Peşəkar mətbuat fövqəladə vəziyyətə hazırdır

Dezinformasiyaların yayılmaması üçün dövlət qurumları informasiyanı daha dolğun, obyektiv və mümkün qədər tez çatdırmalıdırlar
Son hadisələr baş verən gün peşəkar media məlumatları həssaslıq və obyektiv çatdırmaqla yanaşı, həm də təxribatların qarşısının alınması üçün də maksimum səy göstərdi

Ölkədə enerji kəsintisindən dolayı yaranmış çoxsaylı problemlər və paralel olaraq Gəncə şəhərində icra başçısı ilə bağlı baş verən olaylar fonunda Azərbaycan KİV-lərinin fəaliyyəti müxtəlif cür dəyərləndirilir. Sevindirici hal odur ki, həqiqi və peşəkar jurnalistika adına xidmət göstərən əksər mətbu orqanlar peşə etikasından və təcrübədən kənara çıxmadan hadisələri obyektiv və operativ şəkildə işıqlandırdılar. Məhz həmin media qurumları sayəsində ictimaiyyət ölkədə iki gün ərzində yaşanan arzuolunmaz prosesləri izləyə, dəyərləndirə bildi.

Hətta enerji problemi ilə əlaqədar özləri də ciddi çətinliklərlə üzləşən media orqanları buna baxmayaraq, oxucularını məlumatlandırmaq istiqamətində fədakarcasına çalışdılar. Sorğulara vaxtında cavab verməyən mətbuat xidmətlərinin yarıtmaz fəaliyyətlərinə rəğmən, gecəsini-gündüzünə qatan jurnalistlər peşələrini ləyaqətlə icra etdilər. Lakin təəssüflər olsun ki, hər zaman olduğu kimi bu dəfə də bir sıra xəbər saytları dezinformasiya yaymaq ənənələrindən əl çəkmədilər. Aldıqları informasiyaları dəqiqləşdirmədən yayan, mənbələrə diqqət yetirməyən, rəsmi xəbərləri gözləməyən bəzi saytlar yalan-yanlış məlumatları tirajlayaraq, ictimaiyyət arasında ajiotaj yaratmağa səy göstərdilər. Mövcud vəziyyəti nəzərə alan Mətbuat Şurasının sədri Əflatun Amaşov da sosial şəbəkə və media üzərindən ölkə jurnalistlərinə çağırış etmək məcburiyyətində qalıb. Əflatun Amaşov "sherg.az”a bildirib ki, ölkə ərazisinin elektrik enerjisi ilə təmin olunmasında yaranan problem və Gəncə şəhərinin icra başçısının güllələnməsi fonunda mətbuatda dezinformasiyalar yayımlandı: "Təəssüf ki, hansı məqsədə xidmət etdiyini bilmədiyimiz bu yalan məlumatlar rəsmi açıqlamalar səsləndirildikdən sonra belə davam etdirildi. Jurnalistika faktlara söykənməli, bu əsasla baş verən olayları ictimaiyyətə çatdırmalıdır. 

Dövlət qurumları və Kütləvi İnformasiya Vasitələri arasında münasibətlərdə problem var. Ola bilər, rəsmi informasiyalar əlaqədar qurumlar tərəfindən yanlış çatdırılır. Məsələn, icra başçısına sui-qəsd olunması ilə bağlı Gəncə Şəhər Polis İdarəsi, İcra Hakimiyyəti, digər müvafiq orqanlar dezinformasiya verə bilər. Bu məlumatlar digər yanlış xəbərlərin yayılmasına gətirib çıxarar. Ona görə də iki sahəyə diqqəti artırmaq lazımdır. Birincisi, media baş verən olayları işıqlandırarkən diqqətli olmalıdır. Əlaqədar qurumlar isə informasiyanı daha dolğun, obyektiv və mümkün qədər tez çatdırmalıdırlar. Son hadisələr zamanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da informasiya yayımladı. Bu kifayət edərdi ki, Əli Həsənovun məlumatı yayımlansın və dezinformasiyaların əhaliyə çatdırılması dayandırılsın. Halbuki bəzi KİV-lər hörmətli Əli müəllimin yaydığı məlumatdan sonra da prosesi davam etdirdi. Yenə qeyd edirəm ki, jurnalistika baş verən informasiya ilə bağlı rəsmi mənbəyə söykənməli, məlumatı tam araşdırdıqdan sonra ictimaiyyətə təqdim etməlidir. Rəsmi qurumlar isə baş verən olayla bağlı medianı vaxtında, operativ məlumatlandırmalıdırlar. Mətbuat Şurası bütün bunları əsas götürərək, yaxın zamanda konfrans keçirəcək”. Ə.Amaşov bildirib ki, bir qrup məsələni ölkədə yaranmış elektrik enerjisi problemi ilə əlaqələndirərək öncəgörücülük edir, mülahizələr yürüdürlər: "Nəzərə alaq ki, söhbət ölkənin ikinci böyük şəhərinin ölkə Prezidenti tərəfindən təyin edilmiş başçısından gedir. Hazırkı durumda jurnalist peşəkarlığı yalnız rəsmi məlumatlara istinaddan, dedi-qodulara əhəmiyyət verməməkdən keçir. Çox istərdim ki, media təmsilçilərimiz buna xüsusi diqqət yetirsinlər. Cəmiyyətdə çaşqınlıq yarada bilmə ehtimalı yüksək olan fikir və düşüncələrin ictimai rəydə reallıq kimi qəbul olunmaması son dərəcə vacibdir”. Mövzu ilə bağlı "Şərq”ə danışan "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev deyib ki, sosial şəbəkələrin hazırkı inkişaf səviyyəsində informasiya manipulyasiyası üçün o qədər geniş meydan yaranıb ki, bunu təsəvvür etmək belə çətindir: "Bu baxımdan media qurumları hansısa sosial şəbəkə istifadəçisinin manipulyativ informasiyasını tirajlayanda artıq özü mənbəyə çevrildiyinin və xəbərin səhihliyi ehtimalını istər-istəməz, artırmış olduğunun fərqinə varmalıdır. Bütün bunlar isə böyük məsuliyyət yaradır və bizdən daha səbirli, daha peşəkar yanaşma tələb edir. Həmçinin, rəsmi qurumların mətbuat xidmətlərinin məsuliyyəti daha əvvəlki kimi deyil. Belə ki, sosial şəbəkədə başlayan və sürətlə yayılan məlumat qeyri-səhihdirsə, qarşısı dərhal alınmalıdır. Əks halda bu yalan bir neçə saatdan sonra artıq həqiqət kimi qəbul edilir və əsl problemə çevrilir. Yəni heç olmasa, bu cür fövqəladə vəziyyətlərdə aidiyyəti qurumların mətbuat xidmətləri medianın gündəlik iş rejimini yaşamalı, gecə-gündüz işləməli, sosial şəbəkələrdə aktiv olmalıdır və s. O ki qaldı Mingəçevirdə SES qəzası və Elmar Vəliyevə sui-qəsd olayı ilə bağlı medianın münasibətinə, media, xüsusilə tirajlı və ciddi portallar bu məsələdə həddən artıq həssaslıq nümayiş etdirdilər. Bununla bağlı çoxsaylı təşəkkürlər, təqdirlər də var”.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da "Şərq”ə bildirib ki, istənilən qəza vaxtı insanlar daha tez və çox informasiya tələb edir. Lakin bunu təmin etmək bəzi hallarda o qədər də asan olmur: 

"Üstəlik, bizim əksər dövlət orqanlarının mətbuat xidmətləri operativlik cəhətdən çox zəifdirlər. Onlar məlumat yayana kimi gec olur. Və şayiələr, dezinformasiyalar baş alıb gedir. Ənənəvi media belə şeylərə getmir, təsdiq olunmamış məlumat yaymır. Lakin saysız-hesabsız saytlar var, sosial şəbəkələr, bloqlar, hərə ağlına gələni yazıb yayır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Yəni, hansısa axmaq küçə saytı ağzına gələni yazırsa, onu yayırlar və deyirlər ki, mətbuatda belə yazılıb. Oxucuların əksəriyyəti ciddi media ilə küçə saytlarını, sosial şəbəkə səhifələrini seçə bilmir. Bu tip kritik situasiyalarda isə vəziyyət daha da pisləşir. Belə ki, bu saytlar, bloqlar və səhifələr ortalığı yalan məlumatla doldururlar. Bu proses isə 2 kontekstdə nəzərdən keçirilməlidir. Bunların bir qrupu sadəcə özlərini, saytlarını tanıtdırmaq, İP qazanmaq və buna müvafiq olaraq reklamdan gəlir əldə etmək istəyirlər. Digər qrup isə bunu siyasi məqsədlərlə düşünülmüş və mütəşəkkil şəkildə edirlər. Onlar müxalifət partiyalarının və xarici dövlətlərin təsirində olan saytlardır”. E.Bayramlı bəyan edib ki, bu halla mübarizə aparmaq çətindir, çünki internetə nəzarət imkanları praktiki olaraq yoxdur: "Bundan da necə lazımdır istifadə edirlər. Hər hansı bir qəza və ya digər problem zamanı ajiotaj yaratmağa, iğtişaş törətməyə çalışırlar. Buna qarşı həm dövlət orqanları, həm Mətbuat Şurası və jurnalistlər, həm də cəmiyyətin sağlam qüvvələri mübarizə aparmalıdır. Lakin qeyd etmək lazımdır ki, bu vəziyyətin yaranmasında informasiya gecikdirən orqanların günahı böyükdür. Onlar baş verənlər barədə cəmiyyəti dərhal məlumatlandırmağa borcludurlar. Hadisə yerində (əgər bura xüsusi qorunan strateji əhəmiyyətli dövlət obyekti deyilsə) mətbuat konfransı keçirilməli, məsul şəxslər tam məlumat verməli, jurnalistlərə hadisə yerində rahat işləməyə imkan yaratmalıdırlar. Bu halda ciddi media düzgün məlumatları yayacaq və xüsusi məqsədlə buraxılan şayiələr, dezinformasiyalar nəticə verməyəcək”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli vurğulayıb ki, ümumiyyətlə, ölkəmizdə istənilən hadisə baş verəndə, cari xəbərlərin tirajlanmasında medianı şərti olaraq iki qismə ayırmaq olar - peşəkar və qeyri-peşəkarlar: "Eyni zamanda burada bir nüansı da qeyd edim ki, bəzən peşəkar media da vicdanlı olaraq yanıla bilir, bu tamamilə ayrı kontekstdir. Ümumilikdə isə bəzi saytlar ciddiliyi, peşəkarlığı ilə deyil, şablon səslənsə də, İP yığmaq üçün fürsət gəzirlər. Narazılıq və narahatlıq məhz bu saytlardandır. Son hadisələr baş verən gün peşəkar media məlumatları həssaslıq və obyektiv çatdırmaqla yanaşı, həm də təxribatların qarşısının alınması üçün də maksimum səy göstərdi. 


Ciddi, peşəkar medianın hesabına yalan, təxribat xarakterli şayiələr ayaq tuta, çaşqınlıq yarada bilmədi. Mətbuat xidmətlərinin işinə gəlincə, məsələ ondadır ki, hadisə qəfil baş vermişdi və bu situasiyada mətbuat xidmətlərinin özünün də operativ xəbərlər alıb yayması mümkün deyildi. Amma obyektivlik naminə deməliyəm ki, "Azərişıq”, Səhiyyə Nazirliyinin və Metropolitenin mətbuat üzrə məsul şəxsləri bu günlərdə peşəkarlıq göstərə bildilər. Xəbərlərin bəzən operativ olmaması isə qeyd etdiyim kimi, hadisənin qəfil yaşanması və qəzanın bütün ölkəni əhatə etməsi ilə bağlı idi. Hər bir halda, belə olaylar müvafiq strukturlara və mediaya bir təcrübədir, eyni zamanda qeyri-peşəkar media ilə bağlı müvafiq tədbirlər görülməsi üçün əsasdır”.

(davamı var)
İsmayıl