“Əlimizdə iqtisadi və hərbi imkanlar var”
"Azərbaycan ordusu və dövləti hər an hərbi əməliyyatlara hazır olmalıdır. Çünki Ermənistandakı siyasi qüvvələr daxili məsələlərlə bağlı atəşkəsi poza bilərlər”.
Bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında deyib. Deputat bəyan edib ki, münasib şəraitdə cəsarətli qərar qəbul edərək torpaqlarımızı işğaldan azad etməliyik: "Bəzən tarixi məqamda qəbul edilən qərar ölkənin taleyini həll edə bilər. Biz Ermənistandakı siyasi prosesləri ciddi izləməliyik. Hesab edirəm ki, yaxın zamanda Ermənistan vətəndaş qarşıdurmasına gedəcək. Artıq Rusiya ilə danışıqlar aparmalıyıq. Ordumuz səfərbər olmalıdır ki, atəşkəs pozulduğu halda torpaqlarımızı azad edək”.
Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər. Ona görə də gəminin marşrut trayektoriyasını dəqiq öyrənməliyik. Siyasi şərhçi bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində eyni situasiyadan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi: "İndi Ermənistanda eyni vəziyyət yaranıb. Bəs, biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan yararlanmalıyıqmı?
Bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb, ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qisim isə tam tərsini düşünür və bildirir ki, hücuma keçsək, Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək. İkincilərin digər arqumenti də budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-cı illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu, Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə, yenə qarşımızda Rusiyanı görəcəyik”.
Politoloq bildirib ki, müharibə variantının riskləri az deyil. Lakin Ermənistanı hərbi təzyiq altında saxlamağa Rusiya bizə mane olmur: "O ki qaldı Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir. Bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Sarkisyanın dediklərini təkrarlasa da, hər halda, nə Köçəryan, nə də Sarkisyandır. Zənnimcə, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi imkanlar var”.
İsmayıl