. Medianın üzərinə gəlməsinin qarşısını almağa çalışan baş nazir media orqanlarına təzyiq edir. Əgər media Paşinyanı tənqid edirsə, onun fəaliyyətindən narazılıq ifadə edirsə, dərhal basqıya məruz qalır. Paşinyanın intellekti kifayət etsəydi, o, həmin tənqidlərdən nəticə çıxarar və arqumentləri ilə tutarlı cavab verərdi. Lakin bunu edə bilmir. Nəticədə güzgüyə baxır və orada öz əksini görür, amma əksi xoşuna gəlmədiyinə görə güzgünü sındırır. Yəni ölkə mətbuatını sıradan çıxarmağa çalışır”.

A.Həsrətin sözlərinə görə, Ermənistan artıq uçurumun elə bir yerinə yuvarlanıb ki, onların oradan çıxmasının tək yolu Azərbaycanın uzadacağı əldir: "Azərbaycan Ermənistana yardım əlini uzatmadıqca ermənilər düşdükləri acınacaqlı durumdan çıxa bilməyəcək. Azərbaycanın da əl uzatması üçün sadəcə bir tələbi var: - Ermənistan öz işğalçı qoşunlarını torpaqlarımızdan çəksin və təcavüzkar siyasətinə son qoysun. Ondan sonra Ermənistan dirçələ bilər”.

Qeyd edək ki, hakimiyyətə gəldiyi vaxtdan rəqiblərinə qarşı siyasi təqiblərə başlayan Nikol Paşinyan gücünü mediadan da əsirgəməyib. Baş nazir seçki ərəfəsində və seçkidən sonra ölkə mətbuatını tamamilə susdurub. Bir neçə gün öncə Ermənistanın ən nüfuzlu saytlarından olan "News.am” Paşinyanın göstərişi ilə istintaqa cəlb olunub. Səbəb saytın Respublikaçılar Partiyası ilə bağlı hansısa məlumatı işıqlandırması olub.

İsmayıl