Ramil Məmmədli: “Hindistan-Ermənistan hərbi-texniki əməkdaşlığının “xaç atası” rəsmi Moskvadır”
“Pinaka” qiymətinə görə heç də ucuz deyil - Ermənistanın o silahı almağa pulu yoxdur
Rəşad Süleymanov: “İsrail Azərbaycanla münasibətləri korlamamaq üçün texnologiyalarının yer aldığı silah sistemlərinin Hindistan daxil olmaqla, hansısa ölkə üzərindən Ermənistana satışına icazə verməz”
Ramil Məmmədli: “Hindistan-Ermənistan hərbi-texniki əməkdaşlığının “xaç atası” rəsmi Moskvadır”
Ramil Məmmədli: “Hindistan-Ermənistan hərbi-texniki əməkdaşlığının “xaç atası” rəsmi Moskvadır”
Ermənistan Hindistan istehsalı "Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib. Onun sözlərinə görə, artıq erməni məmurlar Hindistanın rəsmi şəxsləri ilə görüşüb və silahlarla tanış olublar. Hindistan rəsmiləri də ermənilərin raket sistemi ilə maraqlandığını və buna görə ötən ay Hindistanda olan Ermənistan nümayəndə heyəti üçün raketin sınaqdan keçirildiyini bildirib:
"Satınalmaya dair rəsmi saziş haqqında hələlik heç bir məlumat əldə edilməyib. Ancaq Ermənistan raketin hər iki versiyası ilə maraqlanır”. Hərbi duruma görə Azərbaycandan xeyli geri qalan düşmən ölkə vəziyyətdən çıxış üçün silah arsenalını müxtəlif yollarla gücləndirməyə cəhd göstərir. Elə bu məqsədlə üzünü Hindistana tutur, güclü Azərbaycan ordusunun qarşısında tab gətirmək üçün raket sistemlərini təzələmək istəyir. Əlbəttə, tərəflər arasındakı sövdələşmənin baş tutub-tutmayacağı naməlum məsələdir. Lakin hərbi ekspertlərin fikrincə, anlaşma əldə olunsa belə adıçəkilən raket sistemi düşmənin hərbi gücünü artırmayacaq.
"AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov "Şərq”ə açıqlamasında bildirib ki, "Pinaka” keçmiş sovet raketlərinin bazasında hazırlanıb. Onun sözlərinə görə, Hindistan tərəfinin açıqlamasında qeyd olunur ki, bu komplekslər ən azı 20 ildir təkmilləşdirilir:
"Hindistan ordu rəsmilərinin açıqlamalarından bəlli olduğu kimi hələ ortada heç nə yoxdur. Ermənistan və Hindistan arasında hərbi sahədə müəyyən layihələr var. İndiyə qədər erməni ordusu Hindistan şirkətlərindən təlim trenajorları, həmçinin dəbilqələr, gecəgörmə cihazları alıb. Ermənilərin Hindistana üz tutmasının səbəblərindən biri də hind hərbi texnologiyalarının qiymətinin Rusiya və Qərb istehsalından daha ucuz olmasıdır. Amma hind silahlarında keyfiyyətlə bağlı suallar hələ də qalmaqdadır”. Ekspert vurğulayıb ki, bu gün Ermənistanın əsas hərbi müttəfiqi Rusiya ən aşağı qiymətlərlə və cazibəli şərtlərlə İrəvana silah satışı həyata keçirir: "Rusiyanın erməni hərbi rəsmilərinə və ordusuna təsiri sirr deyil. Amma indiki halda, Rusiyanın maddi sıxıntı içində olan Ermənistana Hindistandan YARS almağa imkan verib-verməyəcəyi bəlli deyil. Bundan əvvəl ermənilər YARS üçün Çinə də üz tutmuşdular. Lakin maddi imkanlarına görə ala bilmədilər. Reallıqda Ermənistan silah və hərbi texnikanı Rusiyanın öz krediti hesabına əldə edir. "Pinaka” sistemi öz qiymətinə görə heç də ucuz deyil. Aşağı-yuxarı dünyada özünü doğrultmuş "Smerç” kompleksi ilə eyni qiymətə malikdir. Təxminən yarım milyon dollardan bahadır. Digər tərəfdən, Ermənistan tək YARS-ın buraxıcı sistemini almamalıdır. Onun raketləri, texniki xidməti və s. paket halında əldə edildiyində qiymət dəfələrlə baha olur”.
R.Süleymanov deyib ki, hansısa raketlərin sınaqlarında iştirak etmək o raketi almaq anlamına gəlmir: "Bu gün Azərbaycan hərbçiləri dünyanın müxtəlif ölkələrinin hərbi sənaye şirkətlərinin dəvəti ilə fərqli silahların sınaqlarında iştirak edirlər. Onlarla silah nəzərdən keçirilir, lakin qarşıya qoyulan tapşırıqları ən effektiv icra etməyə imkan verən silah alınır. Ermənistanın artilleriya potensialı Azərbaycanınkından dəfələrlə geri qalır. Azərbaycan artıq silahlanmada taktik səviyyədən strateji səviyyəyə keçib. Son illərdə ordunun silahlanmasına daxil olmuş "Qasırğa”, EXTRA, "Polonez”, LORA və nümayiş etdirilməyən digər raket sistemləri nəinki Qarabağda, eləcə də Ermənistanın dərinliyindəki istənilən hərbi və strateji hədəfi dəqiqliklə məhv etməyə imkan verir. Onu da nəzərə alaq ki, Hindistan raket texnologiyalarının inkişaf etdirilməsi ilə bağlı bir çox layihələrdə İsraillə əməkdaşlıq edir. Düşünürəm ki, İsrail Azərbaycanla münasibətləri korlamamaq üçün texnologiyalarının yer aldığı silah sistemlərinin Hindistan daxil olmaqla, hansısa ölkə üzərindən Ermənistana satışına icazə verməz”.
Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli isə "Şərq”ə bildirib ki, Hindistan müdafiə sənayesinin gücləndirilməsi və təkmilləşdirilməsində Rusiya ilə yaxından əməkdaşlıq edir.
Bu mənada Rusiyanın müttəfiqi olan Ermənistanın Hindistanla bu sahədə hərbi-texniki əməkdaşlığa can atması və gələcəkdə bunun reallaşması qeyri-adi görünməməlidir: "Yəni Hindistan-Ermənistan hərbi-texniki əməkdaşlığının "xaç atası” rəsmi Moskvadır. Düşmən döyüş meydanında öz mövqelərini gücləndirməyə çalışır. Lakin nəzərə alaq ki, Azərbaycan hərbi-texniki imkanlarını daha modern silahlarla gücləndirir. Digər tərəfdən "Pinaka”nın döyüş meydanında imkanları bəlli deyil. Ermənilərin bunu almaqla döyüş meydanında hansısa üstünlüyə nail olacağı əsaslı dəlil ola bilməz”.
İsmayıl