Piyada ölümü: Cəriməni artıraraq 20 manat müəyyən ediblər. Amma vəziyyət dəyişmir







Təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması halları yenidən gündəmə gəlib. Piyadaların ölümü ilə nəticələnən yol qəzalarının əksəriyyətinin elə piyadaların səhlənkarlığından baş verməsi hər kəsə məlumdur. Şəhərdə yarım saat müşahidə aparmaq kifayətdir ki, paytaxt küçələrində piyadaların yeraltı keçidlərdən istifadə etməyə həvəsli olmadığının şahidi olasan.

Əhalinin yeraltı keçidlərdən istifadə etməməsinin səbəbinə gəlincə, burada cəmiyyətin müxtəlif təbəqələri arasında fikirlər haçalanır. Piyadalar sürücüləri, sürücülər piyadaları, aidiyyəti qurum isə hər iki tərəfi günahlandırır. Ekspertlər isə hesab edir ki, bu qəzalar ən az piyadalar və sürücülər qədər aidiyyəti qurumun səhlənkarlığı üzündən baş verir. Qeyd edək ki, qayda pozuntularına yol vermiş piyadaların məsuliyyətə cəlb edilməsi hallarının azaldılması haqda fikirlər səsləndirilir və piyadalara təyin edilən cərimələrin məbləğinin artırılması təklif olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, piyadalara tətbiq edilən cərimənin miqdarı, zamanın tələbinə uyğun olaraq, 20 manat nəzərdə tutulub: "Mövcud durum əsas verir ki, piyadalara tətbiq edilən cərimənin məbləği yetərincədir”.

V.Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə qədər Bakıda 500-dən çox piyada inzibati məsuliyyətə cəlb olunub: "Ötən il 139 min piyada məsuliyyətə cəlb edilib. Yol hərəkəti zamanı piyadaların vurulması faktı xeyli azalıb. Buna səbəb tərəfimizdən piyadaların cərimələnməsi, nizam-intizamın yüksəldilməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına nəzarətin gücləndirilməsidir”. V.Əsədov bəzən piyadaların cərimələrdən yayınma hallarına da yol verdiklərini istisna etməyib. Bildirib ki, bu zaman məhkəmə vasitəsi ilə təyin edilmiş məbləğ vətəndaşdan alınır.

Yollarda piyada hərəkətinin təşkilinin biabırçı vəziyyətdə olduğundan gileylənən nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovun qənaətincə, biabırçılıq hətta o dərəcəyə çatıb ki, milyonlarla vəsait xərclənərək təmtəraqla istifadəyə verilən piyada keçidinə buranın keçid olduğunu bildirən yol nişanı qoymaq belə unudulub. Məsələn, Bakı şəhərinə Şimal istiqamətdən girişdə Tbilisi prospektində ilk yerüstü piyada keçidində və şəhərdəki xeyli sayda piyada keçidlərində belə nişanlar bu günə qədər də yoxdur. Özü də yerüstü və yeraltı piyada keçidləri elə təmtəraqla tikilir ki, onların dəbdəbəli ticarət obyektlərinin girişi, yoxsa piyada keçidi olduğunu müəyyən etmək çətindir. Dünyanın simvolların və sözlərin vasitəsi ilə idarə olunduğu indiki dövrdə belə vəziyyətin biabırçılıqdan başqa adı yoxdur: "Belə şəraitdə hər şeyi piyadaların intizamsızlığı ilə bağlamaq doğru deyil. Çünki həmin intizamsızlıq xeyli dərəcədə hərəkətin təşkilindəki qüsurların məntiqi nəticəsidir.

Piyadaların kütləvi intizamsızlığının başqa bir səbəbi onların məsuliyyəti ilə bağlı təcrübədəki çatışmazlıqdır. Ölkəmizdə belə bir yanlış yanaşma müşahidə olunur: cərimələr, başqa tənbeh və cəzalar artırılır, lakin məsuliyyətin labüdlüyü təmin edilmir. Piyadanın hərəkət qaydasını pozmasına görə cəriməni artıraraq 20 manat müəyyən ediblər. Amma vəziyyət dəyişmir. Çünki hamı bilir ki, bu cərimə hərdənbir, polisin yadına düşəndə tətbiq edilir, o da ki, baxır kimə. Lakin hər kəs bilsə ki, etdiyi qayda pozuntusuna görə cavab verməsi qaçılmaz olacaq, cərimənin miqdarı 1 manat da olsa, həmin qaydanı pozmaz. Ona görə də əsas diqqət məsuliyyətin qaçılmazlığının təmin edilməsinə yönəldilməlidir”.

Şəymən