Peşəkarlar həmişə dəqiqliyə, dolğunluğa üstünlük verir

Əsl jurnalist odur ki, fövqəladə hallarda davranış qaydalarına və peşə kodeksinə əməl edə bilsin. Təkcə operativliyi deyil, dəqiqliyi də qoruyub saxlasın



Fövqəladə hallarda medianın davranış qaydaları həmişə müzakirə mövzusu olub. Hansısa bir hadisə baş verdikdə hamı xəbər almaq istəyir.
Və təbii ki, dərhal xəbər yayıcılara "baş vurulur”. Əvvəllər, əsas xəbər yayımçısı radio, televiziya idisə, qüvvələr nisbəti artıq çoxdan dəyişib. Son illərin ən populyar xəbərçisi internet, informasiya saytları, sosial mediadır.

Amma əlüstü çatdırılan xəbərlərin dəqiqliyinə inanmaq olarmı? Bəlkə də, kənardan mətbuatın özünü tənqidi qəribə gələ bilər. Bu mənada ki, biz də qəzetçiyik - jurnalistik və vəzifəmiz xəbər alıb, xəbər verməkdir. Bu da bir reallıqdır ki, media təmsilçiləri xəbərin tez çatdırılmasında maraqlı olur. Bəzən yayılan xəbərin dəqiqliyinin fərqinə varmadan. Jurnalist peşəkarlığı məhz belə şəraitdə üzə çıxır. Xəbəri hamıdan tez, operativ yaymaq əsasdırmı, yoxsa, xəbərin rəsmiliyini, dəqiqliyini gözləyib, bir qədər gec olsa da, dəqiqliyə, dolğunluğa üstünlük vermək? Peşəkarlar həmişə ikincini seçir. Xəbəri yaymaqda hamını qabaqlayıb, sonradan düzəliş, hətta təkzib etməkdənsə, səbirli olub dəqiqləşmiş, dolğun informasiya yaymağı üstün tutur.

Günümüzdə onlayn media bu səbir və gözləmə mövqeyini bəyənmir. Xəbəri birinci yayan kimdirsə, irəlidə odur, prinsipi ilə hərəkət edirlər. Hansı daha doğrudur?

Hansı mənbəyə istinad edilməlidir

Eyni hal ötən ilin dekabrında 3 alpinistimiz itkin düşəndə də yaşandı.
Gənclərin ailələrinin intizarı, kədəri nəzərə alınmadan sosial şəbəkələrdə yerli-yersiz xəbərlər dolaşdı. O zaman da medianın peşəkarları buna irad tutdu və ailələrin timsalında cəmiyyətin həssaslığının nəzərə alınmasını vacib saydılar. Medianın fövqəladə hallarda özünü doğruldub-doğrultmaması bu dəfə də - ölkədə enerji kəsintisi yaşandığı günlərlə bağlı müzakirə mövzusu oldu.
Məlumdur ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında qəza baş verdi və ölkədə elektrik kəsintisi oldu.

 Elektrikin kəsilməsi ilə adekvat olaraq strateji sahələrdə problemlər yaşandı. İctimai nəqliyyatda, yol infrastrukturunda, xəstəxana, sosial obyektlərdə, yaşayış binalarında elektrik enerjisinin verilməsində fasilələr yarandı və bu da özüylə bəzi problemlərə yol açdı. Gecəni evində keçirən əhali səhər saatlarından nə baş verdiyini bilmək istəyirdi və hər kəs də informasiya ardınca "qaçırdı”. Əhalinin informasiya, xəbər əldə etmək istəyi tamamilə təbiidir. Belə vəziyyətdə etibar edilən mənbə olmaq isə çox vacibdir. Bu da xəbər agentliklərinin, media mənsublarının, jurnalistlərin üzərinə düşən məsuliyyətdir.

Media belə fövqəladə hallarda ictimaiyyətin xəbər sarıdan qıtlıq çəkməməsinə çalışır. Lakin, bu çalışmalarda istəyərəkmi, istəmədənmi, yanlışlıqlara da yol verilir. Jurnalistin peşəkarlığı bu zaman üzə çıxır. Əsl jurnalist odur ki, fövqəladə hallarda davranış qaydalarına və peşə kodeksinə əməl edə bilsin. Təkcə operativliyi deyil, dəqiqliyi də qoruyub saxlasın.

Amma görürük ki, xəbəri, hətta yalan, şayiə olsa da, birinci yaymaq uğrunda mübarizə yenə var.
Halbuki xəbər yayımında əsas prinsip dəqiqlik, əsaslılıq və rəsmi mənbələrə istinaddır.
Ölkədəki enerji kəsintisi ilə bağlı baş vermiş hadisələrdə rəsmi mənbələrin operativliyi də nəzərə çarpdı. Mingəçevirdəki qəza vəziyyətindən dərhal sonra Prezident Aparatının rəsmi açıqlaması yayıldı. Açıqlamada vəziyyət reallığı ilə əks olunmuş, əhalinin təşvişinə heç bir əsas olmadığı göstərilmişdi. Bu da əhalinin sakitləşməsinə, narahatlıqların aradan qalxmasına səbəb oldu. 

Fövqəladə Hallar Nazirliyi də hər zaman olduğu kimi yenə əhaliyə, kütləvi informasiya vasitələrinə müraciət etməklə vəziyyətin nəzarət altında olduğunu bildirdi. Görürük ki, FHN oxşar situasiyalarda həmişə çevik davranır. Xəbər saytlarına, sosial şəbəkə istifadəçilərinə müraciət edərək baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur.

Cəmiyyət üçün təhlükəli xəbərlər tirajlanmalıdır

Gündəlik həyatda rastlaşdığımız hadisələr zamanı sosial şəbəkələrdə, informasiya saytlarında bəzən etik çərçivələrə sığmayan, qarşı tərəfi incidə biləcək, həmçinin xəbərçilik baxımından da zərərli məlumat yayımı halları baş verir.

Media eksperti, uzun illər BDU-nun jurnalistika fakültəsində müəllim işləmiş Zeynal Məmmədli ekstrim vəziyyətlərdə jurnalistin peşəkarlığını itirməməsini (əgər peşəkardırsa -red.) vacib şərt sayır:

- Ciddi jurnalistikanın fövqəladə hallarda, ekstrim situasiyalarda necə davranmalı olduğu məlumdur. İstənilən situasiyada jurnalist yalan, doğrulmamış, təsdiqlənməmiş məlumatlar yaymamalıdır. Bu, birmənalıdır və müzakirə olunacaq tərəfi də yoxdur. Amma xəbər yayımının kriteriyaları da var. Kriteriya nədir? Əgər məlumat gizlədilirsə, media yayacağı məlumatın təsdiqlənməmiş olduğunu vurğulamaqla, əldə etdiyi informasiyanı yaya bilər. 

Lakin, bir daha təkrar edirəm, o məlumatın təsdiqlənməmiş olduğunu bildirməlidir. Jurnalist bütün hallarda etik davranış normalarını pozmamalıdır. Hamının ailəsi var. Fövqəladə hallarda, hansısa gözlənilməz, bədbəxt bir hadisə baş veribsə, hamı hər dəqiqə xəbər gözləyir. Xəbər veriləndə insanların keçirəcəyi hisslər mütləq nəzərə alınmalıdır. Ümumiyyətlə, ölüm, intihar, hansısa bədbəxt hadisələr, faciələrlə bağlı xəbərlərin tirajlanmasında hədsiz həssas davranılmalıdır. Bilirsiz, fövqəladə hallarda xəbər yayımı ilə bağlı jurnalistikanın üzərinə düşən vəzifəni dəqiq ayırd etmək lazımdır. Məsələn, əgər jurnalistin yaydığı xəbər hansısa qurumun fəaliyyəti barədədirsə, konkret kiminsə fəaliyyəti tənqid olunursa, burada jurnalistika qaydalarının pozulmasından danışmaq olmaz. Jurnalist hansısa qurumu tənqid edə, fəaliyyətini ictimai müzakirəyə çıxara bilər. Burada əsas məqsəddir. Məqsəd doğrunun üzə çıxmasına xidmət edirsə, o xəbəri vermək olar. Tutalım, xilasetmə qurumu məlumat vermir. Bu halda məlumatları ailələrdən, dostlardan əldə etmək olar. Amma yenə də bu xəbərlərin təsdiqlənməmiş olduğu bildirilməlidir.

Rəsmi mənbələrə istinad önəmlidir

Z.Məmmədli bu fikirdədir ki, əsl jurnalist fövqəladə hallarda işləmək bacarığına sahib olandır:

- Ekstremal vəziyyət deyiləndə nə üçünsə, yalnız müharibə, cəbhə bölgəsi ehtiva edilir. Amma jurnalist adi vaxtlarda da ekstremal bir vəziyyətə düşə bilər. Yolda gedəndə, müəyyən bir toplantıda, tədbirdə. Jurnalist peşəkardırsa, bütün hallarla bağlı vəziyyətdən çıxış imkanlarını bilməlidir. Buna hazır olmalıdır. Ekstremal jurnalistikanın fəaliyyət sahələri daha genişdir. Təbii fəlakət, zəlzələ, dağıntılar, daşqınlar, kriminal hadisələr, qətl hadisələri... Jurnalist hər bir situasiyada necə davranılmalı olduğunu da bilməlidir. Elə etməlidir ki, peşəsini icra etməyə maneə yaranmasın. Jurnalistin üzərinə qoyulan vəzifə xəbər əldə etmək və yaymaqdır. Amma xəbərin necə əldə edilməsi və yayılma forması da bir o qədər önəmlidir. Cəmiyyət üçün təhlükə yarada biləcək xəbərlərin tirajlanmasında hədsiz diqqətli olmaq lazımdır. 

O xəbərlər cəmiyyəti təhdid edəcək tərzdə yayılmamalıdır. Xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun. Gözlənilməz situasiyalarda informasiya heç vaxt birtərəfli qaydada, yalnız bir tərəfin mənafeyi nəzərə alınaraq verilməməlidir. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmalıdır. Peşəkarlıq da məhz ekstremal şəraitlərdə üzə və önə çıxır. Məlumatın yayılması tərəfləri incitmirsə, peşəkarlıq budur. Jurnalistlərimiz bunu nəzərdən qaçırmasınlar.

Peşəkarlar fövqəladə hallarda çətinliklə üzləşmir

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət qeyd edir ki, peşəkar jurnalistlər fövqəladə hallara hazır olur:

- Jurnalist qanunları bilməli və onlara riayət etməlidir. Jurnalistin işi bu zaman asan olur və o, öz vəzifəsini rahat yerinə yetirir. Sizə deyim ki, peşəkar jurnalistlər fövqəladə hallarda çətinliklərlə demək olar üzləşmir. Peşəkarlara kimsə irad tutmur, xəbərdardıq etmir. Amma o şəxslər ki, jurnalistikadan xəbərsizdirlər, peşə normalarını, qaydalarını bilmirlər, o adamlara xəbərdarlıq da edilir, müəyyən problemlərlə də qarşılaşırlar. Jurnalist bilməlidir ki, dövlət sirri, hərbi sirr təşkil edən, dövlətin mənafeyinə zərər vura biləcək informasiyaları yaymaq qadağandır. Kütləvi informasiya vasitələri azadlığı özbaşınalıq demək deyil. Söz və mətbuat azadlığı nə peşə qarşısında məsuliyyəti azaldır, nə də dövlət və cəmiyyət qarşısındakı məsuliyyəti. Peşəkar jurnalistlər informasiya əldə etmək və yaymaq hüquqlarını bu şərtlərlə uzlaşdıra bilir. Hər peşədə olduğu kimi jurnalistikada da meyarlar var. Bir informasiyanı yayarkən onun nəyə səbəb ola biləcəyi diqqətə alınmalıdır. Bəzən bir informasiya sonrakı xoşagəlməz, hətta faciəli hadisələrə də yol açmaq gücündədir. 

Digər tərəfdən, biz nəzərə almalıyıq ki, Azərbaycan münaqişə və müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan kimi məkrli bir qonşumuz var. Bəzən düşünülmədən yayılmış hansısa informasiya düşmən mətbuatı üçün göydəndüşmə olur. Bu informasiyadan Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırırlar. Hər bir ölkənin strateji maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları və mənafeyi var. Vətəndaş olaraq hər birimizin vəzifəsi öncə bu maraqlardan çıxış etməkdir.

Məlahət Rzayeva


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb