“Paşinyan Qərblə Rusiya arasında oyun oynayır” – Çox çəkməyəcək

"Nikol Paşinyan Vyana görüşü öncəsi bu cür açıqlama verməklə Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasını arzulamayan Rusiyanı və Qarabağ separatçılarını razı salmaq məqsədi güdür”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.
Ekspertin sözlərinə görə, Paşinyan açıq şəkildə bildirir ki, görüşdə hansısa razılaşmadan söhbət gedə bilməz və sadəcə olaraq ümumi danışıqlar aparılacaq:
"Paşinyan bütün məsələlərdə olduğu kimi elə bu məsələdə də Qərblə Rusiyanın arasında qalıb. Qərb Qarabağ üzrə danışıqlarında üstünlüyü Rusiyadan almaq istəyir. Moskva isə təbii olaraq bununla razılaşmır.
Paşinyan bir-birini təkzib edən açıqlamalar verməklə tərəfləri bir növ sakitləşdirməyə çalışır. Açığı, inanmıram ki, belə bir hakimiyyət Ermənistanı uzun müddət idarə etsin. Çünki Paşinyan açıq şəkildə Qərblə Rusiya arasında oyun oynayır”.
Analitik Paşinyan dönəmində danışıqlarda hansısa həlledici məqama yaxınlaşılacağını gözləmir: "Belə görünür ki, İrəvandakılar əvvəllər yalnız Moskvanın sözü ilə hərəkət edirdilərsə, artıq həm Moskvanın, həm də Qərbin əmri ilə hərəkət edirlər. Lakin hər gün bir fikrə qulluq edən Ermənistandan fərqli olaraq Azərbaycan öz sözünün üstündə durur və mövqeyini dəyişmir. Cənab Prezident çox açıq və konkret şəkildə ölkəmizin mövqeyini ifadə edib. Bu mövqedə zərrə qədər də dəyişiklik yoxdur”.
Qeyd edək ki, Vyana görüşü öncəsi açıqlama verən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan rəhbərliyi ilə görüşlərin başlanğıc mərhələsində hansısa konkret gündəm olmayacağını deyib. Baş nazir bildirib ki, ilkin rəsmi təmaslarda konkret gündəm olmamalıdır: "Bu, geniş məsələlər ətrafında fikir mübadiləsidir. Əvvəllər verilən bəyanatlar ətrafında müzakirələr aparılacaq”.
İsmayıl