Polkovnikdən sensasion açıqlama:“Ermənistan müharibəyə hazırlaşır”

"Azərbaycan Beynəlxalq Təşkilatları ayağa qaldırmalıdır ki, Ermənistan hökümətinə həm iqtisadi, həm siyasi, həm də hüquqi təzyiqlər göstərilsin. Çünki Ermənistan heç bir beynəlxalq normalara riayət etmədən Azərbaycan ərazilərində bu gün də hegemonluq iddiasından əl çəkmək istəmir”.
Bunu "Sherg.az”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Cəlil Xəlilov Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlər keçməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatıdır:
"İşğalçı ölkə danışıqlardan qaçmaq məqsədi güdür. Və separatçılıq iddialarından əl çəkmədiyini bir daha sübut etmək istəyir. 
Baxmayaraq ki, bu gün Ermənistan Azərbaycandan tələb edir ki, danışıqlara getməli, müharibəni dayandırmalı, konfliktləri aradan qaldırmalı, insan ölümlərinə yol verməməliyik. Lakin özü bu əməlləri ilə bir daha sübut edir ki, müharibəyə hazırlaşır. Azərbaycan ərazilərində hegemonluq iddiasındadır. Təbii ki, bunun qarşısını Azərbaycan ordusu təcili almalıdır. Müqavimət göstərməlidir”.
Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçir. ONA-nın Qarabağ muxbirinin xəbərinə görə, qoşunların təmas xəttinin Ağdam istiqamətində keçirilən təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir.
Hazırda erməni ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.
Sevda Ulutau