Peşəkar media və sosial şəbəkələr...

Vüsal Məmmədov: “Əksər hallarda sosial şəbəkədəki müzakirələr jurnalistlərin yaydığı xəbərlərlə bağlı olur”
Elxan Şükürlü: “Sosial şəbəkələr hazırda jurnalistlərimiz üçün bir növ “asan yol”lardan birinə çevrilib”


Hazırkı dövrdə müasir texnologiyanın sürətli inkişafı dünya reallıqlarını dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir. Ölkəmizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan sosial şəbəkədən və ya mediadan informasiya mənbəyi kimi istifadə olunur. Şübhəsiz ki, bu da ümumilikdə ölkə mediasının simasına mənfi təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçırlar. Son nəticə isə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır. Doğrudur, sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil.

(əvvəli ötən sayımızda)

Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir. Əksər hallarda sosial mediadan ciddi mənbə kimi istifadə olunur ki, bu da ciddi dezinformasiyalara yol açır. Bundan başqa, sosial media ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Mətbuatın mövzu məhdudiyyəti və peşəkarlıq problemi var. Yəni bəzən hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Eyni zamanda sosial mediaya müraciətlərin artmasında azadlıq məsələsi də önəmli rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara görə sosial şəbəkələr özünə auditoriya toplamağı bacarır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Bu baxımdan sosial şəbəkələrin jurnalistikanı üstələdiyini dana bilmərik. Məhz bu məsələlərə görə də, jurnalistika yeni medianın içərisində əriyir. Buna rəğmən sosial media ilə jurnalistika arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Çünki jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Sosial media heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Masa arxasında psixi cəhətdən çatışmazlıqları olan insanlar da otura bilər. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda həmin anormal insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik. Bu isə artıq qeyri-mümkündür”.

Maraqlıdır, görəsən, sosial media ilə jurnalistika arasındakı fərq nədən ibarətdir və sosial şəbəkələri jurnalistikanın bir qolu saymaq olarmı?

Suallarımızı cavablandıran Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, hazırda bütün dünyada bu proses gedir ki, insanlar saytların birbaşa adını yazıb, daxil olmurlar: "Saytların materiallarını əsasən ya sosial şəbəkələrdə görürlər, ya axtarış sistemlərində, ya da banner mübadiləsi şəbəkələrində. Amma bu, sosial şəbəkənin saytları üstələməsi demək deyil. Sosial şəbəkə saytlara birbaşa rəqib deyil, saytlarla simbioz mövcudluq yaradan bir fenomendir. Onlar bir-biri üçün mənbə rolunu oynayırlar. Sosial şəbəkənin populyarlaşması o deməkdir ki, saytların orada paylaşılan materiallarını daha çox adam görəcək. Eyni zamanda, saytlarda maraqlı materiallar olmasa, sosial şəbəkədə paylaşımların marağı azalar. Yəni hər iki tərəfə sərfəli olan qarşılıqlı mövcudluqdur. Sadəcə, saytlar sosial şəbəkə siyasətlərini düzgün qurmalı və bu imkandan istifadə etməyə çalışmalıdırlar. İndi saytlar arasında rəqabət çox vaxt SEO və sosial şəbəkə rəqabətidir - kim axtarış sistemində və sosial şəbəkədə daha çox görünürsə, qabağa da o çıxır.

Baş yazar vurğulayıb ki, sosial medianı jurnalistikanın bir qolu saymaq doğru yanaşma deyil. Çünki jurnalist yazdığının məsuliyyətini daşıyır. Sosial şəbəkələrdə məsuliyyət anlayışı hələ ki ormalaşmayıb, insanlar istədiklərini yazmaqda sərbəstdirlər: "Jurnalist isə əgər peşəkardırsa, dəqiqləşdirmədiyi xəbəri yazmamalıdır”.

"Bu gün sosial media informasiya agentliklərinin istinad mənbəyinə çevrilib” iddiasına diqqət çəkən V.Məmmədov bu yanaşma ilə razılaşıb: "Burada pis bir şey görmürəm, sadəcə olaraq, texniki imkanların gətirdiyi yenilikdir. Əvvəllər hansısa şəxs, partiya, ictimai xadim, təşkilat və s. öz mövqeyini faksla redaksiyalara göndərib, kağızımızı xarab edirdisə, indi səhifələrində paylaşırlar, jurnalistlər də lazım bilsə, götürür. Mətbuat xidmətləri getdikcə daha çox sosial şəbəkəyə köçürlər və profilləri də buna uyğunlaşır. Amma bu dövrün də öz pis cəhətləri var. Bəzi qırsaqqızlar olur ki, açıqlamalarını "inbox”umuza atır, ardınca 49 dəfə də soruşurlar ki, niyə yayımlamırsan? Belələrinə demək istəyirəm ki, səbəbini bir özünüz də düşünün: bəlkə maraqlı və ya lazımlı deyil, ona görə?!

"Peşəkar jurnalistika mövzu qıtlığı ucbatındanmı sosial mediaya üz tutur” sualına aydınlıq gətirən müsahibimizin qənaətincə, peşəkar jurnalist o mənada belə edə bilər ki, sosial şəbəkə cəmiyyətin güzgüsüdür: "Orada gedən müzakirələr cəmiyyətdəki müzakirələri, narahatlıqları əks etdirir. Amma əlbəttə ki, sosial şəbəkə jurnalistin yeganə mövzu mənbəyi ola bilməz, bu cür deyil də. Əksər hallarda sosial şəbəkədəki müzakirələr jurnalistlərin yaydığı xəbərlərlə bağlı olur”.

Sosial media ilə peşəkar jurnalistika arasındakı fərqi izah edən həmsöhbətimiz düşünür ki, jurnalist - professional aşbazdırsa, bloqqer - hər axşam evində yemək hazırlayan insandır: "Arada bişirməyə də bilər, hərdən konserva ilə, kolbasa ilə keçinər, yeməyi pis alınsa, müştərisi itməyəcək, gəliri azalmayacaq, kimsə onu pisləməyəcək. Peşəkar aşbaz isə hər gün vaxtlı-vaxtında bişirməlidir, ərzaqları seçməlidir, hazırladığı yeməyə görə məsuliyyət daşıyır, hər bir yeməyin kalorisini, tərkibini və sairi bilməlidir - onun işi budur”.

Sonda müsahibimiz onu da əlavə edib ki, yazını yazmaq, materialı hazırlamaq işin bir tərəfi, onu oxucuya çatdırmaq isə bir başqa tərəfidir: "Media orqanı insanların olduğu yerə üz tutmalıdır, oxucunu tapmalıdır. Lovğa-lovğa durub deməli deyil ki, ay oxucu, mən buradayam, gəl, məni tap oxu! İşi düzgün qurmalısan ki, sənin əziyyətlə, resurs xərcləyərək hazırladığın materiallar oxucusunu tapsın. Bu məsələ hər ölkədə bir cür həll olunur. ABŞ-da kabel televiziyaları öz reklamlarına yüz milyonlarla dollar xərcləyirlər. Hətta bu rəqəmin milyard dolları aşdığı hal olur. CNN-in çox maraqlı, kreativ reklam kampaniyaları var. Rusiyada və Türkiyədə də həmçinin - əksər media korporasiyalar, tv-lər öz verilişlərini müxtəlif yerlərdə reklam edirlər. Bu, normal, hətta vacib haldır: media da bir biznesdir və onun da reklamı olmalıdır. Düşünmək olar ki, CNN-i dünyada hamı tanıyır, onun reklama nə ehtiyacı var? Amma elə deyil. Güclü rəqabət olan yerdə ən qabaqda gedənlər də daim reklam edilməlidirlər. Bizdə bu reklam daha çox feysbuka yönəldilib. Feysbukda isə primitiv, birtərəfli və natamam şəkildə aparılır”.

"Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü isə hesab edir ki, sosial şəbəkələr jurnalistlər üçün ən asan xəbər mənbəyinə çevrilib: "Peşəkar jurnalist informasiya əldə edə biləcəyi hər yerdən xəbər çıxarmağı bacarmalıdır və bu işdə sosial şəbəkələr köməkçi vasitə kimi, çox mühüm rol oynayır. Ancaq təəssüf ki, Azərbaycanda hələlik nə peşəkar medianın mövcudluğundan, nə də onlar arasında sağlam bir informasiya rəqabətinin olmasından danışa bilərik. Hazırda Azərbaycanda kəmiyyətcə hədsiz dərəcədə çox, ancaq keyfiyyət etibarilə çox az xəbər saytı var. Demək olar ki, əksər saytlar maksimum 10-15 agentlik və portalın zəhmətini mənimsəməklə, onların kölgəsində gizlənməklə məşğuldurlar. Ona görə də bir saytın hansısa xəbərində gedən kobud bir səhv, demək olar ki, eynilə hamısında da təkrarlanır. Təkcə bu faktın özü mediamızın və jurnalistikamızın hansı səviyyədə olduğunu göstərən ən yaxşı detaldır. Cəmiyyətimizdə, o cümlədən mediamızda mövcud olan eybəcər hüquqi-mənəvi mühit, hər kəsin "qazanc üçün ən asan yol”a əl atması peşəkarlığı və sağlam rəqabəti arxa plana keçirib. Sosial şəbəkələr də hazırda jurnalistlərimiz üçün bir növ həmin "asan yol”lardan birinə çevrilib. Hansısa siyasətçi və ya ictimai statusu olan şəxsin sosial şəbəkələrdə yazdıqlarını tez "kopyalayıb” sayta yerləşdirirlər. Halbuki, jurnalist xəbəri emal etməli, onun üzərində işləməlidir. Elə tanınmış şəxs var ki, heç öz feysbuk statusunu əməlli-başlı yaza bilmir, cümləsinin nə əvvəli, nə axırı bilinir, jurnalistlərimiz də onu olduğu kimi götürüb köçürürlər, adı da olur, guya, xəbər... Yəni, mən o düşüncədəyəm ki, sosial şəbəkələr peşəkar mediaya alternativ ola bilməz, bu, jurnalist üçün yalnız köməkçi vasitə rolunu oynamalıdır”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb