Peşəkar jurnalistikadan kənardakı “ada”...

Rəşid Hacılı: “Qanun bloqqerlərin hüquqlarını jurnalistlərlə eyniləşdirməsə də, hər iki kateqoriyanın missiyası eynidir”
Vüqar Zifəroğlu: “Bloqqerlik artıq müasir jurnalistikada yeni və hətta müstəqil bir istiqamət olaraq özünü doğrultmaqdadır”


(Əvvəli ötən sayımızda)

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan media qanunvericiliyinin hələ də klassik qanunvericilik səviyyəsində qaldığını deyib. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayan Ə.Amaşov deyib ki, media qanunvericiliyinə bloq, bloqqer kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır:

"Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya, Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”. Ə.Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu deyib.

"Bloq” və "bloqqer” anlayışlarının media qanunvericiliyinə əlavə edilmə zərurəti ilə bağlı ekspert rəylərinə keçməzdən əvvəl bloq nə deməkdir, haradan gəlir, nə üçün lazımdır kimi sualları aydınlaşdıraq. Qeyd edək ki, bloq ilk dəfə 1997-ci ildə Con Barger tərəfindən icad olunub. Müəllif "İnternet-gündəlik” sözünə analoji olaraq "logging the web” sözünün qısaltması olan "weblog” ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində "Peterme” bloqunun yaradıcısı Peter Merholz tərəfindən təhrif olundu və "we blog” - "biz bloq yaradırıq” kimi ifadə edildi. Bunun da nəticəsində "to blog” "bloq yaratmaq” ifadəsi yarandı və bugünkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad - "blog” ifadəsi yaranıb.

Bundan sonra bloqlar artmağa başlayıb və ictimai jurnalistika kimi formalaşıb. Dünyanın bir çox ölkəsində bloqqerlərə xüsusi diqqət yetirilir. Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərib. Nyu-York bloqqerləri hadisə baş verən məkandan operativ müsahibələr alaraq, hadisə şahidlərindən faktlar toplayaraq bloqlarda yerləşdiriblər. ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Verilən lisenziyaya əsasən, bloqqerlər Rusiya qanunvericiliyinə uyğun olaraq reklam və xəbərlərlə çıxış edə bilərlər.

Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur bloqqerlər dəvət edilir. Elə bloqqerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir.

Hazırda Azərbaycanda da minlərlə bloqlar aktiv fəaliyyət göstərir və onların sərbəst fəaliyyət göstərmələrinə heç bir məhdudiyyət qoyulmur. Ancaq hər sahədə olduğu kimi bloqqerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan bloqqerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Bloqqerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hesab edir ki, jurnalist ya hansısa media qurumunda çalışan, ya da onunla ştatdankənar müqaviləsi olaraq əməkdaşlıq edən şəxsdir. Hətta bəzi ölkələrdə jurnalistlərə lisenziya verilir və onlar hansısa təşkilata üzv yazılırlar: "Məsələyə bizim qanunlar çərçivəsindən yanaşanda bloqqerlər hüquqi baxımdan jurnalist deyillər. Amma onlar öz fikirlərini ictimaiyyətə ifadə edən, bloqlarına informasiya yerləşdirən şəxslərdir. Bu cür adamların hansısa media qurumu ilə müqaviləsi və hüquqi bağlılığı yoxdur, yəni, adi vətəndaşdırlar. O bloqda onu saysız-hesabsız şəxslər oxuya bilir. Bu baxımdan bloqqerlər də fikir, xəbər çatdırma baxımından bir növ jurnalistlərlə eyni işi görürlər”.

R.Hacılı söyləyib ki, bloqqerin jurnalistdən fərqi odur ki, jurnalistin kontraktı var. Professional olaraq o işlə məşğuldur: "Qanun bloqqerlərin hüquqlarını jurnalistlərlə eyniləşdirməsə də, hər iki kateqoriyanın missiyası eynidir. Jurnalist bu işlə peşəkarcasına, bloqqer isə daimi olmayaraq, həvəskar formada məşğul olur”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu da hesab edir ki, artıq bu anlayışların hər hansı bir şəkildə media qanunvericiliyinə salınmasının zamanı gəlib: "İnformasiya texnologiyalarının inkişafı ilə yeni media formatları meydana gəlir və təbii ki, media ilə bağlı qanunvericiliyimizdə yalnız ənənəvi KİV-ə münasibət tənzimlənməməlidir və yenilənməsinə son dərəcə ciddi ehtiyac var. 21-ci əsrin əvvəllərindən başlayaraq bloqqerlik artıq müasir jurnalistikada yeni və hətta müstəqil bir istiqamət olaraq özünü doğrultmaqdadır. Hətta bir çox Qərbi Avropa ölkələrinin medialarında bloqqerlik xüsusi bir profil olaraq seçilir və yüksək qiymətləndirilir. İri şirkətlər, məşhur dövlət xadimləri və siyasətçilər auditoriyaya xitab etmək və ya ona təsir etmək məqsədi ilə çox zaman bloqqerlərə müraciət edirlər. Məsələn, İtaliya mətbuatında xüsusi Vatikanist-bloqqerlər ştatı fəaliyyət göstərir ki, onların vəzifəsi yalnız Vatikanla bağlı yenilikləri və Papanın fəaliyyətini şərh etmək, ona münasibət bildirməkdir. Təbii ki, bütün bu məqamlar, bloqqerlik fəaliyyətinin bir çox ölkələrdə müəyyən qanunvericilik aktları ilə tənzimlənmə mexanizminin tətbiqinə də səbəb olub”.

V.Zifəroğlunun sözlərinə görə, blog, bloqqer kimi anlayışların qanunvericiliyə daxil edilməsini internet medianın məhdudlaşdırılması kimi qiymətləndirmək yanlış yanaşmadır: "Bloqqer də, müstəqil jurnalist fəaliyyəti ilə məşğul olur və tematika baxımından da əksəriyyəti, jurnalistlərin də müraciət etdiyi ictimai-siyasi mövzularla bağlı şərhlər yazırlar. Bu səbəbdən sözügedən anlayışların media qanunvericiliyinə salınması normaldır”.

Bloq və Bloqqer anlayışlarının media qanunvericiliyinə salınmasına ehtiyac gördüyünü vurğulayan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, biz istəsək də, istəməsək də, bu artıq zamanın tələbidir: Bloqqerlərin bir çox hallarda qeyri-peşəkarlıq nümayiş etdirməsi onların media təmsilçisi olmaları baradə ziddiyyətli fikirlərə yol açır. Bloqqerlik virtual dünyanın bir reallığıdır və uzun müddətdir bizim həyatımıza daxil olub. Hesab edirəm ki, indiki situasiyada bloqqerlərin fəaliyyətini görməzdən gəlmək daha ziyanlıdır, nəinki onların qanunvericiliklə tənzimlənməsi. Hesab edirəm ki, bu təklifin reallaşması bir çox hüquqi problemlərin aradan qaldırılmasına da zəmin yaradar”.

E.Mirzəbəylinin qənaətincə, internet media ilə bağlı ayrıca qanunun hazırlanmasına ehtiyac var. Məncə, artıq məsələyə kompleks yanaşma ortaya qoymağın zamanıdır. Şübhəsiz ki, ümumilikdə internet resurslarından istifadənin tənzimlənməsi qlobal bir prosesdir. Nə qədər ki, dünyanın aparıcı gücləri internet media sahəsində virtual hüquqi tənzimləmə mexanizmlərinin yaradılmasında maraqlı görünməyəcəklər, o zamana qədər də mövcud problemlər öz aktuallığını qoruyacaq. Biz çalışıb milli qanunvericilik səviyyəsində müəyyən qədər də olsa, real addımlar atmalıyıq.

Bloqqerlərin jurnalist hesab olunub-olunmaması məsələsinə gəldikdə isə E.Mirzəbəyli deyib ki, bloqqerlər arasında vaxtı ilə peşəkar jurnalistika ilə məşğul olanları olub: "Bloqqerlərin böyük əksəriyyəti peşəkar jurnalist hesab olunmur. Təbii ki, aralarında peşəkar jurnalist olanları da var. Bu cür insanlar çalışdıqları media orqanlarında peşə fəaliyyətlərini başa vurduqdan sonra bloq yaradırlar. Hətta bəziləri bundan böyük maddi vəsaitlər əldə edirlər”.

Baş redaktorun sözlərinə görə, bloqqerlərə qarşı iki yanaşma sərgiləmək olar: "Birinci variant odur ki, onları görməzdən gəlib, fəaliyyətlərini inkar edirsən. Onlar isə öz fəaliyyətlərini davam etdirib, istədiklərini yazırlar. İkinci halda isə müvafiq qanunvericilik çərçivəsində fəaliyyət göstərməsini tənzimləyirsən. Hesab edirəm ki, ikinci yanaşma daha məqsədəuyğundur. Biz heç bir halda bloqqerlərin fəaliyyətini inkar edə bilmərik. Əslində bu yolla hər hansı bir irəliləyişə nail ola da bilmərik. Qeyri-peşəkar bloqqer heç bir halda peşəkar jurnalistikanın təmsilçiləri sayılmayacaqlar. Amma bu o demək deyil ki, onların fəaliyyəti qanunla tənzimlənməməlidir?!”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb