Paşinyan siyasi alverlə məşğuldur, sonu pis olacaq

“Bir tərəfdən bizlə danışıqlar aparır, digər tərəfdən isə pafoslu çıxışlar edərək dünya ictimaiyyətini çaşdırır"



Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında növbəti dəfə sərsəm ifadələr səsləndirib. Paşinyan iddia edib ki, guya, Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmur: "Münaqişənin hərbi həlli ola bilməz. Gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır”. Paşinyan həmçinin bu bəyanatından sonra Azərbaycan tərəfindən oxşar açıqlama gözlədiyini söyləyib: 

"Təəssüf edirəm ki, bu ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”. Əslində Paşinyan ilk dəfə deyil ki, belə təzadlı fikirlər səsləndirir. Bir-birini təkzib edən bəyanatları ilə vaxtaşırı gündəmə gələn erməni baş nazir sülh danışıqlarında "Dağlıq Qarabağın iştirakı”nı bəhanə edərək prosesi dalana dirəyir. Bir tərəfdən Azərbaycan rəhbərliyi ilə görüşmək niyyətində olduğunu iddia edən Paşinyan digər tərəfdən absurd ifadələr səsləndirərək danışıqlar prosesinə zərbə vurur.

Ermənistan baş nazirinin çıxışını "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib ki, Paşinyan siyasi alverlə məşğuldur: 

"Bir tərəfdən bizlə danışıqlar aparır, digər tərəfdən isə pafoslu çıxışlar edərək həm dünya ictimaiyyətini çaşdırır, həm də ölkə müxalifətinin güclənməsinə imkan vermir. Əslində yaxşı bilir ki, Qarabağla bağlı adi güzəştə gedərsə, müxalifət onu devirəcək. Çünki öz müəllimi hesab etdiyi Levon Ter-Petrosyan da məhz 90-cı illərin sonunda kompramisə meyl etməyin badına gedib. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci bir müstəqil erməni dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcək. 

Hərbi yolla həll isə bizim müstəsna hüququmuzdur və lazım olan anda bu hüquqdan istifadə edəcəyik. Paşinyanın bu cür açıqlamalar verməsi əslində mədəniyyətsizlikdir”.

Analitikin sözlərinə görə, düşməndən fərqli olaraq bizim mövqeyimiz birdir: 

"Nəyin bahasına olursa-olsun, Qarabağı işğaldan azad edəcəyik. Bunu dövlət başçısı ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Düşünürəm ki, Azərbaycanın müvafiq dövlət qurumları və ələlxüsus mediamız Paşinyanın yalan təbliğatına qarşı mübarizə aparmalıdır. Xarici dillərdə Paşinyanın yalanlarını ifşa edən məqalələr dərc edilməli və dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”.

İsmayıl